Sabiq polis əməkdaşının məhkəməsində şahid dindirilib
Gündəm 15 Aprel 2019 12:57 164 dəfə oxunub
Sabiq polis əməkdaşının məhkəməsində şahid dindirilib
Növbəti məhkəmə iclası aprelin 22-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində zərərçəkmiş Elvar Xəlilovun bacısı Təzəgül Xəlilova ifadə verib. O deyib ki, qardaşı həbs edilməmişdən əvvəl və həbs ediləndə də Z.Məmmədovla görüşüb.

O deyib ki, E.Xəlilov həbs edilən zaman borc pul tapıb Z.Məmmədova veriblər: "Lakin Zakir Məmmədov verdiyi vədə əməl etmədi".

Z.Məmmədov isə bildirib ki, o, sadəcə olaraq, T.Xəlilovanı müstəntiq Vüqar Abbasovla görüşdürüb. T.Xəlilova isə qeyd edib ki, Z.Məmmədovla görüşü məhz bu işin həlli ilə bağlı olub və pulu da həmin məqsədlə verib.

Məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlayıb.

Növbəti məhkəmə iclası aprelin 22-nə təyin edilib.

İttiham aktına əsasən, Z.Məmmədov Qaradağ Rayon Polis İdarəsində işləyən zaman tanışı, həmin zaman həbsdə olan Elvar Xəlilov ona zəng edib. E.Xəlilov zəng edən zaman həyat yoldaşından 4 min manat pulu götürərək, onunla birgə aparıb Səbail Rayon Polis İdarəsinin sabiq müstəntiqi Vüqar Abbasova verməsini xahiş edib. Z.Məmmədov da onun xahişini yerinə yetirib.

Bir müddət keçəndən sonra V.Abbasov iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri Akif Rəhimovun qəza törətmiş oğlu Rəhim Rəhimovun cinayət işi ilə bağlı vəzifəsindən kənarlaşdırılıb. Daha sonra o, ölkədən qaçıb.

E.Xəlilov həbsdən çıxandan sonra Z.Məmmədovdan hüquq-mühafizə orqanlarına şikayət edib.

Z.Məmmədovun barəsində dələduzluq və rüşvətə təhrik etmə maddələri ilə cinayət işi başlanılıb. Məhkəmə qərarı ilə onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

E.Xəlilov iş üzrə şahid qismində tanınır. Xatırladaq ki, E.Xəlilov dələduzluqda təqsirləndirilən Səbail Rayon Polis İdarəsinin müstəntiqinin sabiq köməkçisi Enur Babayevin cinayət işi üzrə zərərçəkmiş qismində tanınır. Həmin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sərədrliyi ilə araşdırılır. Bu iş üzrə iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri A.Rəhimov da zərərçəkmiş qismində tanınır. E.Babayev A.Rəhimovdan dələduzluq yolu ilə, ümumilikdə, 52500 manat pul alıb. Həmin pulun qarşılığında isə o, A.Rəhimovun oğlu R.Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə saxta rəy çıxaracağı vədi verib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh