Yol qəzaları: statistika, ağır nəticələr - Bəs necə qorunmaq olar?

Yazarlar 11 Sentyabr 2019 10:12 Oxunub 2275
Yol qəzaları: statistika, ağır nəticələr - Bəs necə qorunmaq olar?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaların 50 faizdən çoxunu məhz piyadaların vurulması halları təşkil edir

Son vaxtlar mətbuatda ağır nəticəli yol-nəqliyyat hadisələrinin baş verməsi ilə bağlı çoxsaylı xəbər başlıqlarına tez-tez rast gəlinir. İlk baxışdan adama elə gəlir ki, bu qəzalar respublikamızın hansısa bölgəsində baş verib və nədənsə televiziyalar bu haqda heç bir məlumat vermir. Lakin yazını oxuyanda görürsən ki, hansısa xarici dövlətlərdən birinin ərazisində qeydə alınmış qəzadır, sadəcə daha çox oxucu cəlb etmək məqsədilə başlıqlarda ölkə adı göstərilmir.

Bəs görəsən ümumiyyətlə, xarici dövlətlərlə müqayisədə ölkəmizdə baş vermiş yol qəzalarının və ümumilikdə yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında vəziyyət necədir?

Baş DYP İdarəsindən verilən məlumata görə respublikamız yol qəzalarının statistikasına və yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına görə inkişaf etmiş qərbi Avropa ölkələri ilə müqayisədə hələ ki, bir qədər geridə olsaq da regionda və Rumıniya, Bolqarıstan, Latviya, Polşa, Xorvatiya, Ukrayna, Moldova kimi şərqi Avropa dövlətləri arasında ön sıralardayıq. Buna baxmayaraq il ərzində qəzalarda 722 nəfərin, 6 ayda isə 342 nəfərin həlak olması heç də qənaitbəxş hal hesab edilə bilməz. Lakin müstəqilliyin əldə olunduğu ilk illərdə bu rəqəmlərin təxminən 2 dəfə (1281) artıq olmasını, bu müddət ərzində nəqliyyat vasitələri sayının 4 (320 mindən 1milyon 360 minə), ölkə əhalisi sayının isə təxminən 2 dəfə artmasını nəzərə alsaq, yol-nəqliyyat hadisələrinin və bu qəzalarda ölən və yaralı sayının sürətlə azalması dinamikasını açıq-aydın görmək olar.

Onu da qeyd edək ki, Avropanın bir çox inkişaf etmiş dövlətlərində yol təhlükəsizliyinin təmin olunması üzrə işlərə hələ ötən əsrin 50-ci illərinin sonlarından başlanıb və təxminən 25-30 ildən sonra bu sahədə müəyyən qədər müsbət nəticələr əldə edilib, 40-50 ildən sonra isə yüksək göstəricilərə nail olublar.

Məsələn, yol-nəqliyyat hadisələrinin Avropa sakinlərinin həyatı üçün ciddi təhlükə yaratması ilk dəfə 1957-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilib. Həmin vaxt, yəni Avropadakı nəqliyyat vasitələrinin sayı indikindən dəfələrlə az olduğu zamanlarda 102.552 insan yol qəzasının qurbanı olub. Təxminən hər ölkədə 3 minə yaxın ölüm və bu rəqəmlər getdikcə artmağa başlayıb, yalnız 70-ci illərdə vəziyyət yaxşılığa doğru inkişaf edib .

Bizdə isə yol infrastrukturunun inkişafına 2005-ci ildə start verilib və həmin il ölkədə nəqliyyat vasitələrinin sayı  620.407, yol qəzalarında həlak olan adam sayı isə 1065 nəfər olmasını nəzərə alsaq, 13 il ərzində avtomobillərin 2 dəfədən artıq artmasına baxmayaraq ölənlərin sayı 32 faiz (343) azalıb. Lakin bir məsələni də qeyd etmək lazımdır ki, yol-nəqliyyat hadisələrinin, bu qəzalarda ölüm və xəsarət hallarının qarşısının alınması üçün yol infrastrukturunun müasirləşdirilməsi, qanunların və yol-patrul xidməti işinin təkmilləşdirilməsi, nəqliyyat parkının yenilənməsi və digər tədbirlərin həyata keçirilməsi ilə tam müsbət nəticələr əldə edilə bilməz, bu hadisələrin qarşısının alınması üçün vətəndaşlarımızın özləri də öz həyatlarının təhlükəsizliyi haqqında düşünməli, bu məsələlərə ciddi yanaşmaqla həyati vacibliyinə önəm verməlidirlər. 

Təkcə bir faktı qeyd edək ki, respublikamızda baş verən yol-nəqliyyat hadisələrinin 50 faizdən çoxunu məhz piyadaların vurulması halları təşkil edir. İndi təsəvvür edin, hərəkət iştirakçılarından əgər yalnız piyadalarımız küçə və yollarda düzgün davranış qaydalarına doğru-dürüst əməl etsələr, bu artıq ölüm hallarının 50 faizdən çox azalmasına səbəb olar. Bununla bizim də ölkəmiz yol təhlükəsizliyi baxımından siyahının ön sıralarda yer alar və ən başlıcası da insanlarımız yol qəzalarının qurbanına çevrilməzlər.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh