Avtosfer.az | Reklam
Hər kəsin yaşamadığı ömür - Polis ömrü... - FOTO
Yazarlar 21 Sentyabr 2019 18:26 5065 dəfə oxunub
Hər kəsin yaşamadığı ömür - Polis ömrü... - FOTO
Qulpundan tutduğun iş həm özünün, həm də Vətənin başını ucaltsın...

Bilirəm ki, sevinəcək: düz beş il bundan öncə olduğu kimi. Doğum günü ərəfəsində görüşmüşdük və yazı üçün qeydlər aparacağımdan duyuq düşməsin deyə, üstümdə heç nə götürməmişdim. Yaddaşıma güvənib onunla həmsöhbət olmuşdum. 75 illik ömür səhifəsindən yadında qalanları, yaşadıqlarını birər-birər anlatmışdı. Kövrəlmişdi, duyğulanmışdı. Keçmişə boylanmağın necə çətin olduğunu, insana hansı hisslərin yaşadacağını bəlli bir yaşı haqlayanlar daha yaxşı bilirlər. Bəs görəsən şair niyə “Yetmişində batma yasa” demişdi? 80-ni, 90-nı deməmişdi. Və sonra “Kim ki, yüz il yaşamasa” deməklə özünə haqq qazandırmışdı...

O, köhnə kişilərdəndir və yaddaşına, yaşadıqlarına heç zaman xəyanət etməyib. Yaşadığı evin qapısına yazılmış “Məhərrəmov.M” o demək idi ki, illər öncə bu qapını, bu ocağı bu soyada və ada görə tanıyanlar, bura gələnlər gündən-günə dəyişən və gözəlləşən Bakımızda karıxıb qalmasınlar. Bu gün qapı üstünə ad, soyad yazmaq dəbdən düşüb. “Köhnəlikdir” deyib bəzilərimiz keçmişdən qalanlardan üz çeviririk. Beləcə, bir ünvan, bir ad və soyad unudulur. Həm də unuduruq bir-birimizi. Biz sözlə, şəhər belədir: doğmaları da ögeyləşdirir. Zaman şəhərdə daha tez keçir, kənddə isə sanki sirli bir qüvvə onun əyləncini dartıb-saxlayır...

İsti ocaq, doğma nəfəs insanı həmişə özünə çəkir və mən də düz beş il bundan öncə ondan gördüyüm baba nəvazişinin, səmimiyyətinin, ağsaqqal sözünün işığına üz tutmuşdum və əlbəttə ki, 80 yaşda keyfini soruşmağa, hal-əhval tutmağa gəlmişdim...

Qapını üzümüzə özü açdı və baxışlarından: “Demək unudulmamışıq, yaddan çıxmamışıq” cümləsini birnəfəsə oxudum...

Gəlişimin məqsədini anlamışdı və “Sözə başlamazdan öncə, gəl səninlə çörək kəsək” deyəndə bu gün köhnədi, quruyub deyə kimlərinsə küçələrə atdığı, polietilen torbalarda zibil yeşiklərinin kənarına qoyduğu o müqəddəs nemət gözlərimin önünə gəldi. Çörəyin müqəddəsliyini, hansı əziyyətlərlə başa gəldiyini çörəyi sevənlər və əli zəhmətlə çörəyə çatanlar yaxşı bilirlər...

1986-cı ildən indi yaşadığı evin işığı yanır. Bu ocaqdan iki qız bala pərvazlanıb, gəlin köçüb. Nəvələrin ayağı bu ocaqda yer tutub, dilləri burda açılıb. Xatırladanda ki, 75 illik yubileyi ilə bağlı kiçik bir təbrik yazısı yazmışdım və bu gün 80-nin sevincini yazmaq da nəsib oldu. Gülümsəyib: “O zaman doxsanı, yüzü də sən yazarsan”,- dedi.

Yazmaq könül işidir və Vətən sevdalı ürək sahiblərindən, bu xalqın yaddaşına hopanlardan, bu dövlətin qurulmasında, onun möhkəmlənməsində əməyi olanlardan yazanda söz səndən uzaq qaçmır, onun hənirini, istisini hiss edirsən.

Yaddaşı yerindədir təqaüddə olan polis polkovniki Məhəbbət Məhərrəmovun. Xatirələrini danışmağa xəsislik etmir, amma ötənləri xatırlayanda kövrəlməmək də mümkün deyil. Ata, ana, dünyasını dəyişmiş dostlar, xatirəsi ürəkdə yuva quran yaxınlar, uzaqlar...

Əslən bu gün düşmən tapdağında inləyən Şuşadandır. Atasını təyinatla Ermənistana göndəriblər və o, 1939-cu il sentyabrın 21-də Hamamlıda (Spitak) doğulub. Atası müharibəyə gedəndə onun iki yaşı olub. Orta məktəbə Naxçıvanda gedib. Sonra Bakıya köçüblər. Ali Partiya Məktəbini bitirən atası müxtəlif vəzifələrdə çalışdıqdan sonra milisin sıralarına qəbul olunub. Balaca Məhəbbət kiçik yaşlarından dəmir nizam-intizam görüb və həyatın qoynuna atılanda çətinliklər onu qorxutmayıb.

Deyir ki, 14 yaşından özü çörək qazanıb, maaş alıb. Bakı Neft Texnikumunu bitirdikdən sonra Sabunçuda mədənlərində işləyib. Günü qara olmasa da, üstü-başı həmişə qara məzutlu, neftli olub. O, əslində, barmaqla sayılacaq azərbaycanlılardandır ki, Ukraynada Hava hücümündan müdafiə bölmələrində hərbi xidmət keçib. Çünki o zaman azərbaycanlıları bilərəkdən tikinti-inşaat üzrə olan hərbi hissələrə göndərirdilər. Açığı, əziyyət görmək istəməyən, silahı, texnikanı öyrənməyə ərincəklik edən həmvətənlərimizin çoxunun ürəyindən idi inşaatda xidmət etmək. Onun sayıqlığı nəticəsində düşmənin cəsus hava şarı aparatı müəyyənləşdirilir və məhv edilir. Rus dilini mükəmməl bilən həmkarımızı həmin hadisədən sonra hərbi hissə rəhbərliyi komsomol katibi təyin edir. O, qeyri-millətlərdən fərqlənməyi həmişə bacarıb. Həm də boks üzrə respublika və paytaxt çempoinatlarında peşəkar boksçu kimi sözünü deməsi hərbi xidmətdə də köməyinə çatıb, həmvətənlərimizi ağlının və yumruğunun gücü ilə qoruyub.

İnstituta imtahan verəndə əynində əsgər şineli, ayağında əsgər çəkmələri vardı...

Gündüzlər işləyib, axşamlar oxuyub. Əlinin qabarı ilə gözünün nuru onu qaranlıqdan işığa çıxarıb. İnstitutu bitirdikdən və komsomola keçdikdən sonra bir çox vəzifələrdə işləyib. Ali Partiya Məktəbini bitirib. Təbliğat və təşviqat üzrə mütəxəssislər hazırlmaq o zamankı ideologiyanın ayrılmaz hissəsi idi və bu işə həm kifayət qədər maliyyə ayrılırdı, həm də vaxt. Çünki dövlətçilik dayaqlarının möhkəmləndirilməsi üçün bu ən vacib şərtlərdən idi.

O vaxt nəyi və necə təbliğ edirdiniz sualıma cavabı belə oldu: Vətəni sevməyi.

Bu gün təəssüflər olsun ki, ölkəmizdə bəzi qüvvələr bölücülüklə məşğul olur, müstəqilliyimizi, inkişafımızı gözü götürməyənlərin istəklərini yerinə yetirməkdən ötrü hər rəngdə siyasi don geyinib Azərbaycanı 90-cı illərə qaytarmaq istəyirlər.

Mövzudan kənar olsa da, etiraf edək ki, təbliğat və təşviqat işlərində biz “SSRİ”dən geridəyik...

Tədbirlərin birində çıxış edərkən Məhəbbət Məhərrəmov o zamankı Daxili İşlər naziri Cəfər Vəliyevin diqqətini cəlb edir. Mərkəzin Komitənin qərarı ilə onu 1980-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində Siyasi tərbiyə işləri üzrə şöbəyə müavin təyin edirlər. Bu vəzifəyə təyin olunduqdan sonra o, ulu öndərimiz Heydər Əliyevlə görüşür, onun tövsiyələrini dinləyir. DİN-in İslah Əmək Müəssisəsində rəis müavini, Bakı Şəhər Daxili İşlər İdarəsində şöbə rəisi, rəis müavini, DİN Pasport, Qeydiyyat İdarəsində rəis müavini işləyib. 1992-ci ildə o da daxili işlər orqanlarının bir çox peşəkarları kimi polis polkovniki rütbəsində AXC tərəfindən vəzifədən uzaqlaşdırılıb. Lakin “Haqq üzülər, nəzilməz” deyiblər. Ulu öndər ali hakimiyyətə ikinci dəfə qayıtdıqdan və 1994-cü ildə Daxili İşlər Nazirliyində aparılna islahatlardan sonra rəhbərlik onları yenidən xidmətə qaytarır. Qarabağ ətrafında baş verən hadisələr zamanı dəfələrlə xidməti ezamiyyətlərdə olub, ömrünü güllələrdən bir addımlıq məsafə ayırıb.

Qocaman həmkarımız 1996-cı ildə daxili işlər orqanlarından yaş həddinə görə təqaüdə göndərilib. DİN Veteranlar Şurasının üzvüdür...

80-nin “dizini” yerə qoysa da yenə də Vətənpərvərlik ruhu, vətəndaş yanğısı ilə DİN-də və məktəblərdə, əmək kollektivlərində keçirilən tədbirlərdə fəal iştirak edir, necə deyərlər, beləcə canından illərin yorğunluğunu çıxardır...

Sözardı: Mən, əslində, onu dünən-sentyabrın 20-i Neftçilər günündə də təbrik etməliydim. O, polis olmazdan öncə nefçi idi, neftli əlləri ilə çörək qazanmışdı. Bütün peşələr çətindir və gözəldir. Yetər ki, sahibi olduğun sənət, qulpundan tutduğun iş həm özünün, həm də Vətənin başını ucaltsın...

Hafiz Təmirov,

polis mayoru

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh