Tıxacların qarşısının alınması üçün dərslər bu saatda başlasın - Ekspertdən təklif

Yazarlar 5 Sentyabr 2019 16:50 Oxunub 2840
Tıxacların qarşısının alınması üçün dərslər bu saatda başlasın - Ekspertdən təklif
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bu, 10 sinifdə tətbiq olunsa, o deməkdir ki, bir məktəbin qarşısından 200-300 maşın azalacaq”

“Lazım deyil ki, ibtidai sinif şagirdi ağlaya-ağlaya səhər saat 8-də məktəbə gətirilsin. Məsələn, ibtidailərin dərsini saat 09:00 üçün təşkil etmək olar. Valideynlərlə danışıq aparmaq olar. Məsələn, elə valideyn var ki, saat 8-də işi başlayır, 8-ə qalmış uşağını məktəbə qoyur, bu, onlar üçün rahat olur. Bəziləri hətta işini övladının dərs saatına uyğun qurub ki, onu məktəbə apara bilsin. Hər bir məktəbin valideyn-şagird kollektivini dinləməklə bu sahədə addım atmaq olar".

Avtosfer.az xəbər verir ki, bunu “Eurasia Diary”ə açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı Bakı və Azərbaycanın digər böyük şəhərlərində tıxacların qarşısının alınması üçün atılacaq addımlar barədə fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə, Bakıda keçirilən Avropa Oyunları zamanı Nazirlər Kabineti belə bir qərar qəbul etmişdi ki, şəhərin mərkəzində yerləşən böyük idarə və müəssisələrdə çalışan işçilər tıxac olmaması üçün fərqli saatlarda işə gəlsinlər. "Lakin buna əməl edən olmadı. Kağız üzərində qaldı. Lakin dünyanın bir çox ölkələrində bu üsullardan istifadə edirlər. Digər tərəfdən məktəbli avtobusları deyilən bir servis var. Bundan istifadə edilməsi əksər valideynlərin ürəyincə olar. Valideynlər səhər-səhər ya maşınla övladlarını aparırlar, ya da taksi tutmağa məcbur olurlar. Və servis bunlarla müqayisədə daha əlverişli ola bilər. 20 valideynin eyni yolu getməsindənsə, sadəcə bir avtobus o yolu getməsi daha əlverişli olar. Bu, 10 sinifdə tətbiq olunsa, o deməkdir ki, bir məktəbin qarşısından 200-300 maşın azalacaq. Pik saatlarda 300 maşının azalması çox mühümdir. Bunu mütəxəssislərlə, aidiyyatı qurumların rəhbərləri ilə ətralı şəkildə müzakirə etmək lazımdır. Bu addımın atılması çox yaxşı nəticəyə gətirib çıxarar. Xarici təhsil mərkəzləri, özəl təhsil müəssisələri var ki, bu xidməti yaradıblar və bu, valideynlər üçün də, uşaqlar üçün də olduqca rahatdır. Müasir texnologiyalardan biz də istifadə eləməliyik. Nə vaxta qədər Sovet ənənəsində qalacağıq? Bəzən görürük ki, imkanlı bir ailənin övladının arxasınca 3-4 maşın gəlir, bu qədər də görməmişlik eləmək lazım deyil. Lakin təəssüf ki, cəmiyyətimizdə bu hallar mövcuddur”, - deyə ekspert bildirib.

Qeyd edək ki, Təhsil Nazirliyi 2015-ci ildə rəsmi olaraq Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına Bakıdakı təhsil müəssisələrində iş qrafikinin dəyişməsi ilə bağlı müraciət etsə də, məsələ hələ də öz həllini tapmayıb.

E.Muradlı hesab edir ki, Nazirlər Kabineti, Dövlət Yol Polisi, Bakı Nəqliyyat Agentliyi və Təhsil Nazirliyi bu məsələnin üzərində birgə çalışmalı və optimal bir qərar verməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh