DANX beynəlxalq sərgidə proqnoz layihə təqdim etdi - VİDEO

Avtosfer TV 11 İyun 2019 17:35 Oxunub 2185
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təhvil verilən layihələr və yaxın perspektivdə görüləcək işlər barədə məlumat öz əksini tapıb

İyunun 11-də Bakı Ekspo Mərkəzində XVIII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika – TransCaspian/Translogistica 2019 sərgisi çərçivəsində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) fəaliyyətinə dair “Avtomobil Nəqliyyatı ilə daşımalarda yeni mərhələ” mövzusunda proqnoz layihə sərgi iştirakçılarına təqdim edilib.

Avtosfer.az xəbər verir ki, proqnoz layihə 3 hissədən ibarət olmaqla avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində yaxın perspektivdə reallaşdırılacaq layihələrin əhəmiyyəti haqqında vətəndaşlara qısa məlumatı özündə əks etdirir. Təqdimatın birinci hissəsində ilkin statistik mənzərə, ikinci hissədə aradan qaldırılması zəruri problemlər, üçüncü hissədə avtomobil nəqliyyatı ilə daşımalar sahəsində ötən ilki prqonozlara əsasən bu ilin ilk rübündə təhvil verilən layihələr və yaxın perspektivdə görüləcək işlər barədə məlumat öz əksini tapıb.

Təqdimatda bildirilib ki, statistik göstəricilərə əsasən 2018-ci il ərzində ölkəmizdə avtomobil nəqliyyatı ilə 149 milyon 205 min ton yük, 1 milyard 766 milyon 470 min nəfər sərnişin daşınıb. Ölkə üzrə bütün nəqliyyat növləri ilə daşınan yüklərin (boru nəqliyyatı da daxil olmaqla) təxminən 65%-i, daşınan sərnişinlərin isə təxminən 88%-i avtomobil nəqliyyatının payına düşüb.

Hazırda respublikamızda prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatın bütün sahələri üzrə genişmiqyaslı islahatlar aparılır. Bu islahatlar biznes mühitinin əlverişliliyinin yaxşılaşdırılmasına, şəffaflığın artırılmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, göstərilən xidmətlərdə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarının genişləndirilməsinə yönəldilib.

Təqdimatda avtovağzal və avtostansiya şəbəkəsinin genişləndirilməsi, mövcud infrastrukturun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərdən, şəhərlərarası, rayonlararası sərnişin daşımalarında müşahidə edilən qeyri-qanuni və biletsiz sərnişin daşınması hallarının Bakı Beynəlxalq Avtovağzal Kompleksində tamamilə aradan qaldırılması üçün görülən kompleks tədbirlərdən, habelə respublikanın digər avtovağzallarında və avtostansiyalarında da bu sahədə irimiqyaslı işlər barədə ətraflı məlumat verilib.

Əlavə olaraq qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2019-cu il tarixli 249 nömrəli Qərarı ilə “Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydası” təsdiq edildikdən sonra bu Qaydanın tələblərinə uyğun olaraq sürücülərin iş və istirahət rejiminin təşkilinə nəzarət müasir taxoqraf cihazları ilə aparılacaqdır. Bu tədbir yol hərəkəti təhlükəsizliyinin artırılmasına əlavə töhfə verəcəkdir.

Proqnoz layihədə vurğulanan digər vacib məqam beynəlxalq avtomobil daşımaları həyata keçirən milli daşıyıcıların mənafelərinin qorunması ilə əlaqədardır. Milli daşıyıcılar tərəfindən beynəlxalq daşımalarda təxminən 2000 avtonəqliyyat vasitəsi istismar olunur ki, bunun da yalnız 1240-ı müasir tələblərə cavab verir. Cənab prezidentin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə də qeyd edilmişdir ki, ixrac bazarlarına yük daşımalarının həyata keçirilməsi üçün ixtisaslaşmış yerli avtonəqliyyat parkı zəifdir, ixracatçılar xarici ölkələrin avtonəqliyyat parkından asılıdırlar və bu da daşımanın stabil və əlverişli şərtlərlə həyata keçirilməsində problemlər yaradır. Yerli daşıyıcılarımızın obyektiv rəqabət meydanında mənafəelərinin müdafiəsi məqsədilə tərəfimizdən müvafiq təkliflər hazırlanıb və hazırda aidiyyəti dövlət orqanları ilə razılaşdırılması istiqamətində müvafiq tədbirlər görülməlkdədir.

Bununla yanaşı, Azərbaycan Respublikasının 1998-ci ildən etibarən üzv olduğu “Beynəlxalq Nəqliyyat Forumu” çərçivəsində qəbul edilmiş Keyfiyyət Xartiyasından irəli gələn öhdəliklərin ölkəmizdə tətbiqi məqsədilə bir sıra normativ-hüquqi aktların layihələri hazırlanaraq hökumətə təqdim edilib. Xartiyanın müddəalarının ölkəmizdə tətbiqi beynəlxalq daşımalarda iştirak edən milli avtodaşıyıcıların Avropanın nəqliyyat xidmətləri bazarına çıxışının asanlaşdırılmasına müsbət töhfə verəcəkdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh