Qadınlar yoxsa kişilər daha çox qayda pozur? - DYP-dən RƏSMİ AÇIQLAMA

Yazarlar 8 Sentyabr 2019 01:00 Oxunub 2298
Qadınlar yoxsa kişilər daha çox qayda pozur? - DYP-dən RƏSMİ AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Sükan arxasında kim olduğundan asılı olmayaraq hamı sürücüdür"

Hazırda sürücülər arasında xanımların daha çox qaydanı pozduqları ilə bağlı iddialar dolaşır. Bəzi sürücülər bunu xanımların zərifliyi ilə əlaqələndirsə də, xanımların daha az qayda pozduğunu, diqqətli sürdüklərini söyləyənlər də az deyil.

Mövzu ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovla danışdıq.
O, Yeniavaz.com-a açıqlamasında bildirdi ki, belə bir müqayisəni aparmaq olduqca çətdindir. Onun sözlərinə görə, 1 milyon 400 minə yaxın sürücüdən yalnız 40 mini xanım sürücülərdir: "Qeyd edim ki, təxminən hər 100 protokoldan yalnız 1-i qadınlara yazılır. Sükan arxasında hər kəsin peşəkarlığı olmalıdır. Peşəkarlıq 1-2 ilə əldə edilən bir şey deyil. İşin digər tərəfi də, peşəkarlıq bəzən vaxtla asılı olmaya bilir. Bəzi sürücülər qadınların daha zəif sürdüyünü desə də, mən bununla razı deyiləm. Xanımlar arasında intizamlı, bütün qaydalara riayət edərək sürənlər də az deyil".
Vaqif Əsədov bildirdi ki, xanımlar kişi sürücülərlə müqayisədə təhlükəsizlik kəmərindən daim istifadə edirlər. Ancaq, bəylərə təhlükəsizlik kəmərinə görə, çox sayda protokollar yazılıb. Qadınlara isə daha çox mobil telefondan istifadəyə görə, cərimə tətbiq edilir: "Qadınlar arasında ən çox qayda pozuntusu güzgüyə baxmaq, ya da mobil telefonla danışmaqdır. Tərtib edilən protokolları təhlil edəndə hər 100-300 sürücüdən yalnız birində xanım sürücünün qayda pozduğu ilə rastlaşırıq. Xanım sürücülər arasında ən çox pozulan yol hərəkəti qaydasından biri isə manevr qaydalarının pozulmasıdır".
Vaqif Əsədov xanım sürücülərin bəzi şikayətlərindən də danışdı:
"Burada qeyd etmək istəyirəm ki, xanımlar bizə kişi sürücülərin onlara mane olduqlarını şikayət edirlər. Kişi sürücülərin bəzi hallarda yol vermədiyi halları ilə rastlaşırıq. Görürlər ki, sükan arxasında qadın sürücü var, kişi sürücülər çox sərt şəkildə sürməyə başlayırlar.
DYP rəsmisi, xanımların yollarda olduqca diqqətli davrandıqlarını söylədi. Sürücülükdə peşəkarlığın əsas olduğunu bildirən Vaqif Əsədov dedi ki, bu peşənin öhtəsindən hər kəs eyni şəkildə gələ bilməz:
 "Bəzi kişi sürücülər özündən razılıq edib, sərt şəkildə sürərək qəzalara səbəb olurlar. Belə sürücülər xanımların ehtiyatlı sürməsinə zəiflik deyirlər, ancaq elə deyil. Ola bilər kişi sürücülər xanımlara nisbətən daha çevik sürsünlər ancaq, qabiliyyət, diqqətli olmaq, peşəkarlıq sürücülükdə əsasdır. Elə qadınlar var bir neçə aydır maşın sürməyə başlayıb, ancaq o qədər professional sürür ki, heç bir qaydanı pozmur. Mənim 55 yaşım var, 37 ildir maşın sürürəm. Ona görə, bir çox hadisələrin şahidi olmuşam, araşdırma da aparmışam. Mən sürücülərin kateqoriyalara bölünməsinin tərəfdarı deyiləm. Kişi və ya qadın fərqi yoxdur, hər kəs sürücüdür. Qadınlar öz xüsusiyyətlərinə görə, ehtiyatlı, yavaş sürür, kişilər də öz xüsusiyyətlərinə görə, nisbətən çevik və sərt idarə edirlər. Ona görə, hər iki tərəf bir-birinə qarşı sürücülük barədə ziddiyətli fikirlər söyləyə bilirlər. Son olaraq bütün sürücülərdən xahiş edirəm ki, bir-birimizi müzakirə etməyək, hər kəs öz işi ilə məşğul olsun. Sükan arxasında kim olduğundan asılı olmayaraq hamı sürücüdür. Çünki sürücülük bir peşədir və bu peşəni daşıyan hər kəs yol hərəkəti qaydalarını bilib ona əməl etməlidir".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh