Bakı yollarında bitib tükənməyən problemlər
Gündəm 22 Iyul 2019 20:48 484 dəfə oxunub
Bakı yollarında bitib tükənməyən problemlər
Dəqiqələrlə gecikən avtobuslar, dayanacaqlarda qalan yorğun, yaşlı, uşaqlı sərnişinlər bu xətt üzrə hər gün müşahidə edilən haldır

Koroğlu-Ramana xətti üzrə hərəkət edən 204 nömrəli marşurtla bağlı sərnişinlərin şikayəti illərdir öz həllini tapmağı gözləyir. Dəqiqələrlə gecikən avtobuslar, dayanacaqlarda qalan yorğun, yaşlı, uşaqlı sərnişinlər bu xətt üzrə hər gün müşahidə edilən haldır. Koroğlu dayanacağında dəqiqələrlə gözləyən sərnişin sıxlığına görə avtobus elə buradaca dolur, növbəti dayanacaqda nəinki minə bilən olur, düşmək istəyən sərnişinlər də sıxlıqdan düşməkdə əziyyət çəkir. Sərnişinlərin sözlərinə görə bu marşrutda sərnişin-sürücü mübahisəsi tez-tez baş verən hallardandır. Elə bu gün özüm də sürücü-sərnişin mübahisəsinin şahidi oldum. Xanım sərnişinlərdən bir nəfər sürücüyə “bir az sürətli sür” - deyə narazılığını bildirir. Sürücü əvvəlcə “Xanım, taksi deyil. İntervalla sürürəm” - desə də, xanımın iradını davam etdirdiyini görüncə “Xoşun gəlmir düş taksi ilə get” - deyə cavab verir. Ardınca xanımın səsinə səs verən sərnişinlərin çoxluğunu görən sürücü “Kart sisteminə keçsə idi biz də rahatlayardıq. Guya elə bilirsiz bizim xoşumuza gəlir? Rahatlıqla bir xeyir qalırsa, xeyir görməyim! Gediş haqqı qalxan kimi planı da qaldırdılar. Neynəyək, beş manat çörək pulumuzun arxasınca çıxmışıq” deyə vəziyyətindən gileylənir. Sürücüdən yayınan narazılıq sərnişinlər arasında pıçıltılı söz-söhbətlə daşıyıcıya tuşlanır. Sərnişinlərin pıçıltılı söz-söhbətlərinə görə daşıyıcı hansısa şəhid ailəsidir, elə buna görə də heç kəs ona qaşın üstə gözün var deyə bilmir, buna görə də problem illərdir necə var elə də qalır. Bizimyol.info saytı olaraq problem və şikayətlərlə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayevlə əlaqə saxladıq. Sözçü bildirdi ki, xətlərin optimallaşdırılması və avtobus parklarının yenilənməsi ilə bağlı işlər gedir. Bu çərçivədə bu cür tələblərə cavab verməyən avtobusların dəyişdirilməsi həyata keçiriləcək. Sözçü daşıyıcılarla bağlı sualımıza cavabında bildirdi ki, “Marşrut xətti heç bir daşıyıcaya özəl mülk olaraq verilmir. Müqavilə yolu ilə müvəqqəti istismara verilir”.

Bundan əlavə şəkillərdən də göründüyü kimi avtobusların şüşələrinə pərdələr çəkilib. Əl dəyər-dəyməz tozu ərşə qalxan pərdələrin asılması ilə bağlı məsələyə münasibətində isə isə bildirdi ki, marşrut xətləri üzrə hərəkət edən ictimai nəqliyyat vasitələrində pərdədən istifadə qadağandır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh