Maye qazdoldurma məntəqələrində yanacaq çatışmazlığı yaşanır - VİDEO

Avtosfer TV 18 Avqust 2019 01:05 Oxunub 1319
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Problem demək olar ki, bütün məntəqələrdə yaşanır

Bir neçə gündür ki, paytaxt Bakıdakı qazdoldurma məntəqələrində maye qaz çatışmazlığı müşahidə edilir. Avtosfer.az-ın məlumatına görə, sürücülərin məntəqələrə daxil olması da məhdudlaşdırılıb. Girişdə qadağanedici lövhələr qoyulub.

Sürücülər Bakıda maye qaz tapmaqda çətinlik çəkdiklərini bildiriblər. Onların sözlərinə görə, problem demək olar ki, bütün məntəqələrdə yaşanır.

Çəkiliş apardığımız məntəqələrdə əməkdaşlar müsahibə verməsələr də, şifahi olaraq bildirdilər ki, problemin səbəbi haqqında onlar da məlumatsızdırlar.

Maye qazın əsas təchizatçılarından olan SOCAR-ın İctimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov qeyd edib ki, maye qaz istehsal edən Neft Emalı Zavodunun fəaliyyətində hər hansı azalma yoxdur. Zavod tam normal rejimdə işləyir. Bununla belə qıtlığın səbəbi araşdırılacaq. SOCAR rəsmisi əlavə edib ki, şirkətlər maye qazı təkcə yerli bazardan deyil, idxal yolu ilə də əldə etməyə səy göstərməlidir. Yəni, şirkətlərin maye qazı SOCAR-ın zavodlarından götürmələri şərt deyil.

İbrahim Əhmədov həm də əlavə edib ki, şirkətlər hələlik maye qaz idxal etmirlər. Çünki bu, onlara bir az baha başa gəlir. Odur ki, SOCAR vəziyyətin həlli üçün alternativ variantlar axtarır.

Təkliflərdən biri LPG yanacağı əvəzinə ondan daha üstün olan metandan sıxılmış təbii qaza, yəni CNG-yə (CNG – Compressed Natural Gas) keçilməsidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh