Avtomobillərdə pərdə mövsümü başlayır – Oxuyun ki, səhv etməyəsiniz
Öyrənək 29 Aprel 2019 13:45 4477 dəfə oxunub
Avtomobillərdə pərdə mövsümü başlayır – Oxuyun ki, səhv etməyəsiniz
Yol polisi sürücünü aprelin 30-u saxlayıb cərimə edir. Bir gün sonra isə...

Mayın 1-dən başlayaraq avtomobillərdə jalüzlərin istifadəsinə icazə veriləcək. Avtosfer.az xəbər verir ki, yalnız standartlara uyğun olan və sənaye üsulu ilə hazırlanan jalüzlərdən istifadə etmək olar. Belə ki, ölkə ərazisində idarə olunan minik avtomobillərinin arxa sağ-sol qapı şüşələrinə sənaye üsulu ilə hazırlanmış, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edilən standartlara cavab verən jalüz tiplu pərdələrin istifadəsinə icazə verilib. Burada plyonka və teatral, yəni tünd pərdələrdən söhbət getmir. Havaların isti keçməsindən istifadə edən bəzi sürücülər avtomobilin arxa yan şüşələrində buqələmun, güzgü və müxtəlif rəng çalarlarından istifadə etməyə üstünlük verir ki, bu da yolverilməz haldır. Burada söhbət yalnız standartlara uyğun və sənaye üsulu ilə hazırlanmış jalüzlərin istifadəsindən gedir. Təbii ki, tələbləri pozan sürücülər 150 manat məbləğində cərimə olunacaqlar. Pərdə və jalüzlərdən istifadə 15 noyabr tarixinə qədər qüvvədə olacaq. Avtomobilin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan və kustar üsulla hazırlanan pərdə, jalüz, plyonkalar inzibati məsuliyyət yaradır.

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı hesab edir ki, məsələyə bu cür yanaşma dünya statndartlarına uyğun deyil. “Biz Avropa İqtisadi Komissiyasının qərarlarını oxuyuruq, başa düşürük. Orada hər şey aydın yazılıb. Sadəcə, bu cür qaydaları Azərbaycanda da tətbiq etmək lazımdır. beynəlxalq qanunlarda bu cür yanaşma yoxdur. Düşünürəm ki, bu qadağa ləğv edilməlidir. Çünki qadağanın mahiyyəti bəlli deyil. Əgər hər hansı təhlükə yaradırsa, bu, yayda da yarada bilər. Yox, əgər, sürücünün rahatlığı üçündürsə o zaman ümumiyyətlə, bu qadağanı aradan qaldırmaq lazımdır.”

Ekspert hesab edir ki, bu qadağa sürücülərlə yol polisi arasında yersiz mübahisələrə səbəb olur. “Görürsən ki, yol polisi sürücünü aprelin 30-u saxlayıb pərdə vurduğu üçün cərimə edir. Bir gün sonra isə bu məsələdə problem yoxdur. Yəni deməyim odur ki, burada ümumi bir məntiqsizlik var. Xarici ölkələrdə avtomobilin arxan yan şüşələrinə pərdə, jalüz, plyonka və s. vurulması sürücünün öz ixtiyarındadır. Düşünürəm ki, bizdə də belə olsa yaxşı olar”.

Orxan Əli

ŞƏRH YAZ
Ad
E-mail
Şərh