"Vətəndaşlar özləri sürücülərlə gizli telefon danışıqları aparırlar"- Vaqif Əsədov

Yol polisi 3 Oktyabr 2019 16:53 Oxunub 1633
"Vətəndaşlar özləri sürücülərlə gizli telefon danışıqları aparırlar"- Vaqif Əsədov
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Dayanma-durma tələbləri ilə bağlı BNA və biz bir sıra işlər həyata keçiririk"

Bakı-Sumqayıt şəhərlərarası işləyən mikro avtobuslar bir çox hallarda təhlükə mənbəyinə çevrilirdi. Hətta ötən illərdə insan tələfatı ilə də yadda qalan qəzalar, sürət yarışı yenə təkrarlanmaqdadır. Bildiyimiz kimi Bakı-Sumqayıt şəhərlərarası marşrutlar yalnız avtovağzaldan avtovağzala işləməli halda, 20 Yanvar və 3-cü mikrorayon dairəsi yaxınlığında saxlayaraq sərnişin düşürüb-mindirirlər.

Bununla bağlı Bakı Nəqliyyat Agentliyi açıqlamalarında belə halların tədricən yığışdırlacağını desə də, təəssüf ki, proses olduğu kimi davam edir.

Bir müddət öncə  Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Sumqayıt şəhərindən paytaxta və əks istiqamətdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə müraciət edib.

Müraciətdə deyilir ki, bu marşrut üzrə hərəkət edən avtobus və mikroavtobusların Alatava (Şamaxinka adlanan ərazi), 20 Yanvar və 3-cü mikrorayon dairəsi yaxınlığında saxlayaraq sərnişin düşürüb-mindirmələrinə icazə verilməyəcək.

Belə daşımalar yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə avtovağzaldan avtovağzala, yaxud bu şəhərlərdəki əmək və ya təhsil müəssisələri ilə bağlanmış müqavilə əsasında yerləşdikləri ünvana daşınmaqla servis xidmətləri həyata keçirilə bilər.

“Ümid edirik ki, paytaxtda nəqliyyat sıxlığının yaranmaması, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün sürücülərimiz müraciətimizə düşünülmüş şəkildə yanaşacaq, insanların həyat və sağlamlığı üçün təhlükə yaratmayacaqlar”.

Hafta.az -ın əməkdaşı bu gün həmin ərazidə olub. Gördüklərimiz onu deməyə əsas verir ki, hazırda 20 Yanvar və 3-cü mikrorayon dairəsi yaxınlığında saxlayaraq sərnişin düşürüb-mindirilmələr davam edir. Fotoşəkillərdən də bunu aydın görmək olar.

Hafta.az məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədova ilə əlaqə saxlayıb.

V. Əsədovun sözlərinə görə, “20 Yanvar” kimi tanınan ərazidə süni sıxlığın, tıxacların yaranmaması üçün dayanma-durma, parklanma tələblərinə nəzarət edilir, eləcə də sərnişinlərin daşınmasının yalnız Avtovağzal ərazisindən həyata keçirləcəyi planlaşdırılıb:

“Dayanma-durma tələbləri ilə bağlı BNA və biz bir sıra işlər həyata keçiririk. Sumqayıt marşrutları ilə bağlı qaldırdığınız məsələ barədə Yol Polisinə məlumat verəcəyik. Ola bilsin, polisin yoxluğundan sürücülər istifadə edirlər. Hər addım başı bir polis nəzarət etməli deyil. Sürücülərin, sərnişinlərinin özünün də marağı olmalıdır. Qanunla qadağandır olunub ki, həmin ərazilərdən sürücülər hərəkət etməsinlər. “Şamaxınka” ərazisində dayanan polis, “20 Yanvar” ərazisindən Bakı-Sumqayıt istiqamətində hərəkət edən sərnişin daşıyıcılarına  nəzarət edə bilməz ki... Vətəndaşlar özləri sürücülərlə gizli telefon danışıqları aparırlar. Bizim müraciətimiz insanlaradır ki, bu işdə özləri də mühafizəkar olmalıdırlar”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh