Yol polisinin işindən ancaq o adamlar narazı qalır ki... - Ləkələmə kampaniyası

Yol polisi 23 Sentyabr 2019 23:28 Oxunub 2533
Yol polisinin işindən ancaq o adamlar narazı qalır ki... - Ləkələmə kampaniyası
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP heç kimi heç nədən cərimə etmir, qayda pozmasan səni durduran olmaz

“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili “DYP inspektorlarının pusqu, tələ və cərimə oyunu” adlı məqalə ilə çıxış edib. Məqalədən sanki yol polisinin mövcudluğundan qıcıqlanan müəllif sürücülərin rahat şəkildə qaya pozmasını və onlara heç kimin “gözün üstdə qaşın var” deməməsini arzulayır. Asif Mərzili qeyd edir ki, yaşadığı Sabit Orucov küçəsi (Xətai rayon Prokuroluğu ilə kəsişmə) şəhər istiqamətində gedəndə Xətainin heykəlinə dirənir. 4 yerdə yol kəsişməsi var, amma işıqfor yoxdur. Yəni, nizamlanmayan yolayrıcıdır. Yolun ortasına bütöv xətt çəkiblər. Bu küçədə 4-5 restoran, böyük market və iki qəlyanxana var... Yolun sağı da, solu da maşın dayanacağıdır. Küçədə hər gün səhərdən axşamadək tıxacdır.

Cənab Mərzili düşünür ki, DYP-nin təzə "Mersedes"ində əyləşən inspektorlar maşında oturub sürücüləri güdürlər ki, kim kimə yol verdi, tələsdi və s.
Guya DYP-nin 4-5 avtomobili burada pusqududadır. Hansı ki, müəllif özü də etiraf edir ki, söhbət yolayrıcından gedir. Yol hərəkəti qaydalarında isə yolayrıcı mürəkkəb yol sahəsi sayılır və yol nişanları, svetofor və ya nizamlayıcı vasitəsilə nizamlanır. Bunlar olmadıqda isə sürücü sağdan gələn nəqliyyat vasitələrini gözləyərək hərəkəti davam etdirməlidir. Amma Asif Mərzilinin yazdıqlarından anlaşılır ki, həmin nöqtədə qayda pozan sürücülərin sayı çoxdur. O özü də qeyd edir ki, ərazidə nişan və nişanlanma xətləri var. Deməli, sürücülər üçün aydın şərait mövcuddur. Yox əgər kimsə yolu yuxulu halda keçirsə və nişanlara baxmırsa və bununla da qayda pozub cərimələnirsə, o zaman DYP nə etsin? Axı, sürücünün əli sükanda, gözü yolda olmalıdır.
O hansı qanunda yazılıb ki, DYP bütün nizamlanmayan yolayrıclarını nizamlamaq üçün əraziyə əməkdaş təhkim etməlidir? Amma adətən biz onlara rast gəlirik. Əslində, orada xidmət aparan inspektorlar gündəlik iş prosesini həyata keçirirlər və disokasiya üzrə təhkim olundaqları ərazidə həm avtomobillə eyni yerdə, həm də hərəkət edərək işlərini görə bilərlər. Zərurət yarandıqda, yəni sıxlıq və digır hallar müşahidə olunduqda isə rəhbərliyin göstərişi ilə yolayrıcında və ya digər nöqtələrdə piyada xidmət aparırlar. Kimsə buna başqa don geyindirməsin. Çünki bütün bunlar “Yol patrul xidməti haqqında” Təlimatda əksini tapan hallardır.
Asif bəyin iddia etdiyi kimi, yolun hər iki tərəfində avtomobillərin park edilməsi başqa mövzudur. Çünki Bakıda parkinq məsələlərinə DYP nəzarət etmir.
Qaydalar deyir ki, sürücü yol nişanlarına uyğun hərəkət etməlidir. Amma kimsə nişanlara baxmadan özünə rahat formada qayda pozaraq hərəkət etmək istəyirsə və Asif bəy bunu normal qəbul edirsə, bu artıq xaotik vəziyyətə gətirib çıxaracaq hal ola bilər. Sürücüləri belə hallara çağırmaq, bu cür halları dəstəkləmək normal yanaşma deyil.

Əvvəla etiraf etmək lazımdır ki, son illər yol polisi qayda pozmayan sürücünü nadir hallarda saxlayır. Çünki onların üzərində səsyazma qurğusu, avtomobildə isə videokamera mövcuddur. Buna görə də, qayda pozmayan sürücü ilə yol polisinin işi yoxdur. Bunu 10 sürücüdən 8-i etiraf edər ki, durum həqiqətən belədir. Amma nədənsə bəziləri çox ağır şəraitdə qayda pozduğu halda buna haqlı don geyindirməyə çalışır. Özü də yolayrıcları real təhlükə mənbəyi olduğu halda Asif bəy bu xətaya görə cərimə edilməyi, belə təhlükəli ərazidə nəzarətin olmasını qəbul edə bilmir.
Sizcə, Azərbaycan sürücüsü polis nəzarəti olmadan qaydalara əməl edərmi? Əlbəttə, xeyr.
Asif Mərzili qeyd etdiyi ərazidə kamera olduğunu da vurğulayır. Amma işə baxın ki, bəzi sürücülər kameraların qarşısında da qayda pozur. Polis olanda qayda pozmasalar da, bunu həzm edə bilmirlər. Bəzilərinin düşüncəsinə görə, kamera da olmasın, polis də. Sürücülər də nə bilir eləsin. O zaman küçələrdə yaranacaq durumu təsəvvür etmək çətindir.
Bizim sürücü kütləsi sarı tordan, kameradan və yol polisindən çəkindiyi üçün qayda pozmur. Bunlar olmasa xaos yaranacaq. Necə ki, yaranır də. Məsələn, gəlin, sarı zolaq çəkilmiş hanslısa yolayrıcında dayanaq. Görəcəyik ki, qarşısda sıxlıq olduqda heç kim sarı zolağa daxil olmayacaq. Çünki bilirlər ki, cərimə yazılacaq. Amma sarı zolaq olmayan yerdə qarşıda sıxlıq olduğunu görə-görə yola daxil olub tıxac yaradan yüzlərlə sürücü var.
Gəlin görək, belə bir şəraitdə yol polisinin nəzarəti olmadan normal şəraitdən danışa bilərikmi?
Qəribədir, nədənsə belə mövzular həmişə kimsə cərimə olunanda, yəni, yol polisi onun mənafeyinə toxunanda gündəmə gəlir. Səbəbi bəllidir. Cərimənin acısı bəzilərinin canından gec çıxır. Elə isə acı çəkməmək üçün qayda pozmamaq lazımdır, cənablar.
Asif Mərzili yol polisini gündəlik 15-20 protokol yazmaq üçün göstəriş almaqda günahlandırır. Guya kimsə hər əməkdaşa 15 protokol yazmaq barədə göstəriş verib. Birincisi, Bakıda hər gün dövlət əhəmiyyətli tədbirlər keçirilir deyə yol polisləri bəzən saatlarla tədbirə cəlb olunur, bəzən isə sıxlıq vaxtı başladığı üçün yollarda gərgin iş prosesi başlayır. Belə olan halda hansı əməkdaşa gündəlik plan qoyulmasından danışmaq olar?
İllərin statistikası göstərir ki, xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan xətaların sayı inspektorların yollarda yazdığı protokolların sayından 1,5 dəfə çoxdur. Bu o deməkdir ki, bu gün yol polisinin cərimə yazmaq işini kamera və radarlar həyata keçirir, inspektorlar isə tədbirlərə və hərəkətin təşkilinə cəlb olunur. Cərimələrin 25 faizinin yol polislərinin maaşına hesablanmasına gəlincə, bunu cənab Prezident İlham Əliyev uyğun bilib. Səbəbi də odur ki, inspektorlar neqativ hallara yol vermədən qanundan kənar işlər görməsinlər. Bunun nəticəsidir ki, bu gün yol polisləri konkret qayda pozuntularına rast gəldikdə sürücüyə cərimə yazırlar. Əlbəttə, bu sahədə neqativ hallar da baş verir. Lakin cəzasız qalan yoxdur. Yetər ki, əsaslı dəlillər olsun, gerisini DİN və DYP rəhbərliyi həll edir. 
“Dünyanın yalnız Azərbaycan adlı ölkəsindədir ki, "QAİ" öz vəzifəsini protokol yazmaqda və cərimə toplamaqda görür” düşüncəsində olan Asif Mərzilinin diqqətinə yüzlərlə fakt təqdim edərəm ki, yol polisinin nələr etdiyini görməzlikdən gəlməsin. Bu gün yol polisi yollarda can qurtarır, yolda qalanın köməyinə yetişir, sükan arxasında ölümlə üzləşən insanları öz canı bahasına xilas edir. Bu faktlarla Avtosfer.az saytının “Yol polisi” bölməsində tanış olmaq mümkündür. Sosial şəbəkələrdə vətəndaşlar tərəfindən də yazılır, yayılır. DİN və DYP rəhbərliyinə təşəkkür məktubları gəlir. Əlbəttə, şikayətlər də var. Lakin narazılıq edəndə razı qalınan məqamları da bildirmək yerinə düşər. Yoxsa, yol polisinin fəaliyyətini kölgəyə almaq hadisələrə və görülən işlərə adekvat deyil.
Əsl vətəndaş mövqeyindən danışmaq fikrində olan Asif bəy öz yazılarında yaxşıları da qeyd etsəydi, daha münasib olardı və əsl vətəndaş mövqeyi kimi qəbul edərdik. İndiki halda isə polkovnik Vaqif Əsədov demişkən, onun yazısı qərəzlidir.


Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh