Yol polisi Bakıda bu cür xidmət göstərdi: səhərdən gecə yarısınadək reyd - VİDEO

Yol polisi 27 İyun 2019 14:25 Oxunub 4193
Yol polisi Bakıda bu cür xidmət göstərdi: səhərdən gecə yarısınadək reyd - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qayda pozanlar, sərxoşlar, polisdən kömək istəyənlər...

Dünən günorta saatlarından başlayaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları nəqliyyat təhlükəsizliyi ilə bağlı ictimaiyyət arasında maarifləndirmə işləri aparmaq məqsədilə tədbirlər həyata keçirib. Avtosfer.az xəbər verir ki, saat 15:00-dan etibarən gecə saat 2-yə qədər davam edən tədbirlər zamanı müxtəlif kobud qayda pozuntularınına yol verən sürücülər aşkarlanıb. Keçirilən tədbirlər zamanı əsasən maarifləndirmə üsullarına üstünlük verən YPX əməkdaşları sürücüləri aşkarladığı təqdirdə onlarla törətdikləri xətalar üzrə söhbətlər aparıb, bunun təhlükəli tərəfləri onlara aşılanıb. Bakının bütün rayonlarında keçirilən bu tədbirlər zamanı əsasən yol hərəkəti qaydaları pozan, ödəməyən cəriməsi olan, avtomobilləri ikinci, üçüncü cərgədə, eləcə də avtobus dayanacaqlarında saxlayan, bununla da sərnişinlərin və ictimai nəqliyyat vasitələrinin hərəkətinə mane olan sürücülərə daha çox rast gəlinib. Belə ki, xüsusən İnşaatçılar və 20 yanvar metrosunun yaxınlığında bu vəziyyət özünü daha qabarıq şəkildə göstərib. Yol polisi sürücülərə söhbətlər aparıb, hərəkətin intensivliyini təmin etmək məqsədilə görülən tədbirlər nəticəsində ərazidə nəqliyyat axını bərpa olub. Eləcə də dayanacaqlara daxil olması, sərnişinlərin rahat minib-düşməsi təmin edilib. Lakin buna baxmayaraq yenə də yol hərəkəti qaydalarını pozan, sərnişinləri dayanacaqdan kənarda düşürən avtobus sürücüləri, eləcə də sərnişinlərin həyatlarını riskə ataraq avtobusları səkinin üstündə deyil, yolun hərəkət hissəsində gözləməsi halları müşahidə olunub. Yol polisi bu istiqamətdə də söhbətlər aparıb.

Bundan başqa Bakının bir neçə küçə və prospektlərində dayanma-durma qaydalarını pozan sürücülər aşkar edilib. YPX əməkdaşları onlarla profilaktik söhbətlər aparıb, onları cərimələməkdən daha çox bu istiqamətdə maarifləndirməllə müsbət nəticələrin əldə edilə biləcəyinə ümid edir. Lakin təəssüflər olsun ki, rast gəlinən mənzərə ürəkaçan deyil. Sürücülər müşahidə kameraları olmayan ərazilərdə daha çox kobud qayda pozuntularına yol verir.

Keçirilən tədbirlər zamanı daha təhlükəli qayda pozan sürücülərə rast gəlinib. Belə ki, Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları avtoxuliqanlıq edən iki nəfəri aşkar edib və onların barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəmələrə göndərilib. Artıq həmin sürücülərdən biri barəsində məhkəmə qərarı ilə 500 manat cərimə və 1 il sürücülük hüququndan məhrumetmə cəzası çıxarılıb.

Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları isə əsasən yük avtomobilləri və avtobus sürücüləri ilə maarifləndirici söhbətlər aparıb, onların şəhərin küçə və prospektlərində təhlükəsiz hərəkətinin önəmli olduğu vurğulanıb.

Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları isə keçirilən tədbirlər zamanı iki sərxoş sürücü aşkarlayıb və aidiyyəti üzrə araşdırma başlanılıb. Səhər saatlarında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları avtoxuliqanlıq edən sürücünü aşkarlayıb və məhkəməyə təqdim edib. Nəticədə həmin sürücü barəsində 30 gün inzibati qaydada həbs və sürücülük hüququnun 1 il müddətinə məhdudlaşdırılması qərarı çıxarılıb.

Bundan başqa axşam saatlarında davam edən tədbirlər zamanı 20-dən artıq sərxoş sürücü aşkarlanıb ki, bu da digər günlərə nisbətən daha çox olub. YPX əməkdaşları belə halların daha çox həftə sonları olduğunu bildirsələr də təəssüflər olsun ki, sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülərin sayı artır. Hətta onların arasında əcnəbi vətəndaşlar da olub. Hətta özünü ictimai xadim və vəzifəli şəxs kimi təqdim edərək məsuliyyətdən yayınmağa çalışırlar da olub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, yol polisi tərəfindən həyata keçirilən bütün bu tədbirlər insanlara xidmətidir. "Polis hər zaman əhalinin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanıb. Bu gün də çalışdıq ki, insanlar arasında maarifləndirmə işləri aparmaqla polisin ərazidə xidmət aparıb-aparmamasından asılı olmayaraq məsuliyyət hissinin olmasını, qaydalara riayət edilməsinin vacibliyini qeyd edək. Düşünürəm ki, bu cür maarifləndirmə işləri davamlı olaraq aparılmalıdır."

 

Elməddin Muradlı

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh