Şəkidə yol hərəkəti qaydaları üzrə təbliğat davam edir - FOTO

Öyrənək 22 Oktyabr 2018 01:05 Oxunub 2631
Şəkidə yol hərəkəti qaydaları üzrə təbliğat davam edir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyadaların intizamının artırılmasına dair maarifləndirmə işi aparılır

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Təbliğat və Təşviqat Üzrə İnspektoru, polis baş leytenantı Tural Niftalıyev yol hərəkəti qaydalarının təbliği və təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti tədbir Şəki Dövlət Texniki Kollecində keçirilib. Tədbir zamanı tələbələrə “Yol hərəkəti haqqında” Qanunun 40-cı maddəsi - “Piyadanın vəzifələri” barədə ətraflı məlumatlar verilib və onları maraqlandıran suallar cavablandırılıb. Tələbələrə küçə və yollarda hərəkət edərkən mobil telefondan, qulaqlıqlardan istifadə etməmələri tövsiyyə edilib. Belə ki, küçə və yollarda hərəkət edən zaman qulaqlıqdan istifadə edərək mobil telefonla danışarkən və ya musiqiyə qulaq asarkən yaxınlaşan nəqliyyat vasitələrinin səsinin eşidilməməsi, bununla da, piyadaların özlərinin və nəqliyyat vasitələrinin sürücülərinin həyat və sağlamlığını təhlükə altına salmaları xüsusi vurğulanıb.
Polis baş leytenantı Tural Niftalıyev kollecin giriş-çıxış qapısının yanında və ya dəhlizində daha aydın görünən yerdə asılması üçün “Piyadanın vəzifələri” yazılmış DYP guşəsini təhsil müəssisəsinin rəhbərliyinə təqdim edib.
Qeyd olunub ki, görülmüş bütün bu tədbirlər insanların həyat və sağlamlığının qorunmasına xidmət edir.
Şəki Dövlət Texniki Kollecinin direktoru Oxşar Sədiyev tələbələrlə bu cür maarifləndirici görüş keçirdiyinə görə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin inspektoru Tural Niftalıyevə öz minnətdarlığını bildirib.
Tural Niftalıyev bildirib ki, Şəki Dövlət Texniki Kolleci avtomobil yolunun hərəkət hissəsinə yaxın məsafədə yerləşdiyi üçün bu kollecdə təhsil alan tələbələr yol hərəkəti qaydalarının öyrənilməsinə və əməl edilməsinə daha ciddi yanaşmalıdırlar.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh