Qazaxda xeyli sayda silah-sursat tapılıb

Gündəm 17 Sentyabr 2019 09:25 Oxunub 748
Qazaxda xeyli sayda silah-sursat tapılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb

Qazax rayonu, Kəmərli kəndi ərazisində çoxlu sayda silah-sursat tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Avtosfer.az-a bildirilib ki, 16 Sentyabr tarixində saat 15:02-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Qazax rayonu, Kəmərli kəndi ərazisində silah-sursatın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd piyada əleyhinə mina (OZM-72), 1 ədəd əl qumbarası (RQD-5), 2 ədəd silah qumbarası (OQ-7) və 413 ədəd müxtəlif çaplı patronlar aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunan hərbi təyinatlı əşyaların ətrafında 550 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh