Son 3 ayın “yol terroru” - 23,1 milyon manat məbləğində CƏRİMƏ
Qaydalar 8 May 2019 12:27 208 dəfə oxunub
Son 3 ayın “yol terroru” - 23,1 milyon manat məbləğində CƏRİMƏ
Bu il Azərbaycanda yol qəzalarında 142 nəfər ölüb, 342 nəfər yaralanıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın avtomobil yollarında baş verən qəzalar nəticəsində 142 nəfər ölüb, 342 nəfər isə yaralanıb. Bu barədə Avtosfer.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu müddət ərzində, ölkədə ümumilikdə, 374 yol qəzası baş verib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 4,2 faiz azalaraq 484 nəfər olub. Onlardan 142-si həlak olub, 342-si isə yaralanıb. Hadisələrin 43,3 faizi gündüz, 36,9 faizi gecə, 19,8 faizi isə toran vaxtı baş verib, 26,7 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 89,3 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 26,5 faiz azalaraq 100 nəfər, yaralananların sayı isə 1,2 faiz artaraq 332 nəfər olub.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 78,9 faizini, yaralananların isə 75,7 faizini kişilər təşkil edib. Bütün yol-nəqliyyat hadisələrinin 48,1 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,0 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 29,7 faizi (5,1 faiz az) bir neçə nəqliyyat vasitəsinin, 22,2 faizi (40,7 faiz çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 7 hadisə baş verib, nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Hadisələr minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

2019-cu ilin yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanan inzibati xətaların sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 10,8 faiz azalaraq 701,6 min olub. Xətaların 42,4 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,4 faiz az), 11,5 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (1,2 faiz az), 8,3 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (44,3 faiz az), 7,5 faizi dayanma və ya durma qaydalarının pozulması (47,0 faiz az), 4,2 faizi icbari sığorta müqaviləsinin bağlanmaması (15,7 faiz az), 3,8 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (29,0 faiz çox), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qaydaların pozulmasına görə 23,1 milyon manat məbləğində cərimələr tətbiq edilib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh