Avtosfer.az | Reklam
Qanunlara əməl etməkdə ictimai nəzarətin əhəmiyyəti: reallıq və problemlər...
Yazarlar 10 Iyul 2019 14:09 453 dəfə oxunub
Qanunlara əməl etməkdə ictimai nəzarətin əhəmiyyəti: reallıq və problemlər...
Əsas məqam vətəndaş olaraq cəmiyyətin inkişafına dəstək vermək istəyidir

Təxminən 7-8 il öncə Fransadan İspaniyaya avtomobillə gedirdim. Sürücü həmkarımız fransız idi. Bizim başa düşdüyümüz dildə desək insu-cin olmayan bir yol idi. Yarım saatdan bir, bir avtomobilə güclə rast gəlmək olurdu. Qarşıdakı dairəni keçəndən sonra fransız həmkarım cəmi bir kilometr uzaqlaşmışdı ki, sağa dönməli olduğunu və yolu səhv getdiyini bildirdi. Avtomobil olmayan yolda bir azərbaycanlı olaraq bu mənim üçün heç də problem görünmürdü. Sadəcə geriyə dönmək lazım idi. Amma fransız həmkarım üçün bu bir fəlakətə çevrilmişdi. 30 kilometr qarşıdakı dairədən geri dönə biləcəyini dedi. “Yol boşdur, avtomobil yoxdur, burda səni heç kim görmür axı, geri dön qayıdaq” desəm də sözümə qulaq asmaq istəmirdi. Son olaraq “bizdə hamı belə dönür, adi bir şeydir” sözümdən sonra onun gözləri həqiqətən də kəlləsinə çıxmışdı. “Axı bu necə ola bilər? Birdən maşın gəldi, qəza oldu...”

İllər sonra bu hadisəni niyə xatırladım? Yol hərəkəti iştirakçısı olmaq – istər sürücü, istər piyada, istərsə də digər vasitələrlə yüksək mədəniyyət tələb edir. Burada elm, hüquq, azadlıq, sosial məsuliyyət, vətəndaş cəmiyyəti institututu və s. əhatə olunub. Sual ola bilər ki, yolda avtomobil sürməyin hüquqa nə dəxli var? Məsələ burasındadır ki, bir sürücünün pozduğu ən kiçik qayda pozuntusu onlarla digər yol hərətək iştirakçısının hüquq və azadlıqlarını pozur. Sənin törətdiyin bir qəza nəticəsində əgər bir şəxs hətta 1 dəqiqə olsa belə gecikirsə deməli onun hüququnu pozmusan.

Təbii ki, bizdə daha çox insanlıq anlayışı öndə gedir. “Əşşi, nə olacaq ki?!” düşüncəsi əsas meyardır.

Dostlarımdan biri Almaniyada olan zaman bir həftə ərzində onun müşayət edən almanla əməlli-başlı dostlaşır. Hər gün bir yerdə gəzir, yemək yeyir, bizim anlamımıza görə “çörək kəsirlər”. Azərbaycanlı dostumuz təbii ki, öz “adət və ənənələrimizə” uyğun olaraq çəkdiyi siqaretin kötüyünü küçəyə atır. Yanındakı alman ona etiraz etsə də əhəmiyyət etmir. Bir müddət sonra polis ona yaxınlaşıb siqareti yerə atdığı üçün cərimə olunduğunu bildirir və çeki təqdim edir. Təbii ki, maddi imkanı heç də pis olmayan azərbaycanlı dostumuz üçün 50 avronu ödəmək o qədər də ağır gəlmir. Ona ən çox təsir edən bir həftədir “çörək kəsdiyi” almanın ondan şikayətçi olması olur.

Bu iki misalı çəkməkdə əsas məqsədim cəmiyyətdə uzun illərdir formalaşan “qaydalar onları pozmaq üçündür” prinsiplərinə diqqət çəkməkdir. Qaydaları pozmaq çox sadə, şikayət edənləri isə “satqın” adlandırmaq ondan da asandır. Amma bu belə olmalıdırmı?

Cəmiyyətdə qanunlara riayət etmək, xüsusilə yol hərəkəti qaydalarına ciddi yanaşmaq mədiyyətinin formalaşması son illərdə artıb. Təbii ki, bu sevindirici haldır. Burada istər qeyri-hökumət təşkilatlarının, istərsə də dövlət qurumlarının apardığı siyasət və maarifləndirmə özünü göstərir. Amma cəmiyyətdə sosial aktivliyin və məsuliyyətin artması məsələsi daha önəmlidir. Bu inzibati qaydalarla yanaşı vətəndaş mövqeyinin ortaya qoyulması ilə daha çox fayda verə bilər.

Son bir ildə müşahidə etdiklərim odur ki, artıq Azərbaycanda, xüsusən də paytaxt Bakıda yol hərəkəti qaydalarına ciddi şəkildə əməl edən, qanunları oxuyan, öyrənən və eyni zamanda başqalarını da buna təşviq edən gənclər formalaşır. Bu gənclər qayda pozan sürücülərə əvvəlcə xəbərdarlıq edir, məhəl qoymayanda onlardan yol polisinə şikayət ünvanlayırlar. Həmçinin qayda pozuntusunu videoya çəkərək sosial şəbəkələrdə yayırlar. Bununla da həm inzibati, həm də ictimai qınaq birlikdə fəaliyyət göstərir. Bu şəxslər onlara “satqın”, “işverən” yazılan, deyilən zaman bunu rahat qəbul edir və vətəndaş məsuliyyətlərini dərk edirlər. Bu təbliğat artıq cəmiyyətdə də stimul yaradır. İçərisində şikayət etmək istəyi olan, amma ictimai qınaqdan çəkinən şəxslər də bunu görən zaman rahatlıqla bu komandaya qoşulurlar.

Təbii ki, burada medianın da rolu böyükdür. Məsələn, Avtosfer.az portalı olaraq qayda pozan sürücülərə qarşı mütamadi olaraq işlər aparırıq. Həm əməkdaşlarımız, həm də elə sosial şəbəkələrdə paylaşılan videolar saytda dərc olunur. Nəticədə həmin sürücülər cərimələnir. Təbii ki, bunun çox böyük faydası da olur.

Bir müddət əvvəl saytda avtomobillə qayda pozan zaman videosu çəkilib paylaşılan sürücülərdən biri redaksiya ilə əlaqə saxladı. Bildirdi ki, etdiyi inzibati xətanın fərqindədir və cəriməsini də ödəyib. Bir daha qaydaları pozmayacağına də söz verdi. Xahiş etdi ki, onun videosunu sosial şəbəkədən silək. Səbəb isə bu idi ki, qohumlar və tanışların məzəmməti ilə üz-üzə qalmışdı. Təbii ki, onun bu xahişini nəzərə aldıq. Ən azından ona görə ki, bir nəfər də məsuliyyət dərk edənlər cərgəsinə qoşulmuşdu.

Cəmiyyətdə sosial aktivliyin artırılması mühüm amildir. Sadəcə burada “kim birinci addım atacaq” məsələsi dayanır. Əgər cəmiyyət üzvü yaşadığı mühitin, öz yaxınlarının sağlamlığını istəryirsə əvvəl özü qaydalara əməl etməli və digərlərini də buna səsləməlidir. Bəzən insanlar küçəyə zibil atan şəxsə söz deməyə çəkinirlər. “Deyərəm problem yaranar” düşüncəsi ilə yanaşırlar. Amma...

Jurnalist həmkarlarımızdan biri ilə yol gedərkən gənc bir oğlan energetik içki qabını yerə atdı. Jurnalist həmkarım ona yaxınlaşaraq atdığı qabı götürüb yaxınlıqdakı zibil qabına atmağı xahiş etdi. Gənc isə əvvəl əhəmiyyət vermək istəmədi. Amma jurnalist həmkarımın “indi polis çağıraram səni cərimə edər” sözlərindən sonra odlu-alovlu danışan gənc quzu balasına döndü. Sakitcə qabı götürüb zibil qutusuna atdı. Bu zaman ətrafda bu mənzərəni görən bir neçə nəfər də əllərindəki zibili yerə atmadılar.

Təbbi ki, bu bir misaldır. Cəmiyyətdə bu cür aktivliyin artırılması hər bir vətəndaşın üzərinə düşür. Xüsusilə yol hərəkəti təhlükəsizliyi məsələsində bu önəmlidir. Statistikaya görə hər il yol qəzalarında yüzlərlə insan həyatını itirir, əlil olur, maddi ziyan çəkir. Bəli bu təkcə bizdə deyil. Amma biz öz cəmiyyətimizdə daha qorxulu olan piyadavurmalar, ağır qəzaları səyimizlə minimuma endirə bilərik. Bunun üçün yol hərəkəti iştirakçılarının öz məsuliyyətini dərk etməsi vacıbdir. Sürücü, sərnişin və ya piyada kimi hər birimiz yol hərəkəti iştirakçısıyıq. Odur ki, hər birimiz cəmiyyətdə qaydalara əvvəlcə özümüz əməl etməli, sonra digərlərini təşviq etməliyik. Bu istər maarifləndirmə, istər inzibati, istər şikayət, istərsə də digər yollarla olsun. Əsas odur ki, bir müddət sonra cəmiyyətdə bu istiqamətdə sosial fəallıq artsın. Çünki hər bir şəxs qaydalara əməl etməyi özünə vəzifə bilsə, bunu dərk etsə, cəmiyyətdə problemlər də aradan qalxar.

Gündəlik olaraq qarşılaşdığımız hadisələrə biganə olaraq yanaşsaq, bir vətəndaş olaraq mövqe ortaya qoymasaq, təbii ki, bunun ziyanını ilk növbədə özümüz çəkəcəyik.

Qazaxıstanda çəkilmiş bir videoçarxda yol polisi içkili sürücünü saxlayır. Sürücü ona böyük məbləğdə pul təklif edir. Yol polisi əvvəl tərəddüd etsə də sonda qəbul edərək onu buraxır. Bir neçə dəqiqə sonra içkili sürücü qəza törədərək yolu keçən ana və uşağı vurur. Ətrafdakı insanlar avtomobil tərəfindən vurulmuş qadının telefonundan həyat yoldaşına zəng edirlər. Bu zaman telefonun digər tərəfində acı xəbəri alan məhz bir neçə dəqiqə əvvəl içkili sürücünü rüşvət müqabilində buraxan həmin yol polisi olur. Əslində bu nümunə yol polisi üzərində qurulsa da digər peşə sahiblərinə də aiddir. Eyni zamanda sürücülərə.

Təcili yarıdım maşınına yol vermək qaydalarda tələb olunur. Amma bəzən sürücülər buna əhəmiyyət vermir. Bir anlıq düşünsək ki, həmin maşının içərisində aparılan xəstə mənim yaxınımdır. Cəmiyyətdə bütün məsələlərə bu aspektdən yanaşmaq gərəklidir, bu təqdirdə insan həqiqətən sosial məsuliyyətini dərk edə bilər.

Son illərdə yol polisi piyadalara qarşı müxtəlif maarifləndirici aksiyalar həyata keçirir. Dəfələrlə yol polisi ilə birgə reydlərdə piyada keçidi ola-ola onun altından keçən şəxslər saxlanılıb. Ona izah edəndə ki, sən bu hərəkətinlə təkcə özünü deyil, digərlərini də təhlükəyə atırsan son anda dərk edir. Təsəvvür edin bir məsuliyyətsiz piyadanın ucbatından hansı hadisələr baş verir. Bir nəfər həyatını itirir. Bir ailə başsız qalır. Bir sürücü həbsə gedir, onun ailəsi gözüyaşlı, övladları atasız qalırlar. Maddi ziyan, şok, bir ömür peşmançılıq...

Həbsdən çıxan məhbuslardan biri danışırdı ki, onunla bir kamerada yatan şəxs 3 il idi ki, eyni yuxunu görür və hər gün gecə qışqıraraq ayılırdı. Bir ananın məsuliyyətsiz davranışı ucbatında sürücü 5 yaşlı uşağı vurub öldürmüşdü. Hər gün eyni səhnəni yuxuda görür, vicdan əzabı çəkirdi. Bu sadəcə bir faktdır. Belə yüzlərlə hadisələr var...

Yol hərəkəti mədəniyyətinin cəmiyyətdə formalaşması üçün ictimai qınaq çox önəmlidir. Əvvəllər sürücülər kamera, radar, yol polisi olmayan yerlərdə qayda pozmağa daha çox meyilli idilər. Amma sosial şəbəkələrdə formalaşmış qrupların fəaliyyəti müsbət mənada nəticələr verir. Artıq qayda pozmağa meyilli olan sürücülər onları “hər yerdə izləyən” ictimai fəalların olduğunu bilirlər və qaydaları pozmaqdan çəkinirlər.

Bir müddət əvvəl tanınmış bir sima qayda pozuntusuna yol vermişdi və videosunu çəkən vətəndaşlardan biri onu sosial şəbəkələrdə paylaşmışdı. Həmin şəxs hər vasitə ilə videonun yayılmasının qarşısını almağa çalışırdı. Onu yol polisinin cəriməsindən daha çox ictimai qınaq narahat edirdi. Görünən odur ki, bir vaxtlar Avropa ölkələrində gördüyümüz, amma bizdə də olmasını arzuladığımız məsələlər formalaşmaqdadır. Təbii ki, problemlər də var.

Xüsusən paytaxtın ən böyük problemlərindən biri parklanmadır. Artıq ikinci ildir ki, paytaxtda parklanmaya Bakı Nəqliyyat Agentliyi nəzarət edir. Bu sahədə müxtəlif işlər görülüb. Amma parklanma ilə bağlı problem yenə ön sıradadır. Səbəb isə sadədir. Yol polisi buna baxmır.

Bir müdət əvvəl Bakı şəhərində yol polisi ilə birgə reyd zamanı patrul avtomobili ikinci sırada dayanmış, parklanma qaydalarını pozan sürücülərə xəbərdarlıq edirdi. Polisi görən kimi ya avtomobili çəkir, ya da düzgün yerdə park edirdilər. Burada polisdən çəkinmə amili var. Amma fikrimcə bu düzgün yanaşma deyil. İnsanların təfəkküründə bu formalaşmalıdır. Cərimə, inzibatçılıq bir yerə qədərdir. Əgər kimsə avtomobili əlilin keçəcəyi pandusun qarşısında saxlayıb gedirsə deməli hələ görüləsi işlərimiz çoxdur.

Xarici ölkələrdə bu cür hallar üçün çox yüksək cərimələr nəzərdə tutulub. Amma bununla yanaşı ictimai nəzarət də güclüdür. Avtomobili düzgün park etməyəndə ictimai fəallar ona az da olsa zərər vurur. Bununla da avtomobil sahibinə dərs verirlər. Bir neçə dəfə bizdə də analoji hal baş verib. Zibil yeiklərinin qarşısında saxlayan avtomobilin üzərinə vətəndaşlar zibil atmışdılar.

İctimai qınağın təsiri ilə bağlı digər bir məsələ də bahalı avtomobil sahiblərinin, yaxud vəzifəli şəxslərin pozduğu qaydalarla bağlıdır. Yol polisi ilə müəyyən mənada dil tapa bilən bu addamlar indi qaydaları pozmaqdan çəkinirlər. Çünki ictimai qınaq artıq özünü göstərir. Bir müddət əvvəl yüksək vəzifəli şəxslərdən birinin sürücüsü hər gün eyni yerdə əks yola çıxaraq hərəkət edirdi. Yol polisi isə cərimə yazanda rahatca gedib ödəyirdi. Amma məsələ ictimailəşəndən sonra həmin vəzifəli şəxs sürücüsünü bərk məzəmmət etdi. Artıq bir neçə aydır ki, o da hamı kimi işıqforda gözləyir və əks yola çıxmır. Görünür ki, onu izləyən ictimai fəalların kameralarına düşmək istəmir.

Amma ictimai qınaqdan da çəkinməyən sürücülər var. Yasamal rayonunda avtoxuliqanlıq edən bir gənc var. Dəfələrlə yol polisi tərəfindən cərimə olunub, inzibati qaydada həbs cəzası verilib, sürücülük vəsiqəsi məhdudlaşdırılıb. Dəfələrlə onun əməlləri ilə bağlı sosial şəbəkələrdə, saytlarda məlumatlar, videolar dərc olunub, insanların qınağı ilə üzləşib. Amma yenə də öz əməlindən əl çəkmək istəmir. Bu cür insanlar sonda özləri ilə yanaşı digərlərinə də zərər vuraraq dünya ilə vidalaşırlar. Odur ki, istər sürücü, istər piyada yollarda hərəkət zamanı ehtiyatlı olmaq zəruridir.

Son olaraq... Dövlət qurumları təbii ki, öz işini görür. Bütün sahələrdə neqativ hallara rast gəlinməsi başa düşünüləndir. Amma əsas məqam vətəndaş olaraq cəmiyyətin inkişafına dəstək vermək istəyidir. Buna görə bəlkə də ilk vaxtlar məzəmmət oluna, hətta təhqir də edilə bilərik. Lakin bir müddət sonra vəziyyətin siz istəyən kimi düzələcəyinin şahidi olacaqsınız.

P.S. Universitetdə oxuyanda müəllimlərimizdən biri deyirdi ki, 60 illərdə uzunboğazlı köynək (vadalaska) çıxanda hamı onu geyinənləri ələ salırdı. “Vadalaz” deyərək gülüb keçirdilər. Amma bir müddət sonra həmin gülən adamların özləri də bunu geyinməyə başladı...

Qeyd: "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad
E-mail
Şərh