Azərbaycanın ilk pullu yolunda qəzalar niyə çoxalır? - Ekspert səbəbləri yazdı

Yazarlar 31 Avqust 2019 13:32 Oxunub 6508
Azərbaycanın ilk pullu yolunda qəzalar niyə çoxalır? - Ekspert səbəbləri yazdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu şəraitdə 2 ciddi problem yaranır

Ələt-Astara-İİR ilə sərhəd yolu bir neçə ay əvvəl istismara veriləndən sonra o yolda qəzalarda ölənlərin sayı-hesabı yoxdur. Dünən daha bir ağır hadisə baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Həmin yolda tez-tez belə ağır qəzaların olmasının əsas səbəbini bir neçə gün əvvəl gecə vaxtı həmin yolda hərəkət edərkən bir daha aydın şəkildə müşahidə etdim.
Diqqət edirsinizsə, ağır hadisələrin mütləq əksəriyyəti qaranlıq vaxtı baş verir. Əsas səbəb də bununla bağlıdır. Yolda süni işıqlandırma yoxdur, yüksək sürətlə intensiv qarşılıqlı hərəkət var (demək olar ki, hər zaman qarşı hərəkət hissəsi ilə avtomobil gəlir).

Bu şəraitdə 2 ciddi problem yaranır: 
1) sürüclərin bəziləri yaxın işıqdan istifadəyə məcbur olduğuna görə zəruri məsafəni görə bilmir, orada olan istənilən maneə (dayanan avtomobil, hətta azacıq döngələrdə qoruyucu sədlər və s.) sürücü üçün görünməz olur. Yaxın işığın düşdüyü məsafədə həmin maneəni görən sürücünün manevr imkanı ya olmur, ya da sərt manevr edərək qəzaya uğrayır;
2) xeyli sürücü qarşıdan gələnlərə məhəl qoymadan uzaq işıqla sürür. Bu halda uzaq işıq gözünə düşən sürücü praktiki olaraq heç nəyi görmür, qarşıda gözlənilməz maneəyə və ya döngələrdə ayırıcı zolaqdakı və ya yolkənarı qoruyucu səddə çırpılır.
Probelmi aradan qaldırmaq üçün hesab edirəm ki:
1) ləngitmədən həmin yol tam işıqlandırılmalıdır. Müsair az enerji sərf edən, hətta alternativ enerjidən istifadə edən işıqlandırma sistemi yaradılmalıdır;
2) bütün yol boyu nişanlanma xətləri müasir işıqqaytarıcı boyalarla işlənməlidir, özü də hərəkət hissələrinin kənarları avtomagistral üçün nəzərdə tutulan 1.2 xətti ilə işarələnməlidir. Ayırıcı zolaqdakı və kənarlardakı qoruyuci sədlər isə standarta uyğun işıqqaytarıcı elementlərlə (üçbucaqlı bayraqçıqlarla) təmin edilməlidir.
Sürücülərə isə tövsiyə edirəm ki:
1) 5.1 nişanına və üzərində "110-120" yazılan 3.24 nişanına aldanıb çox yüksək sürətlə sürməsinlər (xüsusən qaranlıqda), görünmə şəraitinə uyğun sürət seçsinlər;
2) işıq cihazlarından düzgün istifadə etsinlər, digər sürücülərə hörmət edərək, qarşıdan gələnlər varsa, qaydalara uyğun olmaqla uzaq işıqdan istifadə etməsinlər.
Çalışın özünüz qoruyun...

 

Ərşad Hüseynov

Hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh