YPX avtomobillərinin maketi hadisələrin qarşısını alacaqmı? - Eksper

Yazarlar 2 Avqust 2019 14:34 Oxunub 2097
YPX avtomobillərinin maketi hadisələrin qarşısını alacaqmı? - Eksper
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nizam-intizamın yaradılması məsələsi kompleks yanaşma tələb edir

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol-patrul xidməti avtomobilinin maketinin avtomobil yollarında tətbiqi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, ölkədə yol hərəkəti qayda pozuntularının qarşısının alınması, sürücü intizamının möhkəmləndirilməsi və yol hərəkəti mədəniyyətinin daha da inkişaf etdirilməsi məqsədilə avtomobil yollarında yol-patrul xidməti avtomobillərinə bənzər maketlərin quraşdırılmasına başlanıb. Həmin maketlərə kamera və YPX əməkdaşları vasitəsilə nəzarət həyata keçirilir. Dövlət əmlakı olan maketlərə ziyan vurulması məsuliyyət yaradır.

Bəs bu maketlərin quraşdırılması nə dərəcədə əhəmiyyətli olacaq?

Məsələ ilə bağlı yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Azadinform-a danışıb: “Yol hərəkəti qaydalarının pozulması və nizam-intizamın yaradılması məsələsi kompleks bir yanaşma tələb edir. Yəni qayda pozulduqda artıq hər şey bəlli olur və onlarla necə işləmək lazım olduğunu bilirik. Bu cür insanlara güzəşt olunmamalıdır, qanun qarşısında cavab verməlidir. Onlarla profilaktik işlər aparılmalıdır. Xüsusən də Prezident İlham Əliyev tərəfindən təsdiq olunan “Yol-hərəkəti Təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı” əsasında müəyyən addımlar atılsa, bir çox dəyişikliklər olacaq. Dünyanın bir çox ölkələrinin təcrübəsindən istifadə etmək lazımdır. Deyərdim ki, hələ də gec deyil, bir növ zərurət yaranarsa, hər şeyə sıfırdan da başlamaq olar”.

Ekspert əlavə edib ki, YPX avtomobillərinin maketinin quraşdırılması da təbliğatın bir növüdür: “Amma tam olaraq hadisələrin qarşısını alacağını düşünmürəm. Bu gözlənilən nəticə deyil. Sadəcə müəyyən nöqtələrdə sürücülərə mesaj verilir ki, qaydaları pozmasınlar. Ona görə də bunun sadəcə nəzarət mexanizmlərindən, təbliğat vasitələrindən biri olduğunu düşünürəm. Amma bunun da müəyyən qədər təsir imkanları olacaq. Mikroavtobus və şəxsi avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olan sürücülər var ki, onlar yol polisinin, radarların, kameraların yerini əzbər bilir. Və çox sürətlə hərəkət edərək qayda pozur, radara çatdıqda isə sürəti azaldırlar. Ona görə də bunlar stasionar deyil, mobil qurğulardır. Yeri tez-tez dəyişdirilir. Onlar üzərində radar və digər qurğular da quraşdırılarsa, sürücülər üçün müəyyən bir təsir mexanizmi ola bilər. Hər bir halda düşünürəm ki, bundan da yaxşı və təsirli addımlar atılmalıdır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh