Araq içib sükan arxasına keçənlər - məsuliyyətsiz sürücülərin sayı çoxalıb

Öyrənək 30 Avqust 2018 14:18 Oxunub 4993
Araq içib sükan arxasına keçənlər - məsuliyyətsiz sürücülərin sayı çoxalıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elməddin Muradlı: "Sürücülər bilməlidir ki, rütbə, var-dövlət, bahalı maşın onları qorumayacaq"

Sürücülərin məsuliyyətsizliyi, sərxoş halda maşını idarə etməsi, dəhşətli yol qəzaları kimi neqativ hallarla çox rastlaşmışıq. Bu mənfi tendensiya azalmaq yerinə daha da çoxalır. Yol qəzaları, ölüm halları durmadan artmaqdadır.

Bütün bədbəxt hadisələrin başında isə sürücü məsuliyyətsizliyi dayanır. Yalnız özünün deyil, digər yol hərəkəti iştirakçılarının da həyatını təhlükə altına alan nə qədər sürücülər var. Yol qəzaları, yazılan cərimələr, ölüm hallarının sayının artması bir daha sübut edir ki, sürücülərin yol hərəkəti mədəniyyəti, məsuliyyəti yox dərəcəsindədir.

Dəfələrlə KİV-də, televiziyalarda, hətta müxtəlif sosial şəbəkələrdə maarifləndirici məlumatlar verilsə də, sürücü özbaşınalığı azalmaq bilmir ki, bilmir. Son illər ölkəmizdə "Ayıq sürücü” xidməti sərxoş sürücülər üçün nəzərdə tutulub. Amma bu xidmətdən az istifadə edilir, avtomobil sərxoş idarə olunur və hər şey faciə ilə bitir.

Bu günlərdə yenə sərxoş sürücülər aşkarlanıb. Quba və Siyəzən Dövlət Yol Polisi bölmələri avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə rayon ərazisində reyd keçirib. Reyd zamanı sürücülük hüququ olmadan, alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan sürücülər aşkarlanıb. Onlar arasında avtomobili sərxoş halda idarə edərək özünü və digərlərinin həyatını real təhlükə ilə üz-üzə qoyanlar da olub.

Mövzu ətrafında fikirlərini "Şərq”lə bölüşən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, elə sürücülər var ki, spirtli içki içdiyi zaman avtomobili daha yaxşı sürdüyünü deyir: 

"Görün özlərinə bəraət qazandıran nə qədər sürücülər var. Sərxoş vəziyyətdə nəqliyyatı idarə etmək məsuliyyəti daha da ağrılaşdırır. Elə etmək lazımdır ki, sürücülər səhv etdiklərinin fərqində olsunlar. Bəzi hallarda sürücülər ayıq halda qəza törədərlərsə, bunu öz aralarında həll edə bilərlər. Lakin qəza zamanı sürücünün içkili olduğu aşkarlanarsa və bədbəxt hadisə baş verərsə, bu, birbaşa cinayət məsuliyyəti deməkdir. Reyd zamanı bir nəfər sərxoş halda saxlanılıb və onun keçmiş polis işçisi olduğu müəyyən olunub. Bu şəxs özünə haqq qazandıraraq deyirdi ki, "mənim nə qədər xidmətlərim olub”. Həmin sürücünü başa salmaq olmur ki, sənin keçmiş polis işçisi olmağın o demək deyil ki, içkili şəkildə maşın idarə etməlisən. Sürücülərin əksəriyyəti dərk eləmir ki, ayıq sürücü xidmətindən istifadə edərək rahat şəkildə evinə gedə bilər. Beləliklə həm özünün, həm də digər insanların həyatını təhlükə altına almazlar. Düşünürəm ki, sürücülər səhvlərini dərk etsələr və özlərinə sual versələr, belə halların sayı azalar. Paytaxtımızda ayıq sürücü xidməti kifayət qədər çoxdur. Hətta bölgələrdə də bu xidmət var.

Sürücülər bilməlidir ki, rütbə, var-dövlət, bahalı maşın onları qorumayacaq. Bədbəxt hadisə hər kəsin başına gələ bilər. Elə bilirlər ki, maşında təhlükəsizlik sistemləri güclüdür və bahalı maşın sürürlər deyə onlara heç nə olmayacaq”.

Televiziyalarda DYP və ya müxtəlif ictimai təşkilatların sürücü məsuliyyəti, ümumiyyətlə, yol hərəkəti qaydaları ilə bağlı sosial çarxlar, roliklər hazırlanmasının müsbət hal olduğunu deyən E.Muradlı belə layihələrə ara verilməsinin tərəfdarı deyil: "Bəziləri düşünür ki, hazırlanan müxtəlif reklamların heç bir xeyri yoxdur. Sosial çarxlar, videoroliklərin effektiv olmaması fikri ilə razılaşmıram. Özünü, ailəsini düşünən insanlara belə reklamlar təsir edir. Amma sosial layihələrə fasilə vermək düzgün deyil. Çünki ara verən kimi xoşagəlməz hallar yaşanır. Ona görə də təbliğat işi fasiləsiz şəkildə davam etməlidir. Sosial çarxların effekti təbii ki, olacaq, amma televiziyaların bunu efirə verməsi sual doğurur”.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh