Özünü "kişi" hesab edən "Avtoş" Nuriyyə - FOTO

Yazarlar 1 İyul 2019 11:29 Oxunub 1700
Özünü "kişi" hesab edən "Avtoş" Nuriyyə - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Taksi sürücüsü işləyən qadın həm də 15 il operatorluq edib

Dövrümüzdə elə peşələr var ki, sanki onlar cinsi baxımdan bölünərək kişilər üçün yaradılıb. Bu peşələrdən biri də sürücülükdür. Lakin zamanla bu peşəyə sahiblənən qadınlarımız bu fikrin və düşüncənin yanlış olduğunu sübut edirlər. Belə qadınlardan biri də Nuriyyə Abullayevadır. Nuriyyə xanım Quba rayonunun İkinci Nügədi kəndində anadan olub. Orta təhsilini orada alıb. Daha sonra - 1975-ci ildə Bakı şəhərində yerləşən sürücülük məktəbinə qəbul olub. Avtosfer.az xəbər verir ki, qəhrəmanımız bu peşəyə yiyələnməsi üçün çəkdiyi əziyyətlərdən, keçdiyi əzablı günlərindən sputnik-ə danışıb. Həmsöhbətimizin dediyinə görə,  300-400 nəfər oğlan tələbəsi olan bir məktəbdə tək bir qızın təhsil alması heç kəs tərəfindən normal qarşılanmadığı kimi məktəb rəhbərliyi də bunu normal qarşılamayıb: "Bu məktəbdə təhsil almağımın qeyri-mümkün olduğunu bildirdilər. Lakin mən hər nə olur olsun ən böyük arzuma çatmalı idim. Buna görə də təslim olmadım. Son olaraq məktəb rəhbərliyi mənə şərt qoydu. Hər hansı bir səhvim olsa, məktəbdən uzaqlaşdırılacam. Bu şərti qəbul edərək dərslərə başladım və uğurla bitirərək arzuma çatdım".

- Bir xanım niyə sürücü olmağı arzulasın?

- Bu arzu əksəriyyət xanımlar üçün yad ola bilər, bəziləri üçünsə arzu olaraq qala bilər. Arzusuna çatmayanlar həm valideyn, həm də cəmiyyət basqısına qalib gələ bilməyənlərdir. Bu istək “Əhməd haradadır” filminə baxandan sonra yarandı. O filmə baxandan sonra tək fikrim, məqsədim sürücü olmaq oldu. Arzum “zil” avtomobilini kəlağayı bağlayaraq sürmək idi.

Nuriyyə xanım 1975-ci ildə Bakı şəhərində yerləşən sürücülük məktəbinə qəbul olub

- Bildirdiniz ki, bəziləri valideynlərinin və cəmiyyətinin basqılarından qorxaraq arzularına çata bilməyib. Siz bu basqılara necə qalib gələ bildiniz?

- Atamı uşaq yaşlarımda itirmişəm. Bizi - üç bacını anam tək başına böyüdüb. Əlbəttə ki, qohumların da dəstəyi olub. Əsas da dayılarımın dəstəyi çox olub. Bu səbəbdən də anam dayılarımın verəcəkləri mənfi reaksiyadan qorxaraq məni bu fikirdən daşındırmağa çalışırdı. Bu istəyimi bilən qohumlarım oxuyacağım təqdirdə məni qəbul etməyəcəklərini, qohumluq siyahısından çıxaracaqlarını anama bildirmişdilər. Anam isə oxusam özünü öldürəcəyini dedi. Mən isə əgər oxumasam, bu peşəyə sahib olmasam intihar edəcəyimi dedim. İmtahana gedən zaman anam mənə pul vermədi. Qonşumuzdan pul alaraq Bakıya getdim, həmin qonşunun qızı da tələbə idi və onunla bir yerdə qaldım. İlk vaxtlar heç kim məni danışdırmadı. Zaman keçdi və məktəbi bitirib rayonumuzun avtomobil bazasında işə başladım. Artıq eşidirdim ki, qohumlarım mənimlə fəxr edir. Çünki hər zaman ailəmin adını lazıminca qorudum. Haqqımda heç bir şayiənin yaranmasına şərait yaratmadım. Hər nə olur-olsun namusuma xələl gətirəcək bir şey etmərəm. Bir müddət sonra qohum-əqrəbanın xeyir işində mənimlə məsləhətləşirdilər. Sanki mən onların “ağbirçəy”i oldum. Çünki mən özümü doğrultdum.

- Həmkarlarınızın kişilər olmağı sizə necə təsir edirdi?

- Heç kimə fikir vermirdim. Məndə özümü “kişi” hesab edirdim. Həmkarlarımın əksəriyyəti məndən çəkinirdilər. Yanımda danışıqlarına diqqət edirdilər. Bilirdilər ki, hansı reaksiya ilə qarşılaşacaqlar.

- Təhsil aldığınız dövrdə  maddi ehtiyaclarınızı kim qarşılayırdı?

- Əlbəttə, əvvəllər çətinliyim çox oldu. Sonra zavodların birində gecə növbəsində işə başladım. İşim isə gecə növbəsində işləyən işçilərin giriş-çıxışı üçün qəbzin verilməsi idi.

- Sürücülük fəaliyyətinizə hansı maşınla başlamısınız?

- İlk əvvəl işlədiyim zavodda müdirin şəxsi sürücüsü oldum. Maşının markası isə “Volqa” idi. Müdirin şəxsi sürücüsü kimi çox işləmədim. Çünki o, hara gedirdisə məcbur olaraq onu gözləməli idim. Ona görə də çox işləmədim. Rayona geri qayıtdıqdan sonra isə “Zil”, avtobus və sair maşınlarda sürücü oldum. Avtobus qrafik üzrə işlədiyi üçün orada da çox işləmədim. Çünki qrafiklə işləməyə heç səbrim çatmır. Ondan sonra isə  taksi sürücüsü oldum.

- Yəqin,  taksi fəaliyyəti dövründə maraqlı hadisələr çox olub. Müştərilərdən gediş haqqını verməyən olubmu?

- Bəli. Taksi sürücüsü işlədiyim dövrdə bir nəfər müştəri dedi ki, “məni Şabranın Liman kəndinə apar”. Onu dediyi ünvana çatdırdım. Hər şey buradan başladı. O, mənə nəinki yol pulunu vermədi, hətta dedi ki, səni buradan buraxmayacam. Burada qalacaqsan. Həmin an nə edəcəyimi heç bilmirdim. Sağ olsun kənd sakinləri köməyimə çatdı. Pulu ala bilməsəm də oradan uzaqlaşa bildim.

- Taksi fəaliyyəti dövründə elə hadisə olubmu ki, onu bu gün də unutmursuz?

- Bir dəfə müştəriləri Qubanın ucqar kəndlərindən birinə aparmalı idim. Həmin kəndə getmək üçün mütləq çaydan keçməliydim. Çaydan keçən vaxt maşının təkərləri partladı.  Sərnişinlərlə birgə saatlarla çayın içərisində qaldıq. Ora elə bir yer idi ki, oradan təsadüf halda maşın keçirdi. Havanın isti keçməsi isə digər tərəfdən vəziyyətimizi daha da çətinləşdirirdi. Elə bir vaxtda iş yoldaşlarımdan biri o yolda qarşıma çıxdı. Suyun içərisində maşının təkərlərini dəyişdilər. Ən yadda qalan və unutmadığım hadisə bu olub.

- “Avtoş” Nuriyyənin sürətlə arası necədi?

- Gənc yaşlarımda sürətli sürürdüm. Amma sonradan heç sürət həddini aşmadım. Sürətli sürdüyüm qısa müddətdə “avtoş” ləqəbini verdilər.

- Heç qəza törətmisiniz?

- Xeyr. 40 illik sürücülük fəaliyyətimdə heç vaxt kiçik də olsa belə, qəza və ya qəza vəziyyəti törətmədim.

- Özünü kişi ruhlu hesab edən bir xanım necə oldu ki aşiq oldu?

- Gəldik ən çətin suala (gülür). Taksi kimi Quba-Bakı marşrutu üzrə işləyirdim. Həmin vaxt daimi müştərim olan tələbə oğlan var idi. Həmişə rayona mənimlə gəlir, Bakıya da mənimlə qayıdırdı. Günlərin birində həmsöhbət olduğumuz zaman onun evlənməyindən söhbət başladı. Bildirdi ki, qız tapa bilmir. Ona tanıdığım bir qızı məsləhət gördüm. Elə oldu ki, onunla həmin qızı tanış etməyə gedirdim. Həmin vaxt o mənə “Mənə başqası yox, sən lazımsan” dedi. O zaman nə deyəcəyimi bilmədim. Sanki yuxu görürdüm. Özümü buna hazır hesab etmirdim. Zaman keçdikcə mən də onu sevdim. Onun ailəsi bizim münasibətə qarşı oldu. Lakin biz hər şeyə hazır olaraq ailə qurduq. Çox təəssüf ki, ailəmizi qoruya bilmədik. Qismət.

- Deyilənə görə, məclislərdə operatorluqla da məşğul olmusuz. Bu fəaliyyətiniz barədə danışardınız.

- Sürücü olduğum zaman operatorluğa da marağım yarandı. Nə az, nə çox, düz 15 il məclislərdə operator kimi fəaliyyət göstərmişəm.

- Niyə məhz kişilərin sənəti hesab edilən peşələrə marağınız olub?

- Özümü kişilərdən daha güclü bildiyim üçün.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh