Deputatlar artan yol qəzaları HAQDA DANIŞDILAR: HƏYƏCAN TƏBİLİ

Yazarlar 30 İyul 2019 22:58 Oxunub 2037
Deputatlar artan yol qəzaları HAQDA DANIŞDILAR: HƏYƏCAN TƏBİLİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Sürücülər cinayətkarcasına özlərinə güvənməkdən çəkinməlidirlər”

Son zamanlar Azərbaycan avtomobil yollarında qəzaların sayı kifayət qədər artıb. Üstəlik əksəriyyəti insan itkisi ilə nəticələnən ağır yol-nəqliyyat hadisələrinin şahidi oluruq. Təkcə ötən gün 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Ağır yol-nəqliyyat hadisələrinin artması deputatlarımızı da narahat edən mövzuya çevrilib. Avtosfer.az xəbər verir ki, bu barədə Modern.az-a danışan Milli Məclisin üzvləri sürücülərə və piyadalara tövsiyələrini də dilə gətiriblər.

Yol nəqliyyat hadisələrinin artmasını turistlərin çoxluğu, sakinlərin rayonlara istirahətə üz tutmaları ilə əlaqələndirən deputat Çingiz Qənizadə düşünür ki, yay məzuniyyəti müddətində qəzalar çoxalır: “Amma ötən illə müqayisədə respublikada qəzalarda azalma müşahidə olunur. Bu barədə məlumatı Dövlət Yol Polisinin təşkil etdiyi tədbirdə diqqətə çatdırdılar. Ola bilər, bu ay, ya gələn ay da biz mətbuatdan çoxsaylı yol qəzalarını oxuyaq. Amma növbəti aylarda azalmalar baş verəcək və illik statistika balanslaşacaq.

Yol qəzalarında əsas məqam ictimai nəqliyyat vasitələrinin idarəetməsi ilə əlaqədardır. Belə qəzaları azaltmaq üçün ilk növbədə sürücülük mədəniyyəti düzgün formalaşdırılmalıdır. Sürücülər cinayətkarcasına özlərinə güvənməkdən çəkinməlidirlər. Yəni sürücü içkili vəziyyətdə, özünə arxayın şəkildə sükan arxasına keçirsə, qəzanın baş verməsi qaçılmazdır. Bu, cinayətkarcasına özünəgüvənməkdir. Bəzən sürücülər sürət həddini qat-qat artırırlar. İnsanların sürücülük mədəniyyəti nə qədər ki, yüksək olmayacaq qəzaların azalmasını gözləyə bilmərik. Bir müddətə əvvəl Masallıda 8 nəfərin ölümü ilə nəticələnən qəza baş vermişdi. Səbəb isə çox zaman olduğu kimi yüksək sürət idi. Mən anlaya bilmirəm ki, insanlar avtobus sürücüsünün həddindən artıq yüksək sürətlə, sürücülük mədəniyyəti olmadan avtobus idarə etməsinə niyə etiraz etmirlər? Baxırsan ki, avtobus sürücüsü damağında siqaret, qulağında telefon, yüksək sürətlə maşın idarə edir. Təəssüf ki, sərnişinlərimiz də buna etiraz etmirlər. Düşünürəm ki, bu da sərnişin mədəniyyətidir. Onlar öz haqlarını qorumaq üçün lazımi formada mədəniyyətsiz sürücüyə etiraz etməlidirlər”.

Ç.Qənizadə diqqətə çatdırıb ki, sürücülük vəsiqəsinin verilməsi qaydaları ilə bağlı qaydaların sərtləşdirilməsinə ehtiyac yoxdur: “Bu, sürücülərin hüququdur. İmtahan verib, sürücülük vəsiqəsi alırlar. Bir müddət əvvəl Milli Məclisdə qərar qəbul etdik ki, avtomobil idarəsi üçün müvafiq məktəbi oxumaq vacib deyil. Bunu sadələşdirməyimiz o demək deyil ki, sükan arxasına keçən hər kəs şirə dönsün, qanunlara hörmətsizlik nümayiş etdirən vətəndaş olsun. Mən sürücülərin və vətəndaşların yol hərəkət qaydalarına münasibətdə sayğısızlığını qəbul etmirəm. Qanunlara hörmət çərçivəsində sürücülük mədəniyyəti insanlara aşılanmadıqca yol qəzaları çox olacaq”.

Deputat Kamilə Əliyevanın sözlərinə görə, belə fikir formalaşıb ki, fərqli şəraitlərdə, xəstəlikdən, müharibədən yaxud müxtəlif təlafatlardan dolayı insanlar kütləvi məhv olur. Halbuki dünya üzrə hər gün yol qəzalarında bəlkə də minlərlə insan dünyasını dəyişir: “Əminliklə deyə bilərəm ki, yol qəzalarının əksəriyyətinin baş verməsində piyadaların günahı böyükdür. Yol hərəkəti haqqında müvafiq qanunlarda bütün qaydalar göstərilib, hər bir məqam diqqətə çatdırılıb. İnsanlar yol qaydalarına riayət etsələr, inanın, qəzalarda ölüm hallarının sayı yarıya qədər azalar.

Dövlət tərəfindən tikilən piyada keçidlərindən az sayda insan istifadə edir. Sanki hər kəs keçidə düşüb, çıxmağa tənbəllik edir, əvəzində maşınların şütüdüyü yoldan qaçaraq, keçirlər. Gənclər isə qulaqcıqlarını qoşub, yolun piyada keçidi olmayan hissəsindən, arxayınlıqla keçməyə cəhd edirlər. Hətta yolda elə hərəkət edirlər ki, eləbil Bulvarda gəzirlər”.

Deputatın fikrincə, sürücülərimizin də yol hərəkəti qaydalarında naşılığı, arxayınlığı kifayət qədərdir: “Sürücülərimizın əsas əməl etmədiyi qayda sürət həddidir. Avtomobil idarə edənlər çox tələsirlər, maşınlar bir-birlərini gözləmirlər. Məsələn, Heydər Əliyev adına Hava Limanında sürət həddi qoyulub. İstənilən sürücü qaydalara riayət edərək, 120 km/saat sürətlə hərəkət edə bilər. Amma bir də görürsən, kənardan - baryerlərin üzərindən kimsə peyda olur, yolu keçmək istəyir. Sürücülər sürəti tarazlaya bilmədikdə qəzalar baş verir. Üstəlik qarşıdakı maşınlarla məsafəni düzgün saxlamadıqlarına görə zəncirvari qəzalara şahid oluruq.

Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edənlər isə daha təhlükəli problemdir. Bəzən görürük ki, valideynlər yeniyetmə övladlarına maşın həvalə edirlər. Bu cür naşı sürücülərin törətdiyi qəzalar da kifayət qədər çoxdur. İnsanlar anlamalıdırlar ki, qaydalara riyaət etməklə qəzaları, ölüm sayısını sıfıra endirə bilərik. Hər kəs öz məsuliyyətini dərk edib, həyatını riskə atmaqdan çəkinsə, qəzalarda ölüm hallarının qarşısını almaq mümkün olacaq”.

Deputat Kamran Bayramov isə hesab edir ki, yol-nəqliyyat hadisələrinin əsas səbəbi yüksək sürət və sürücülərin məsuliyyətsizliyidir: “Sürücülük mədəniyyəti arzuolunan səviyyədə deyil. Yol-nəqliyyat hadisələrinin əksəriyyəti magistral yollarda, rayonlar istiqamətində baş verir. Bununla bağlı təbliğat, izahat işləri aparılmalıdır. Bu yaxınlarda məlumat oxudum ki, DYP maket avtomobillərdən istifadə edəcək. Bu, xarici ölkələrdə rast gəlinən təcrübədir. İstər-istəməz sürücülərə psixoloji baxımından təsir edəcək, məsuliyyət yaradacaq, sürəti azaldacaqlar. Düşünürəm ki, sürücülərimiz diqqətli olmalıdırlar. Qaranlıq vaxtlarda, içkili vəziyyətdə maşın idarə etməkdən çəkinməlidirlər”.

Bayramov düşünür ki, sakinlərin köhnə avtomobillərdən istifadə etməsi qəzaların artmasına səbəb kimi göstərilə bilməz: “Avtomobil istehsal edən şirkətlər təhlükəsizlik elementlərinə xüsusi diqqət yetirirlər. Ola bilsin ki, istismar müddəti bitmiş maşın istifadə edilsin. Amma yenə də texniki baxışdan keçirilibsə, böyük fəsadlara səbəb olacağına inanmıram. Ona görə, maşınların köhnə olması səbəbindən ölüm hallarının, qəzaların çoxaldığını düşünmürəm. Əsas məsələ odur ki, maşın köhnə olsa da, onu idarə edən şəxs ayıq, peşəkar sürücü olsun”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh