Üç piyadanı vuran 10 AS 509-un sürücüsü həbs olundu

Avtoxəbər 13 May 2014 15:09 Oxunub 3028
Üç piyadanı vuran 10 AS 509-un sürücüsü həbs olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil Səbail rayon icra başçısı müavininin xidməti maşınıdır, qəzanı isə sürücü törədib

Mayın 11-dən 12-nə keçən gecə Bakının Səbail rayonu ərazisində minik maşınının törətdiyi ağır qəza ilə bağlı yeni məlumatlar yayılıb. Artıq hadisəni törədən «Hundai» markalı, 10 AS 509 dövlət nömrə nişanlı avtomobilin sahibi də bəllidir.

Qeyd edək ki, Salyan şossesində yüksək sürətlə hərəkətdə olan 10 AS 509 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil yol kənarında dayanan piyadaları vurub. Nəticədə piyadalardan 1-i ölüb, 2-si isə Şəhər Kliki Xəstəxanasına çatdırılıb. Xəsarət alanlar Zəfər Xəlilov və Xalid Cəbrayılovdur. Ölənin kimliyi barədə hələ ki, məlumat verilməyib.

Avtosfer.az saytının apardığı araşdırmalar zamanı məlum olub ki, 10 AS 509 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil Səbail rayon İcra Hakimiyyətinin balansındadır. Yəni, avtomobilin rəsmi sahibi Səbail RİH-dir. Həmin avtomobil Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyevin xidməti maşınıdır. Hadisə baş verərkən sükan arxasında kimin olması maraqlıdır. Bəzi xəbər portallarında qəza baş verərkən avtomobilin Yavər Allahverdiyev tərəfindən idarə olunduğu barədə məlumat yayılıb. Lakin Səbail RİH-in şöbə müdiri İsrafil Kərimov Avtosfer.az saytına bildirdi ki, hadisə baş verərkən sükan arxasında Yavər Allahverdiyevin sürücüsü olub. Artıq sürücü həbs edilərək məsuliyyətə cəlb olunub.

Azxeber.com portalına sözügedən hadisə ilə bağlı daha bir sensassion məlumat daxil olub. Redaksiya əlaqə saxlayan və hadisənin şahidi olan Emil adlı vətəndaş baş verənləri danışıb: "Qəzanı törədən maşın təxminən saatda 130-140 km sürətlə hərəkət edirdi. Əgər mən də 20-30 metr qabaqda getsəydim, həmin maşın məni də vuracaqdı. O sürəti azaltmağın əvəzinə piyadaların üstünə doğru hərəkət etdi. İlk olaraq səkinin üstündə hərəkət edən 3 piyadanı vurdu. Daha sonra həmin sürətlə reklam lövhəsinə çırpıldı. Onun sürəti o qədər çox idi ki, hətta avtomobil reklam lövhəsinə dəydikdən sonra 3-4 metr hündürlüyə qədər göyə qalxdı. Sonda isə 5-6 metr irəliyə gedib dayandı”.

Hadisə şahidinin sözlərinə görə, avtomobili idarə edən şəxs elə Yavər Allahverdiyevin özü olub: «Mənim gördüyüm adam sizin hadisə ilə bağlı verdiyiniz sonuncu xəbərdəki şəkillə eynidir. Mən tez yaralılara kömək etməyə qaçdım. Demək olar ki, onlara heç kim kömək etmirdi. Bir neçə dəfə təcili yardıma da zəng vurdum. Onlar isə hadisə yerinə çox gec gəldilər. Demək olar ki, hadisə ilə maraqlanmaq da istəmirdirlər. Piyadalardan biri artıq keçinmişdi. Digərlərinin vəziyyəti isə çox ağır idi”.

O, Yavər Allahverdiyevin hadisədən sonra kiməsə zəng etdiyini və bir müddət sonra "909” nömrəli ağ rəngli «Land Gruiser» markalı avtomobilin hadisə yerinə gəldiyini söyləyib: "Əvvəli yadımdan çıxıb. Amma sonu "909”la bitən ağ rəngli «Land Gruiser» onun zəngindən bir müddət sonra hadisə yerinə gəldi. «Land Gruiser» əzilən maşının yanındaca dayandı və onlar nəsə aralarında söhbət etməyə başladılar. Onu da deyim ki, onların ilk işi avtomobilin nömrəsini çıxarıb, gizlətmələri oldu.”

Hadisə şahidi deyir ki, piyadalardan birinin anasının hadisə yerindəcə ürəyi gedib:

«Xəsarət alan piyadalardan birinin anasının fəryadı hələ də qulaqlarımdadır. Çox ağrılı və gözyaşardıcı hadisə idi».

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Qasim 10 Noyabr 2014 22:55
Meqalenin sonunda yazilan sahid ifadesi deyil ee isveren ifadesidi. Adamin meqsedi hadiseni aydinlasdirmaq yox ele illahide Yaveri qaralamaqdi, tecili yardimin yaxsi islememisidi, ne bilim dovletin berbad olmasini gostermekdi.