Piyadalar niyə vurulur? - Ekspert izah edir
Öyrənək 22 May 2019 10:30 203 dəfə oxunub
Piyadalar niyə vurulur? - Ekspert izah edir
Təxirəsalınmaz işlər görmək lazımdır

Ölkəmizin küçə və yollarında piyadaların təhlükəsizliyinin təmin edilməsi zərurəti hər zaman aktual olub. Son günlər bu mövzuda müzakirələri, xüsusən də piyada vurulması ilə bağlı qorxunc statistikanı nəzərə alıb piyada təhlükəsizliyinin təmini ilə bağlı aşağıdakı məqamları vurğulamaq istəyirəm:

1. Piyadaların şüurunda və dünyagörüşündə “ÖZÜNÜ QORU!” prinsipinin möhkəmləndirilməsi istiqamətində maarifləndirmə, təbliğat və təşviqat işləri aparılmalıdır. Bu qızıl prinsip hər kəsin həyat tərzinə çevrilməlidir. Nəinki bərbad yol şəraitində, hətta yol hərəkətinin ən mükəmməl təşkil edildiyi, əla infrastruktur olan yerdə də özünü qorumayan (məsələn, dəmir arkəsmədən keçib hərəkət hissəsinə çıxan, qırmızı işıqda yolu keçən, qəflətən keçidə daxil olan, qulaqlıqla ətrafdan təcrid edilmiş vəziyyətdə hərəkət hissəsi ilə gedən və s.) piyadanın avtomobillə vurması ehtimalı çox yüksəkdir.

2. Küçə və yolların qaranlıq vaxtı işıqlandırılması təmin edilməlidir. Əlimdə rəsmi statistika olmasa da, təxmini hesablamalarıma əsasən, yollarda hərəkətliliyin yay vaxtı təxminən 20%-i, qış vaxtı isə 30-35%-i sutkanın qaranlıq vaxtına düşür. Amma piyada vurulması hadisələrinin təxminən 50%-i məhz qaranlıq vaxtı baş verir. Bu tərs mütanasibliyin əsas səbəbi qaranlıq küçələrdir. Piyada təhlükəsizliyinin ikinci qızıl prinsipi piyadanı sürücü üçün görünən etməkdir. Bunun da ən yaxşı yolu qaranlıq vaxtı yolları işıqlandırmaqdır. Ona görə də təcili olaraq ən ucqar yaşayış məntəqələrində də küçə və yolların tam olaraq işıqlandırılması təmin edilməlidir. Ən azından ilk mərhələdə bütün piyada keçidlərinin işıqlandırılmasına nail olunmalıdır.

3. Bəzi yerlərdə piyadaların təhlükəsiz və rahat hərəkəti üçün səki yoxdur. Nəinki ucqar kəndlərin, hətta Bakıətrafı kənd və qəsəbələrin, rayon mərkəzlərinin də xeyli küçələrində səki sadəcə olaraq nəzərdə tutulmayıb. Hətta paytaxtın bəzi küçələrində də səki ya yoxdur, ya da hərəkət üçün yararsızdır. Belə olanda piyada yolun hərəkət hissəsi ilə getməyə məcburdur. Bu isə azacıq mürəkkəb hərəkət şəraitində, diqqətsiz və naşı sürücünün məsuliyyətsiz piyada ilə rastlaşdığı hallarda qaçılmaz qəza deməkdir. Ona görə də piayda hərəkəti olan bütün küçə və yollar boyu rahat səkilər salınmalı, yararsız səkilər bərpa olunmalıdır.

4. Piyadalar üçün hərəkətin təşkilində, xüsusən keçidlərin siqnallaşdırılmasında yeni metodlara keçmək lazımdır. Bunun üçün müvafiq yeniliklər ilk olaraq qanunvericilikdə təsbit edilməli, daha sonra intensiv sürətdə tətbiq edilməlidir. Məsələn, hazırkı qanunvericilikdə nəzərdə tutulan keçidlərin yalnız sağda və solda nişan, asfaltda isə “zebr” kimi tanıdığımız xətlənmə ilə işarələnməsi artıq köhnəlib. Təhlükəsizliyə yüksək diqqət yetirilən ölkələrdə keçid nişanının 3 nöqtədə - sağda, solda və yolun üstündə tətbiqi, avtomobillərin sürətini azaltmağa yönələn müxtəlif effektlərin yaradılması, çoxzolaqlı yollardakı keçidlərin hər bir halda svetoforla nizamlanması və s. tətbiq edilir və uğurlu nəticələr də var.

5. Piyadaların hərəkətinə nəzarət hər yerdə olmalıdır. Piyada qismində yollarda olan hər kəs bilməlidir ki, onu qayda pozarkən təkcə paytaxtın 40-50 nöqtəsində deyil, ən ucqar qəsəbənin yollarında da DYP əməkdaşı saxlaya bilər. Söhbət total nəzarətdən getmir, bunu təmin etmək də mümkün deyil. Amma təxminən sürücülər barəsində olduğu kimi nəzarət təmin edilməlidir. Sürücü kimi piyada da bilməlidir ki, onun qaydalara zidd hərəkəti hər yerdə qeydə alına bilər.

Başqa məqamlara da toxunmaq olar. Amma hesab edirəm ki, ən aktual olanı bunlardır. Göstərilən istiqamətlərdə təxirəsalınmaz işlər görmək lazımdır…

Ərşad Hüseynov, hüquqsünas

ŞƏRH YAZ
Ad
E-mail
Şərh