"Volkswagen" və "VAZ" avtomobilləri 2 min manatdan satışa çıxarılacaq - Bakıda

Avtobazar 13 May 2019 12:34 Oxunub 1724
"Volkswagen" və "VAZ" avtomobilləri 2 min manatdan satışa çıxarılacaq - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərrac iyunun 11-i keçiriləcək

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri iyunun 11-i keçiriləcək. Avtosfer.az Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, fərqli sahələr üzrə ümumilikdə 102 dövlət əmlakı budəfəki hərraca çıxarılıb. Onlardan 40-ı kiçik dövlət müəssisə və obyekti, 19-u qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 14-ü nəqliyyat vasitəsi, 6-sı isə yarımçıq tikilidir.

Bu dəfə hərraca çıxarılan kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 12 kv.m ilə 3 min 101 kv.m arasındadır. Onlar arasında torpaq sahəsi ilə birgə özəlləşdirilən dövlət əmlakları kifayət qədərdir. Bu tip obyektlərin ilkin hərrac qiymətləri həm torpaq sahəsi və tikili üzrə ayrıca, həm də ümumi formada qeyd olunub. Uğurlu fəaliyyət potensialı olan dövlət əmlaklarından biri Gəncə şəhərində yerləşən kinoteatrdır. Nizami rayonu, Cavadxan küçəsindəki bu obyektin ümumi faydalı sahəsi 143 kv.m-dir. Dövlət əmlakının fəaliyyətinin müasir formada bərpası onu xidmət sahəsində gəlirli obyektə çevirə bilər. Qeyd edək ki, kiçik dövlət müəssisəsi 978.7 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb.

Hərraca çıxarılan qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 9.2 kv.m ilə 127.4 kv.m arasındadır. Biznes fəaliyyəti üzrə ofis və ya xidmət obyekti axtaran şəxslər bu dövlət əmlakları üzrə seçim edə bilər. Qeyri-yaşayış sahələrindən 9-u paytaxtda, 3-ü Sumqayıtda, digərləri isə Gəncə, Bərdə, Daşkəsən, Ağdam və Şirvandadır.

Özəlləşdirilməsi nəzərdə tutulan səhmdar cəmiyyətləri Bakı, Mingəçevir, Yevlax, Ağcabədi kimi şəhər və rayonlarda yerləşir. Bu səhmdar cəmiyyətlərin 30-45%-lik intervalda səhm paketləri prosesə çıxarılıb.

11 iyun hərracında vətəndaşların istehsal tarixi 1985-2009-cu illər olan nəqliyyat vasitələri üzrə seçim imkanı var. Volkswagen, UAZ, VAZ və digər markalara aid avtomobillərin ilkin hərrac qiymətləri 2 min manat ilə 7 min 500 manat arasındadır.

Hərracda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytından (emdk.gov.az) və Özəlləşdirmə portalından (privatization.az) dövlət əmlakları üzrə seçim edə bilər. Seçdiyi dövlət əmlakı üzrə keçiddə qeydiyyatdan keçib, ilkin qiymətin 10%-ni ödəyən şəxs hərracda iştirak statusu qazanır.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh