“Cərimələyirsən, yenə saxlayırlar” - 1 manatlıq taksilər yığışdırılsınmı? - VİDEO

Yazarlar 24 Sentyabr 2019 23:47 Oxunub 1684
“Cərimələyirsən, yenə saxlayırlar” - 1 manatlıq taksilər yığışdırılsınmı? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Məsafə uzaqdır deyə manatlıq taksi ilə getmək sərf edir"

Sumqayıt, Xırdalan və Abşeronun müəyyən ərazilərinə hər gün 1 manatlıq taksilər işləyir. Həmin taksilərin yolda 5-10 saniyə dayanması pik saatlarda hərəkətin intensivliyini, demək olar ki, iflic vəziyyətinə salır. ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

İllərdir müşahidə olunan bu mənzərənin qarşısını almaq üçün Bakı Nəqliyyat Agentliyi (BNA) "20 yanvar" dairəsi və ona yaxın ərazilərdə dayanma-durma qaydalarını sərtləşdirib. Bu qərarla qanunsuz sərnişin daşıyanlar ərazidən uzaqlaşdırılıb. Həmin nəqliyyat vasitələrindən istifadə edənlər isə küçələrdə qalıb.

Sakin: "Yol məsafə uzaqdır deyə manatlıq taksi ilə getmək sərf edir. Çox rahatçılıqdır".

Tətbiq edilən qayda "20 yanvar" metro stansiyası yaxınlığında sıxlığın azaldılmasına kömək etsə də, "Şamaxinka" kimi tanınan ərazidə köhnə mənzərə olduğu kimidir.

Taksi sürücüsü: "Guya biz nə qazanırıq, milyonları qazanmırıq ki, 1 manata işləyirik də. 1 manat çörəkpulu qazanırıq".

Mikroavtobus sürücüsü: "Bir az kənarda, hərəkətə mane olmayan yerdə müvafiq meydança yaradılsa, biz də rahat sərnişin yığıb çıxıb gedərik, belə vəziyyət də yaranmaz".

Avtobus sürücüsü: "Qardaş, bizi boğaza yığıblar. Vəziyyət pisdir. Onlar yolun kənarında saxlayırlar, biz də məcbur olub yolu kəsirik".

Elmar Əhmədov - BNA-nın əməkdaşı: "Sürücülər bizə məhəl qoymurlar. Bir dəfə keçirsən, saxlama deyirsən, cəriməliyirsən yenə saxlayırlar".

Rəsmi qurumlar Sumqayıt və ətraf ərazilərdə yaşayan sakinlərə avtovağzal ərazisindən istifadə etməyi tövsiyə etsələr də, buna çox az adam əməl edir. Mütəxəssislər deyir ki, əhalinin gur olduğu "20 yanvar" dairəsi və ona yaxın ərazidə xüsusi dayanacaqların yaradılmasına ehtiyac var. Bunun üçün isə müəyyən işlər görülməlidir.

Elməddin Muradlı - Ekspert: "Əhalinin ictimai nəqliyyata əlçatanlığını təmin etmək lazımdır. Mən demirəm onların iş yeri bağlansın. Bunun üçün baza, struktur qurulmalıdır. Yaxşı olar ki, bunlardan düzgün istifadə edilsin. Normal nəzarət olsa, təmiz yeni mikroavtobuslar və taksilər də işləsə problem yaranmaz".

Tətbiq edilən yeniliklərdən daha vacibi, mənzil başına çatmaq uğrunda küçələrdə mübarizə aparan o insanların, nəqliyyat şəraitinin yaxşılaşdırılmasıdır. Yaşanan mənzərə isə göz qarşısındadır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh