Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad yolu yenidən qurulur - FOTO

Gündəm 24 İyun 2019 11:50 Oxunub 814
Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad yolu yenidən qurulur - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uzunluğu 13.2 km təşkil edən yol IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir

Dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2019-cu il üçün tərtib etdiyi tədbirlər planına uyğun, rahat gediş-gəlişin təmin olunmasını, kənd təsərrüfatı, turizmin və sənayenin inkişafını hədəfləyən 1000 km-dən artıq yol infrastrukturu layihələrini icra edir. Onlardan biri də Biləsuvar rayonunun Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yoludur. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, Biləsuvar rayonunun Çaylı, Bağbanlar, Aranlı və Zəhmətabad kəndlərindən keçən avtomobil yolları Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində yenidən qurulur. Uzunluğu 13.2 km təşkil edən yol IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir.

Uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayan yol boyu qabarma və çökmələr mövcud idi, üstəlik yol geyimi dağılmış, torpaq yatağı güclü deformasiyaya uğramışdı. Bu üzdən 4 yaşayış məntəqəsinin 10 mindən çox əhalisi bəzən 10-15 dəqiqəlik məsafəni uzun müddətə qət etmək məcburiyyətində idilər. Sakinlər indi yol tikintisinin sürətindən və keyfiyyətindən xeyli razıdırlar.

Layihə çərçivəsində yolun deformasiyaya uğramış hissələri yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı karxana çınqılı materialı tökülərək torpaq yatağının bərpası və qazılmış hissələrin əks-dolğusu işləri görülərək yol profilə salınır. Yolun 1-5 və 12-13-cü km-lik hissələrində torpaq yatağının genişləndirilməsi işləri görülür və ortalama 0.8 metr qaldırılaraq normativ hündürlüyə çatdırılır.

Tikinti zamanı kənd sakinlərinin ürəyincə olan daha bir yenilik yolun altında mövcud suötürücü boruların bərpası, həmçinin müxtəlif diametrli yeni dəmir-beton suötürücü boruların inşasıdır. Çünki suötürüvcü boruların köməyi ilə yolun altından ötürülən su ilə onlar əkin sahələrini daha rahat və məhsullar xarab olmadan suvara bilir. Ümumilikdə 286 paqon-metr uzunluğunda yeni suötürücü boruların tikintisi işləri aparılır.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, bu işlərin ardınca optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından istifadə edilməklə yol əsası inşa edilir. Yol əsası hazır olan hissələrə isə asfalt-beton örtük döşənir. 2 laydan ibarət asfalt-beton örtüyünün 80 min kv.m-ə yaxın sahədə salınması nəzərdə tutulub.

Biləsuvar böyük kənd təsərrüfatı rayonlarından biridir. Burda ixrac yönümlü məhsullar üstünlük təşkil edir. Belə ki, rayonda taxıl və pambıq, bostan və tərəvəz məhsullarının istehsalı ildən-ilə artır. Yenidən qurulan Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yolu boyunca da bunu müşahidə etmək mümkündür. Yolun əsaslı şəkildə bərpa edilərək istifadəyə verilməsindən sonra isə sözügedən kəndlərin əhalisinin öz pay torpaqlarında yetişdirdikləri məhsulları bazarlara rahat və xarab olmadan qısa zamanda çıxarmaq imkanı yaranacaq.

Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yolu vasitəsi ilə əhali nəinki rayon mərkəzinə, həmçinin Ələt-Astara-İran İslam respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə edəcək, respublikanın bütün istiqamətlərinə yük və sərnişin daşıması asanlaşacaq.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh