Nəqliyyat qoçuları daha bir sürücünü vəhşicəsinə döydülər

Gündəm 26 May 2014 14:25 Oxunub 1611
Nəqliyyat qoçuları daha bir sürücünü vəhşicəsinə döydülər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fədail Atakişiyev: “Beş nəfər üstümə tökülüb döydülər, halsız vəziyyətdə olduğumu görüb yolun kənarına atdılar...”

Paytaxtda daha bir sürücü nəqliyyat müfəttişləri tərəfindən zorakılığa məruz qalıb. Taksi sürücüsü Atakişiyev Fədail Rövşən oğlu mayın 25-də beş müfəttiş tərəfindən döyülüb. Bu barədə musavat.com-a sürücü və atası məlumat veriblər. Sürücünün sözlərinə görə, səhər tezdən, saat 5 radələrində Heydər Əliyev prospektində maşınına əyləşən iki mülki geyimli özlərini Nəqliyyat Departamentinin müfəttişləri kimi təqdim ediblər: “Onlar məndən pul tələb etdilər, mən də onlara verəcək pulumun olmadığını bildirdim. Bu vaxt arxada oturan şəxs məni əlindəki iplə boğmağa bağladı, yanımda oturan isə vururdu. Kənardan bir nəfər də gəlib məni oturduğum yerdə təpikləməyə başladı, sonra daha iki nəfər gəldi. Beş nəfər məni döydü və halsız vəziyyətdə olduğumu görüb yolun kənarına atdılar. Bir nəfər maşınıma oturub çıxıb getdi, o birilər yenidən məni təhqir etməyə başladılar. Sonra onlar da başqa bir maşına oturub uzaqlaşdılar”.

Sürücü deyir ki, müfəttişlər AZ 90 RH 917 dövlət nömrə nişanlı  “015”-inə minərək gediblər: “Maşında kredit üçün yığdığım pul var idi, üç yüz manata yaxın vəsait idi. Maşını kreditə götürmüşəm, iki günə kreditin vaxtıdır, həmin pulu da götürdülər. Pulu götürmək istədim, imkan vermədilər, heç yol pulum yox idi, yol kənarına atdılar, atama zəng  etdim, gəlib məni tapdı”. 

***

Fədail Atakişiyev deyir ki, faktlar bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü bölməsinə, həmçinin Baş Prokurorluğa və Nizami Rayon Prokurorluğuna məlumat veriblər: “Bazar günü ekspertiza olmadığından, təcili yardıma müraciət etdim, məni müayinə etdilər. Özümü çox narahat hiss edirəm, daha çox başıma vurublar”.

Onun sözlərinə görə, səkkiz ildir paytaxtda sürücülük edir və nəqliyyat müfəttişlərinin son illərdə bu cür qanunsuz hərəkətləri ilə çox rastlaşıb: “Davalar çox olub, ancaq bu cür olmamışdı. Tanıdığım o qədər sürücü var ki, bu cür döyülməyə, təzyiqə məruz qalıb. Belə hallar çox olur, nəqliyyat müfəttişləri ciblərində ip gəzdirirlər ki, sürücüləri boğsunlar. Məni də iplə boğdular, biri boğur, ikisi vurur, biri də açarı götürür ki, maşını aparsınlar. Adətən belə edirlər. İndi bilmirəm maşınımı hara aparıblar, bu həm də artıq oğurluqdur, onlar cəzalanmalıdır. Onlar heç kimdən qorxmadıqlarını deyirlər. Mən “102” xidmətinə zəng edəcəyimi deyəndə, dedilər ki, hara istəyirsənsə, zəng edə bilərsən, biz qorxmuruq”. 

***

23-cü polis bölməsindən isə Musavat.com-a bildirildi ki, onlara bu barədə məlumat verilib. Məlumat 6 saylı təcili tibbi yardım stansiyasından gəlib. Bölmədən bildirildiyinə görə, nəqliyyat müfəttişlərinin özbaşınalığı yüksək həddədir: “Gündə əlli-yüz bu cür müraciət olur. Bu hadisələr kütləvidir, çox tez-tez baş verir, gündə onlarla bu cür hadisə yaşanır. Nəqliyyat Departamentinin işçiləridir bunu edən. Onlar ayrıca qurumdur. Biz döyülmə ilə bağlı materialları qəbul edib sadəcə,  prokurorluğa göndəririk. İş təhqiqatçıya verilir və döyülən şəxs  ekspertizaya göndərilir. Bundan başqa, heç nə edə bilmirik. Döyülmə olmayanda, maşın, yaxud sənədlər qaçırılanda isə yenə də şikayəti qəbul edib departamentin özünün bir şöbəsi var, oraya göndəririk”.

***

Hüquqşünas Müzəffər Baxış isə qeyd edir ki, əslində həmin nəqliyyat müfəttişliyinin əməkdaşlarının tələbləri sürücülər üçün qanunun tələbləri olduğuna görə onlar vəzifəli şəxs anlayışına daxildirlər: “Onlar vəzifəli şəxslər olduğuna görə hərəkətlərinə görə məsuliyyətləri var. Məsələn, onlar sürücünü döyüblərsə, boğmaq istəyiblərsə, bu, artıq ölümə sui-qəsddir, onu öldürə bilməyiblər. Belə odluğu halda, araşdırma nəticəsində o əməllər onu boğmağa cəhd kimi tövsif olunmalı və Cinayət Məcəlləsinin 120.1 və yaxud 120.2-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar kimi tövsif oluna bilər. Əgər təkcə fiziki zor tətbiq ediblərsə, Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə tövsif olunan əməllərdir və bu əməllərə görə nəqliyyat müfəttişləri 8 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilərlər. Əgər sürücünün maşınında pul olubsa, müfəttişlər tərəfindən oğurlanıbsa, həmin oğurluq da 180-ci maddə ilə tövsif edilir. Pulun miqdarından asılı olaraq müxtəlif maddələr nəzərdə tutulur, konkret hər bir halda belə məlumatlar varsa, prokurorluq nəzarət etməlidir və həmin şəxslər barəsində araşdırma aparılıb Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmalı, onlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”. Hüquqşünasın sözlərinə görə, müfəttişlərin qanunsuzluqlarının ərizə halında Nəqliyyat Departamentinə göndərilməsi qanunsuzluqdur: “Bu, sırf qanunsuzluqdur, belə hallar, məlumatlar varsa, Cinayət-Prosessual Məcəllənin tələblərinə görə, aidiyyəti üzrə müvafiq qurumlara göndərilir. Onlar  qulluq səlahiyyətlərini aşdıqlarına görə nəzərdə tutulan cinayəti törədiblər. Bu da prokuroruq orqanlarına aiddir. Hər bir halda barəsində cinayət törətməsi barədə məlumatlar olan şəxslərin işi prokurorluğa göndərilməlidir. Artıq nəqliyyat müfəttişlərinin bu kimi hərəkətləri kütləvi hal alıb, qanunsuzluq kütləvidir, bunun barəsində heç bir qanuni tədbir görə bilmirlər. Hüquq-mühafizə orqanlarında da onları müdafiə edən insanlar var, o qurumlara müəyyən təsirlər göstərə bilirlər. Ona görə müdafiə edirlər ki, onlar qanunsuz yollarla böyük pul vəsaitləri yığırlar. Pul vəsaitləri də onları müdafiə edən vəzifəli şəxslərlə bölüşdürülür”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh