Bakıda atmosferə atılan tullantıların 80 faizi nəqliyyatın payına düşür - ETSN

Maraqlı 26 Sentyabr 2019 01:10 Oxunub 1281
Bakıda atmosferə atılan tullantıların 80 faizi nəqliyyatın payına düşür - ETSN
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İstər hibrid avtomobillərin daha geniş istifadəsinə əlverişli mühüt yaratmaqla əhalinin marağını artırmaq vacibdir

Atmosferin çirklənməsi xüsusilə də böyük şəhərlərdə yaşayan əhalini maraqlandıran və narahat edən mövzulardan biridir.

 

Avtosfer.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

 

O bildirib ki, əgər 70-80-ci illərdə şəhərlərdə atmosferi çirkləndirən mənbələr sırasında əsasən sənaye müəssisələri 70-80 faiz ilə üstünlük təşkil edirdisə, son onillikdə vəziyyət dəyişib və nəqliyyat sektoru Bakıda artıq əsas çirkləndiriciyə çevrilib:

 

"2005-ci ildə sənayedən olan tullantılar 53, nəqliyyatdan isə 47 faiz təşkil edirdisə, son illər vəziyyət tədricən dəyişib, hazırda nəqliyyatın payına 80 faizə yaxın tullantı düşür. Bu çirkləndiricilər əsasən azot oksidləri (NOx), dəm qazı (CO)kükürd qazı (SO2) karbohidrogenlər və digər maddələrdir.

 

Nəqliyyatdan fərqli olaraq əksər sənaye müəssisələrindən atmosfer havasına atılan tullantılar texnoloji, ekoloji qaydalara uyğun olaraq borular vasitəsilə müəyyən hündürlükdə atılırlar ki, bu da onların atmosferdə daha tez səpələnməsinə, bununla da konsentrasiyalarının nisbətən azalmasına imkan yaradır və belə müəssisələrin çoxu şəhərin kənarındadılar.

 

Nəqliyyatdan olan tullantıların spesifik bir tərəfi isə odur ki, onlar insanın birbaşa nəfəs aldığı təbəqəyə atılır. Buna görə də insanlara mənfi təsir effekti özünü daha qabarıq göstərir".

 

U.Tağıyeva bildirib ki, intensiv avtomobil hərəkəti olan şəhər küçələrində Neftçilər, Dərnəgül, Nobel prospekti, 20 yanvar dairəsi, Lökbatan dairəsi, Ukrayna dairəsi, Şərifzadə küçəsi, Xırdalan-Sumqayıt yolunda konsentrasiyalar qəbul olunmuş fon göstəricilərindən daha yüksək olur:

 

"Bununla yanaşı qeyd etmək lazımdır ki, istilik effekti yaradan qazların - karbon qazı (CO2), metan (CH4), azot oksidi (N2O) kimi qazların 15 faizi nəqliyyat sektorunun payına düşür.

 

Bütün bunları nəzərə alaraq, şəhərdə atmosfer havasının ekoloji vəziyyətini yaxşılaşdırmaq yollarından biri də zərərli tullantıları xeyli az olan alternativ nəqliyyat növlərinə üstünlük verilməsidir. Bu baxımdan Azərbaycanda istər elektromobil, istər hibrid avtomobillərin daha geniş istifadəsinə əlverişli mühüt yaratmaqla əhalinin marağını artırmaq vacibdir".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh