Yollarda problem az idi, zibil maşınları da bir yandan çıxdı - VİDEO

Avtoxəbər 17 May 2014 00:53 Oxunub 5542
Yollarda problem az idi, zibil maşınları da bir yandan çıxdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tahir Rzayev: «Hərəkətin intensiv olduğu vaxtda tullantı daşıyan maşınların şəhərdə görünməsi yaxşı hal deyil»

 

Yalçın Məhərrəmov: «Tullantıların daşınmasında əsas problem əhali ilə bağlıdır»

 

Təmiz ekoloji şəraitin formalaşdırılması üçün şəhərimizdə tullantıların vaxtlı- vaxtında daşınması vacibdir. Amma şəhərdə nəqliyyatın hərəkətinin sıx olduğu, gediş-gəlişin intensivləşdiyi bir vaxtda zibil daşıyan maşınların işə başlaması ətrafdakılar tərəfindən heç də yaxşı qarşılanmır. Çünki tullantıların daşınması üçün müəyyən vaxt var ki, bu qaydalara əməl olunmalıdır. Birincisi, iri tutumlu zibil maşınları başqa nəqliyyat vasitələrinə problem yaradır, ikincisi ilə onların daşıdığı zibilin qoxusu hər kəsi narahat edir. Məsələnin başqa bir tərəfi isə odur ki, bəzən zibil yığanlar zibil qutularının ətrafına atılmış tullantıları yığmır. Çünki bu sahə ilə bir neçə qurum məşğul olur. «JEK»in də zibilyığanı var, başqa müəssisələrin də. Birinə desən ki, zibil qutularının ətrafındakı zibilləri də yığmaq lazımdır, dərhal cavab alacaqsan ki, «bu, bizim işimiz deyil». Beləcə, ötür-ötür oyunu başlayır və zibillər də qalaqlanıb əhalinin gediş-gəlişinə, sağlamlığına əngəl törədir.

«Üç nöqtə»nin bu mövzu ilə bağlı suallarını cavablandıran millət vəkili Tahir Rzayev deyir ki, məişət tullantıları gediş-gəliş məhdud olduğu sakit vaxtda daşınmalıdır: «Belə olan halda həm insanların narazılığına səbəb olmaz, həm də nəqliyyatın hərəkətinə maneçilik törətməz. Hərəkətin intensiv olduğu vaxtda tullantı daşıyan maşınların şəhərdə görünməsi heç də yaxşı hal deyil. Nə isə fövqəladə hal ola bilər ki, bu zaman daşınmalıdır. Amma hərəkətin sıx olduğu vaxtlarda, iş vaxtı zibillərin daşınmasını məqsədəuyğun hesab etmirəm”.

Millət vəkili bildirdi ki, əhalinin bu sahədə müəyyən qədər maarifləndirilməsi vacibdir: «Bir neçə il əvvəl Almaniyanın Hannover şəhərində olduq. Bizi məişət tullantılarının zərərsizləşdirilməsi zavoduna apardılar. Orada məlum oldu ki, həmin zavod çox yüksək gəlirlə işləyir. Nəinki Almaniya, dünyanın bir çox ölkələrində bu zavodların filialları yaradılıb. Bunlar məişət tullantılarından müxtəlif adda məhsullar əldə edirlər. Bildirdilər ki, Almaniyada insanlar zibilləri ayrı-ayrı qutulara atırlar və sonradan təkrar istehsala gedir. Elə hallar var ki, hətta bunun üçün zibili yığan müəssisələrə, müəyyən insanlara belə zavod pul və ya ərzaq verir. Azərbaycanda zibilin daşınması, zərərsizləşdirilməsi üçün xeyli pul xərclənsə də, bunun müqabilində həmin müəssisələrə heç nə verilmir. Maarifləndirilmədən çox şey asılıdır. İnsan bilməlidir ki, zibilin küçəyə atılması və ya müəyyən yerlərə qoyulması onun səhhəti üçün ziyandır. Tullantıları zibil qabına çox da yaxın olmayan yerə atıb gedirlər. İt-pişik də həmin zibili küçəyə dağıdır. Məişət tullantılarını yığan adamların borcudur ki, bütün tullantıları yığsın. Amma zibil qabından 5-10 metr uzağa tökülən zibilləri yığmağa vaxt çatmaz. Əslində o işçilərin vəzifəsi xüsusi qutuladakı zibilləri götürməkdir”.

«Mənzil Kommunal Departamenti Kommunal Xidmətlər Müəssisəsi» MMC-nin hüquqşünası Yalçın Məhərrəmov isə bildirdi ki, Bakı şəhərində bərk məişət tullantılarının daşınması Bakı Şəhər İcra Hakimiyyətinə aid olan işdir: «Sturuktur bölməsi olaraq bizim müəssisə Kommunal Təsərrüfat Departamentinin nəzdində fəaliyyət göstərir. MMC olmasına baxmayaraq bu, bir dövlət qurumudur. Tullantıdaşıyan maşınlarımız hər gün saat 19.00-dən sonra işə çıxır. Şəhərdə olan tıxacları nəzərə alaraq iri tutumlu maşınlarla yanaşı, 4 ədəd xırda tutumlu maşınımız da var ki, şəhərin dar küçələri ilə keçə bilirlər. Gündüz bəzi vaxtlarda həmin xırda tutumlu maşınlar işləyir. Tıxaclar əlaqədar maşınlarımız əsasən gecə saatlarında işləyir. Səhər saat 8-ə qədər bütün şəhərdəki zibilləri daşıyırıq. Tullantılar vaxtlı-vaxtında yığılır. Ola bilməz ki, bizim tullantı yığan maşınlarımız hansısa küçəyə və ya uzaq məhəlləyə həftədə bir dəfə getsin. Qışda qar yağanda şəhərin elə yerləri var ki, orada maşının hərəkət etməsi qeyri-mümkün olur. Amma əraziyə duz və ya qum səpiləndən sonra bizim maşınlar ora daxil olurlar. Uzağı bir gün getməyə bilərlər».

Y.Məhərrəmovun sözlərinə görə, daşınan zibillər “ldquo;Təmiz şəhər ASC”-yə təhvil verilir: «Əgər maşınlardan hansısa xarab olursa, ehtiyat maşınlarımız işə çıxırlar».

MMC rəsmisi deyir ki, zibil qablarının yanına qoyulan böyük tipli əşyaları götürmək Kommunal Xidmətlər Müəssisəsinin işi deyil: “Müqaviləmizdə göstərilir ki, zibil konteynerlərindəki zibili daşımalıyıq. Həmin konteynerlərin içərisindəki zibili götürüb “Təmiz şəhər ASC”-yə təhvil verənə qədər məsuliyyət bizim boynumuzdadır. Qanunla konteynerlərin ətrafına tökülən zibilləri ərazi üzrə Mənzil Kommunal Təsərrüfatı İdarəsi təmizləməlidir”. Hüquqşünas bildirdi ki, müəssisədə hərbi xidməti keçmiş, ümumilikdə hərbi xidmət üçün yararlı şəxslər işə götürülür: “Konteynerlər çox ağırdır deyə, hər adam onu götürə bilməz. Sağlam və işləmək istəyən şəxslər bizdə çalışırlar. Hər bir rayon üzrə sahə rəislərimiz var ki, işçiləri hər gün işə çıxmazdan öncə təlimatlandırılırlar”.

Hüquqşünas deyir ki, tullantıların daşınmasında əsas problem əhali ilə bağlıdır: “Gecə saatlarına şəhərin mərkəzi hissələrində tullantı daşıyan maşınların hərəkət etməsində çətinliklər olur. Gecə klubları, əyləncə mərkəzlərinin yanında maşınları elə saxlayırlar ki, bizim maşınlar ora daxil ola bilmir. Buna görə də, bizim sürücü və fəhlərər 2 saata qədər gözləyirlər ki, həmin şəxs gedəndən sonra tullantıları yığsınlar. Əgər zibillərinin vaxtında götürülməsini istəyirlərsə, maşınlarını elə yerdə saxlasınlar ki, bizim maşınlar vaxtlı-vaxtında zibilləri yığa bilsin. Ən azından zibil qablarının yanında maşın saxlamasınlar ki, bizim maşınlar əraziyə daxil ola bilsin. Qışda yenə bunu ötüşdürmək olur. Amma yayda zibil iylənir deyə vaxtında təmizlənməlidir. Bizdə bütün maşınların hərəkət mexanizminə nəzarət olunur. Hansı maşın xəttən çıxsa, biz artıq onu kompüterdə dərhal görürük”.

Əhalinin bu sahədə maarifləndiriliməsinin vacib olduğunu deyən hüquqşünas bildirdi ki, ilk öncə təmizliyə nəzarət insanlardan başlamalıdır: “Çox adam zibili qaba atmır. Uzaqdan durub qab tərəfə atır. Düşsə düşəcək, düşməsə ətrafa səpələnəcək».

Y.Məhərrəmov onu da deyib ki, tullantıların ayrı-ayrı yığılıb təkrar emala getməsi üçün şəhərin mərkəzi küçələrində xüsusi qutular yerləşdirilsə də, onlara zibilləri ayrı-ayrılıqda atan olmayıb. «“Təmiz şəhər” ASC-də poliqon, çeşidləmə və yandırma bölmələri var. Şəhərin mərkəzindən çıxan zibil təkrar istehsal üçün çeşidlənməyə gedir. Bu, bizdə var. Amma biri var tullantılar ayrı-ayrılıqda götürülsün və təkrar emala getsin. Biri də var, ümumi yığılan zibillər sonradan çeşidlənib təkrar emal olunsun. Buna görə biz çox hallarda biz yandırmaya göndəririk. Çünki zibillərin hamısı qarışıq olduğuna görə çeşidlənib təkrar istehsala getməsi alınmır”.

Yalçın Məhərrəmov əhalinin etdiyi şikayətlər barədə də danışdı: «Deyirlər ki, niyə gecə saat 11-12-də gəlib zibilləri götürürlər? Belə şikayətlər çox olur. Elələri də var ki, deyir, bizim zibilləri səhər saat 8-dən sonra gəlin götürün».

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh