Sükan arxasında çay içib «Whatsapp»a girən avtobus sürücüləri – FOTOLAR

Avtoxəbər 5 May 2014 19:59 Oxunub 2218
Sükan arxasında çay içib «Whatsapp»a girən avtobus sürücüləri – FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Çoxusu da tibbi müayinədən keçməmiş sükan arxasında əyləşir; biri psix, biri nevroz»

Avtosfer.az saytında sükan arxasında SMS yazan avtobus sürücüsünün fotosunu yayımlayandan sonra bizə bu mövzu ilə bağlı maraqlı yazılar və fotolar göndərildi. Arzu Zeynallı adlı oxucumuz yazır: «Bir sürücü var, 108 nömrəli avtobusda, «rula» dirsəklənərək maşını dirsəyi ilə idarə edir. Bir əlində telefon qulağında, bir əlinə də əziyyət vermir, dirsəklənib sürür. Çoxusu da tibbi müayinədən keçməmiş sükan arxasında əyləşir. Biri psix, biri nevroz. Həyatımız beləcə etibarsız əllərdə qorxudan 100 cür xəstəlik qazanır».

Ayxan Səfərli adlı oxucu isə maraqlı bir fotoşəkil paylayıb. Ayxan yazır ki, çoxdandı marşruta minmir və indi minəndə çox şeyin dəyişdiyini görüb: «Sürücü «Whatsapp»-da yazişaraq avtobus sürür».

Mahir Qurbanzadə adlı oxucumuz isə lap yeni fotoları bizə göndərib. Mahirin dediyinə görə, bu fotoları «Şərq bazarı»ndan «20 Yanvar»a gedən 199 nömrəli avtobusda mayın 5-də günorta saatlarında çəkib. Fotolardan da görünür ki, sürücü əvvəlcə sükan arxasında armudu stəkanda çay içir. Sonra isə siqaret çəkməyə başlayır. Bütün bunlar isə Nəqliyyat Nazirliyi tərəfindən qadağan olunmuş əməllərdir. Amma sürücülər bu qadağaya heç cür əməl etmirlər. Nazirlik sürücülərin bu özbaşınalığına son qoymaq üçün avtobuslara kamera quraşdırıb. Amma avtobus sürücüləri bunun da çarəsini tapıblar. Sürücülər papaqlarını və ya dəsmallarını həmin kameraların üstünə atıb görüntünü məhdudlaşdırırlar.

Göründüyü kimi, belə kobud əməllərə yol verən sürücülərin əksəriyyəti gənclərdir. Avtobus sürə-sürə internetə girmək, SMS yazmaq, telefonla danışmaq, çay içib siqaret çəkmək kimi əməllər yəqin ki, dünyanın heç bir ölkəsində yoxdur. Və hansısa ölkədə bu barədə danışsaq, yəqin ki, bizə ən azından gülərlər…

Nəqliyyat naziri Ziya Məmmədov bir müddət əvvəl verdiyi açıqlamada etiraf etmişdi ki, avtobus sürücülərin özbaşınalığı onların ən «yaralı yeri»dir və bunun qarşısı almaq çətindir. Çünki nazir deyir ki, avtobus marşrutları özəl şirkətlərə məxsusdur və sürücüləri də həmin şirkətlər cəzalandırmalıdır. Elədirsə, Nəqliyyat Nazirliyi nəyə lazımdır? Lazımdırsa, işləmək də lazımdır. Amma hələ ki, avtobus sürücüləri ilə bağlı nəsə tədbir görüldüyünü yalnız sözlə deyirlər. Əməli iş görülsəydi, vəziyyət dəyişərdi…

Facebokk sosial şəbəkəsində «SANCAQ production» qrupunun yaydığı bu fotoya isə bir daha baxmağa dəyər. Fotoda avtobus sürücüsünün sükan arxasında mobil telefondan istifadə etməsi, sükanı isə yaddan çıxarması əks olunub. Lakin həmin vaxt avtobusun hərəkətdə olduğu dəqiq bilinmir. Qrup isə bu fotoya belə bir izah verib: «Belə avtobus sürücüləri də var, yüksək sürrətlə gedə gedə mesajlaşırlar. Onlara söz deyəndə isə bozarırlar. Elə bu cür sürücülərə görə avtoqəzalar olur».

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh