Dövlət qurumları hibrid və elektromobillərə keçməlidir - Ekspertdən təklif

Yazarlar 19 Sentyabr 2019 15:52 Oxunub 1705
Dövlət qurumları hibrid və elektromobillərə keçməlidir - Ekspertdən təklif
WhatsApp kanalımıza abunə ola bilərsiniz
30-40 ilin avtomobillərindən azad olmalıyıq

Ötən il dekabrın 27-də Prezident İlham Əliyev Yol hərəkətinin təhlükəsizliyinə dair 5 illik  dövlət proqramı imzalayıb. Proqram çərçivəsində bir çox addımların atılması, o cümlədə ətraf mühitin qorunması məqsədilə köhnə avtomobillərin istismardan yığışdırılması, utilizasiya edilməsi, eləcə də yeni avtomobillərin ölkəyə gətirilməsini təmin etmək, onların arasında hibrid və elektromobillərə xüsusi önəm vermək kimi tapşırıqlar aidiyyəti qurumlar qarşısında qoyulub. Bununla yanaşı həmin proqramda qeyd olunub ki, ekoloji cəhətdən təmiz avtomobillərin ölkəyə gətirilməsi stimullaşdırılmalıdır. Bunun üçün gömrük rüsumlarının sıfıra bərabər olması, bununla da insanların bu cür avtomobillərə həvəslə yanaşması nəzərdə tutulur ki, hələlik proqramın icrasından 9 ay keçməsinə baxmayaraq dövlət qurumları bununla bağlı hər hansı geniş layihələr, tutarlı proqramlar ortaya qoymayıb. Təssüflər olsun ki, bu barədə hər hansı irəliləyiş yoxdur. 


Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin qorunması məqsədilə avtomobillərin vurduğu zərərlə bağlı mütəmadi məlumatlar açıqlayır. Bu məlumatlar təsdiqləyir ki, ətraf mühitə ən çox zərər vuran da məhz avtomobillərdir.

Statistika göstərir ki, ətraf mühitin çirklənməsinin 70-80 faizini məhz avtomobillərdən ixrac olunan zəhərli qazlar təşkil edir. Bunun nəticəsidir ki, onkoloji xəstəliklər çoxalır, atmosfer çirklənir. Bunun qarşısını almaq üçün müxtəlif addımlar atılmalıdır. Necə ki bizə yaxın olan İran, Gürcüstan və Türkiyə elektromobillərə xeyli güzəştlər edir. Burada digər avtomobillərə nisbətən əlavə dəyər vergisi və gömrük rüsumları 70 faiz aşağıdır. Bəzi ölkələrdə isə bu cür avtomobillərə rüsum nəzərdə tutulmur. Azərbaycanda isə "Toyota" şirkəti rəsmi olaraq hibrid avtomobilləri ölkəyə gətirir. Lakin gömrük rüsumları, əlavə dəyər vergisi yüksək olduğu üçün bu avtomobillər ölkəyə baha gəlir. İnsanlar da buna maraq göstərmir. Bu baxımdan çox ciddi addımlar atılmalıdır.

Təklif olunur ki, elə ilk növbədə dövlət qurumları hibrid avtomobillərə keçid etsinlər. Bunu cəmiyyət arasında da təbliğ etməklə insanları ekoloji təmiz avtomobillərə meylləndirmək olar. Düşünürük ki, gələcəkdə "Tesla"nın elektromobillərinin ölkəyə gətirilməsinə güzəşt tətbiq etmək olar. "Toyota"nın hibrid avtomobillərə güzəşt tətbiq etmək olar. Məhz bununla biz ətraf mühitin qorunması üçün çalışmalı, 30-40 ilin avtomobillərindən azad olmalıyıq. O avtomobillər həm yeriyən tabutdur. Heç bir təhlükəsizlik elementləri yoxdur. Həmçinin ətraf mühiti çirkləndirir. Bu isə bizim sağlamlığımız üçün təhlükəlidir.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh