Azərbaycan “Formula-1” üçün 60 milyon dollar xərcləyəcək?
Yarışma 31 Yanvar 2019 20:50 360 dəfə oxunub
Azərbaycan “Formula-1” üçün 60 milyon dollar xərcləyəcək?
Müqavilənin şərtləri tamamilə məxfidir və heç bir şəkildə rəsmən açıqlana bilməz

Bakıdakı "Formula-1" yarışını təşkil edən "Baku City Circuit" Rusiyanın "Kommersant" qəzetində dərc olunmuş yazı ilə bağlı bəyanat yayıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, həmin yazıda iddia olunur ki, ölkəmiz 2019-cu ildə Bakıda Azərbaycan Qran Prisinin keçirilməsi üçün 60 milyon dollar ödəyəcək.

"Rusiya KİV-ində dərc olunan məlumat qeyri-rəsmidir və heç bir əsası yoxdur. Müqavilənin şərtləri tamamilə məxfidir və heç bir şəkildə rəsmən açıqlana bilməz.

Onu da bildiririk ki, müqavilə üzrə “Formula-1”in rəhbərliyi ilə aramızda heç bir uyğunsuzluq olmayıb və Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlı bütün məsələlər konstruktiv dialoq yolu ilə həll olunur", - deyə bəyanatda bildirilir.

**12:39

2019-cu ildə keçiriləcək “Formula-1” yarışı üçün Bakı 60 milyon dollar ödəyəcək. Bu barədə Rusiyanın "Kommersant" qəzeti məlumat yayıb. "Azərbaycandakı yarış təxminən 60 milyon dollara başa gələcək. Özü də hər növbəti mərhələ, hələ Berni Ekklstounun vaxtında tətbiq olunan qaydalara əsasən (2017-ci ilə qədər "Formula-1"ə məhz o, rəhbərlik edib), əvvəlkidən 5-10% daha baha olacaq”, - deyə nəşr vurğulayıb. Bildirilir ki, Böyük Britaniyanın paytaxtı Londonda “Formula-1” Promouterləri Assosiasiyasının (FOPA) iclası olub. Orada 21 promouterdən 16-sı (FOPA-ya Rusiya, Monako, Bəhreyn, BƏƏ və Yaponiya daxil deyil) iştirak edib. Onlar “Liberti Media” əleyhinə bəyanat yayaraq bu qurumun iş prinsiplərini tənqid ediblər.

Assosiasiya dünyanın ən nüfuzlu yarış seriyasının gələcəyinə dair narahatlığını ifadə edərək, onun sahibini - Amerikanın “Liberti Media” şirkətini, mərhələlərin təşkilatçıları ilə münasibətlərdə daha çevik bir yanaşma əldə etməyə çağırıb. FOPA-nın iddialarının mahiyyəti, yarışların keçirilməsi hüququ üçün illik ödənişlərin əhəmiyyətli dərəcədə azaldılmasıdır.

Promouterlərlə bağlı müqavilələrinin dəqiq dəyəri açıqlanmır. Bununla belə iddia olunur ki, sentyabrın 29-da Rusiyanın Soçi şəhərində keçiriləcək yarış təxminən 45 milyon dollara başa gələcək. Halbuki ortalama rəqəm 30,7 milyon dollar olmalıdır. Bununla belə, Rusiya promouterləri “Formula-1” brendinin hazırkı sahibi “Liberti Media”nın qoyduğu qiymətdən narazı deyillər.

Nəşrin məlumatına görə, başqa mərhələləri təşkil edənləri belə sülhpərvər mövqeyə köklənməyiblər və son halda “Liberti Media” ilə razılaşmaları uzatmamağa hazırdırlar...

Yeri gəlmişkən, bu il aprelin 26-28-də dördüncü dəfə keçiriləcək “Formula-1” Azərbaycan Qran-Prisi üçün yerli media nümayəndələrinin akkreditasiyasına dair sənəd qəbulu davam edir. Proses fevralın 28-də saat 17:00-da başa çatacaq.

Onu da qeyd edək ki, Azərbaycan Qran-Prisi də daxil olmaqla, bütövlükdə 2019-cu il “Formula-1” dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur.

Yerli media nümayəndələrinin yarışa qeydiyyatı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) vasitəçiliyi ilə həyata keçirilir. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-in rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh