Bu maşınların hamısı «06»ya yol verməli idi - VİDEO

Öyrənək 24 Noyabr 2014 17:23 Oxunub 2933
Bu maşınların hamısı «06»ya yol verməli idi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquqşünas Ərşad Hüseynov yolayrıcında baş vermiş qəzanı şərh etdi

 

«Bu qəzanı ABS tormoz sistemi olmayan avtomobilin zəifliyinin əyani nümayişi də adlandırmaq olar»

 

Ötən həftə Sumqayıt şəhərində baş vermiş yol qəzasının videosunu yaymışdıq. 13-cü mikrorayon ərazisindəki svetoforla nizamlanmayan yolayrıclarında qeydə alınan bu hadisə ilə bağlı bildirmişdik ki, kimin günahkar olduğunu tezliklə açıqlayacağıq.
Bildirək ki, Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınmış bu qəzanın səbəbkarı artıq cəzasını alıb. «VAZ-2106» markalı avtomobil öz yolu ilə düzünə hərəkət edərkən soldan gələn «Mersedes» onun yoluna çıxır. Qəzadan yayınmağa çalışan «06»nın sürücüsü tormoz verir və qəzadan qismən yayınır. Əslində, bu hərəkətinə görə «06»nın sürücüsünü peşəkar sürücü adlandırmaq olar. Çünki həmin situasiyaya düşən hər sürücü dərhal çıxış yolu tapa bilmir. Amma «06»nın sürücüsü özünü itirmir və dərhal hərəkət edib istiqaməti dəyişdiyi üçün avtomobilin yalnız arxa hissəsi «Mersedes»ə toxunur. Amma düzünə dəymiş olsaydı heç şübhəsiz ki, həm «06»-nın ön tərəfi, həm də «Mersedes»in ortası əziləcəkdi.
Burada iki məqam var; «06» digər maşınları gözləməli idimi? Yoxsa, «Mersedes» və onunla birlikdə hərəkət edən avtomobillər nizamlanmayan yolayrıcında sağdan hərəkət edən «06»ya yol verməli idilər? Sosial şəbəkələrdə gedən müzakirələrdən bəlli oldu ki, əksəriyyət «06»nın sürücüsünün günahkar olmadığını düşünür. Eyni zamanda, onun günahkar olduğunu düşənənlər də var.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə Avtosfer.az-a bildirib ki, videoda aşkar şəkildə görünür ki, nizamlanmayan yolayrıcında soldan gələn, habelə sola və geriyə dönən nəqliyyat vasitələrinin sürücüləri yolayırıcını keçmə qaydasını kütləvi şəkildə pozurlar. Özü də bura dairəvi hərəkət təşkil olunmuş yox, adi yolayrıcıdır. Sadəcə olaraq kəsişən yollardan birinin geniş, bulvar tipli ayırıcı zolağı var. Həmin nəqliyyat vasitələrinin sürücülərinin hamısı “VAZ 2106” markalı avtomobilə yol verməli idilər. Lakin onlar yol vermirlər və sağdan yaxınlaşan “VAZ 2106” onların ən sağdakı ilə labüd olaraq toqquşur. Bu qəzada həqiqətən də, “VAZ 2106”-nın sürücüsünün hərəkətlərini təqdirəlayiq hesab etmək olar. Çünki o, vaxtında tormozlamaya başlamasaydı, daha ağır qəza baş verərdi. Lakin bu qəza “VAZ 2106”-nın zəif bir yerini də aşkar şəkildə göstərir. Videodan görünür ki, sürücü öz avtomobilini azacıq sağa döndərdikdən sonra sərt tormozlanma nəticəsində avtomobilin təkərləri tam bloklanır (kilidlənir). Nəticədə, “VAZ 2106” sürüşməyə başlayır, özü də tam bloklanmadan qabaq azacıq sağa dönmə olduğundan avtomobilin qabağı ilə müqayisədə daha yüngül olan arxası daha çox sürüşür. Nəticədə “VAZ 2106”-nın məhz arxa tərəfi “Mersedes”ə dəyir. Əminəm ki, «VAZ 2106»-da ABS tormoz sistemi olsaydı, təkərlər bloklanmazdı, avtomobil tormozlanmaqla bərabər həm də döndüyü istiqamətdə, özü də sürüşmədən hərəkət edərək dayanacaqdı və heç bir qəza baş verməyəcəkdi. Yəni bu qəzanı ABS tormoz sistemi olmayan avtomobilin zəifliyinin əyani nümayişi də adlandırmaq olar».

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh