Yol polisindən sığorta şirkətlərinə çağırış: «Maarifləndirməyə diqqət ayırın»
Öyrənək 4 Dekabr 2014 03:14 1281 dəfə oxunub
Yol polisindən sığorta şirkətlərinə çağırış: «Maarifləndirməyə diqqət ayırın»
Vaqif Əsədov: «Sürücülərin hesabına topladıqları vəsaitin bir hissəsini qəzaların qarşısını almaq üçün xərcləsələr, faydalı iş görərlər»

 

İcbari sığortadan yığılan sığorta haqlarının 1 faizi fonda keçirilməlidir

 

Avtomobillərin sayının artmasına paralel olaraq yol-nəqliyyat hadisələrinin sayı da artmaqdadır. Belə olan halda, avtomobil qəzalarının qarşısını almaq üçün hər kəs əlindən gələni etməyə borcludur. Bu istiqamətdə fəal olmaq hər bir vətəndaşın və müxtəlif ictimai təsisatların mənəvi borcudur. Amma elə qurumlar da var ki, yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirmək onların birbaşa funksional borcudur. Belə təsisatlar sırasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını həyata keçirən sığorta şirkətləri də var.

Bir müddət əvvəl «İcbari sığortalar haqqında» qanunun çox mühüm bir müddəasının icra olunmaması barədə məlumat vermişdik. Söhbət yol-nəqliyyat hadisələrinin baş verməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlərin, o cümlədən bununla bağlı təbliğat-təşviqat işlərinin maliyyələşdirilməsindən gedir. Həmin qanunda qarşısıalınma tədbirləri adlanan bu kimi işlərə konkret məbləğlərin ayrılması və bu vəsaitlərin təyinatı üzrə xərclənməsi göstərilir. Doğrudan da, hər hansı sığorta şirkətinin yol-nəqliyyat hadisələri ilə bağlı geniş miqyaslı təbliğat-təşviqat işinin şahidi olmamışıq. Düzdür, o şirkətlərdən bəziləri epizodik olaraq müəyyən tədbirlər təşkil edirlər. Lakin belə tədbirlər əslində həmin şirkətlərin reklamıdır. Qanunda isə söhbət ictimai əhəmiyyətli, geniş əhatəli təbliğat-təşviqat və maarifləndirmə işlərindən gedir. Görəsən, sığorta şirkətləri yol qəzalarının qarşısının alınması üçün Dövlət Yol Polisi ilə birlikdə nə kimi işlər görür? Sığorta şirkətləri qəzalarının sayının azaldılması üçün maarifləndirmə işlərinə dəstək verirmi?

Məsələyə münasibət bildirmək üçün, Bakı Şəhər DYP-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Vaqif Əsədova müraciət etdik. O, təəssüflə dedi ki, ölkədəki avtomobillərin və sürücülərin sayı artdıqca qəzalar da çoxalır. Bunun baş verməməsi üçün hər bir vətəndaş, hər bir idarə, təşkilat öz əlindən gələni etməlidir. Özü də bu iş əlaqələndirilmiş şəkildə, xüsusi tədbirlər planına uyğun olaraq həyata keçirilməlidir. Sözsüz ki, bu işdə avtomobil sığortası ilə məşğul olan şirkətlər öndə getməlidir. Onlar sürücülərin hesabına topladığı vəsaitin bir hissəsini qəzaların qarşısını almaq üçün xərcləsələr, cəmiyyət üçün çox faydalı iş görərlər. Bu xeyirxahlıqla yanaşı, onların özləri də bu işdən faydalana bilərlər. Aydın məsələdir ki, baş verən qəzalar sığorta şirkətlərini də ziyana salır, çünki onlar sığorta ödənişləri edirlər. Amma qəzalar az olsa, ödənişlərə xərclənən vəsaitlər şirkətlərin özünə qalar. Bu səbəbdən bütün sığorta şirkətlərini yol qəzalarının azaldılması istiqamətində təbliğat-təşviqat və maarifləndirmə işində fəal olmağa səsləyirəm. Xatırladıram ki, DİN-in 85 saylı Əmrinə əsasən, DYP yol hərəkəti sahəsində təbliğat-təşviqat işlərini apararkən müxtəlif ictimai qurumların, ayrı-ayrı idarə və təşkilatların, müxtəlif mütəxəssislərin köməyindən istifadə edə bilər. Sığorta şirkətlərinin bu vacib işdə fəal iştirakı bizim üçün də çox əhəmiyyətli olardı. Hesab edirəm ki, vətənimiz və xalqımız qarşısında öz məsuliyyətini dərk edən hər bir şirkət bu işdə fəal iştirak etməli, müxtəlif ictimai tədbirlərin keçirilməsi, maarifləndirici sosial çarxların, kitabların, broşürlərin, plakatların hazırlanması üçün vəsaitlər ayırmalıdır. Bu həm də qanuna hörmət olardı. Unutmaq olmaz ki, yol qəzalarında həlak olanlar bizim cəmtyyətin üzvüdür, bizlərdən biridir, bu dövlətin vətəndaşıdır. Elə isə cəmiyyətimizin heç bir üzvü təbliğat işində kənarda qalmamalıdır».

Məsələyə yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun da fikrini öyrəndik. Hüquqşünas Avtosfer.az-a bildirdi ki, «İcbari sığortalar haqqında» qanunda bu məqsədlər üçün qarşısıalınma tədbirləri fondunun formalaşdırılmalı olduğu nəzərdə tutulur. Qanunun tələbinə əsasən, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasından yığılan sığorta haqlarının 1%-i bu fonda keçirilməlidir. Söhbət kifayət qədər sanballı məbləğdən gedir. Ölkəmizdəki avtomobillərin sayını və sığorta haqqının məbləğini əsas götürərək hesablasaq, bu, bir il üçün təxminən 800-900 min manat deməkdir. Özü də həmin vəsait yalnız sığorta hadisələri hesab edilə bilən halların baş verməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlərin, o cümlədən bununla bağlı təbliğat-təşviqat işlərinin maliyyələşdirilməsinə yönəldilə bilər. Hesab edirəm ki, bu vəsaitlərdən səmərəli istifadə edərək yol hərəkəti iştirakçılarının maarifləndirilməsi, mümkün qəza risklərinin tədqiq edilərək aşkar olunması, cəmiyyətin, xüsusən sürücülərin diqqətinin həmin risk amillərinə yönəldilməsi, bu risk amillərinin aradan qaldırılması üçün əməli tədbirlər görülməsi və s. həyata keçirilə bilər.

Ərşad Hüseynov əlavə etdi ki, Milli Məclisin son iclasında «İcbari sığortalar haqqında» qanuna edilən dəyişikliklərdən biri bu işin həyata keçirilməsinə kömək edəcəkdir. Görünür, avtomobil qəzalarının qarşısının alınması üçün təbliğat-təşviqat fəaliyyətinin əvəzsiz olduğuna görə bu sahədəki durğunluğu aradan qaldırmaq məqsədi ilə  belə bir dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən, İcbari Sığortalar Bürosu özünün təsdiq etdiyi tədbirlər planına uyğun olaraq sığorta hadisələrinin sayının və dəyən zərərlərin azaldılması istiqamətində maarifləndirmə ilə əlaqədar həyata keçirilən tədbirləri maliyyələşdirməlidir. Deməli, yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədi ilə həyata keçirilən maarifləndirici tədbirlər də bu Büronun rəhbərliyi və nəzarəti altında həyata keçiriləcəkdir. Hər halda ümid edirik ki, bütün sığorta şirkətləri bu işə maraq göstərəcəklər, nəzərdə tutulan maliyyə vəsaitlərini vaxtında ayırmaqla, konkret tədbirləri dəstəkləməklə ölkəmizdə yol hərəkəti təhlükəsizliyinin yaxşılaşmasında fəal iştirak edəcəklər.

 

Elməddin Muradlı

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh