Nəqliyyat müfəttişi sürücünü qova bilərmi? – Hüquqşünas sərt danışdı

Gündəm 26 Aprel 2015 08:53 Oxunub 1675
Nəqliyyat müfəttişi sürücünü qova bilərmi? – Hüquqşünas sərt danışdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «Dövlətin verdiyi xidməti avtomobillə sanki cəngəllikdə vəhşi heyvan ovuna çıxıblar»

 

«Bunu qanunları tapdalamaq və insanların həyatı ilə oyun adlandırmaq olar»

 

Masazırdan Novxanı kəndinə gedən yolda Nəqliyyat Departamenti işçilərinin yük daşıyan «QAZ-24» markalı avtomobili təhlükəli şəkildə təqib etməsini, qəza şəraiti yaratmasını və digərləri üçün təhlükə törətməsini əks etdirən videomaterial ciddi rezonans doğurub. Amma bu dəfə də cəmiyyət nəqliyyat müfəttişlərinin əməllərini qınayıb bu mənzərədən dəşhətə gəlsə də, Nəqliyyat Nazirliyi hələ də susur. Məhz bu susmağın nəticəsidir ki, nəqliyyat müfəttişləri hər gün yollarda onlarla sürücünün həyatını təhlükəyə atır. Onların videolarını çəkmiş olsaq, geniş bir triller filmi meydana gələr…

Bu videoda baş verənləri bir-bir yazmağa ehtiyac yoxdur. Çünki artıq hər şey göz qabağındadır. Bir məqamı qeyd etmək lazımdır ki, bu qaçdı-qovdu oyununda «QAZ-24» «Kamaz»ın altında qala bilərdi. Onu bu faciədən bir an, saniyədən də az zaman xilas etdi.

Bu məsələnin hüquqi tərəfi də var. Ümumiyyətlə, nəqliyyat müfəttişlərinin hansısa sürücünü bu və ya digər şəkildə təqib etməsi, qovub təhlükəyə atması nə dərəcədə qanunauyğundur? 

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, nəqliyyat müfəttişlərinin minik avtomobilini təqib etməsini əks etdirən görüntülər sözün əsl mənasında özbaşınalıq və cəmiyyətə açıq hörmətsizlikdir: «Həm də, bunu Azərbaycan qanunlarını tapdalamaq və insanların həyatı ilə oyun adlandırmaq olar. Açığı, hər hansı dövlət qurumunda belə təfəkkürə sahib əməkdaşların olduğunu düşünməyin özü də çətindir. Amma fakt göz qabağındadır: dövlətin verdiyi xidməti avtomobillə sanki cəngəllikdə vəhşi heyvan ovuna çıxıblar. Əminəm ki, bu təfəkkür sahiblərinin fəaliyyətini araşdıran olsa, Cinayət Məcəlləsinin bir neçə maddəsinə istinadla cinayət işi başlatmaq olar».

Ərşad Hüseynov bildirib ki, hər hansı nəqliyyat vasitəsi yalnız “Polis haqqında” qanunda göstərilən konkret hallarda, özü də yalnız cinayət törədildiyi və ya cinayətin törədiləcəyinə əsaslı şübhələr olduğu halda təqib edilə bilər. Bu halda da müvafiq təhlükəsizlik qaydalarına riayət edilməklə təqibi yalnız polis əməkdaşları həyata keçirə bilərlər. Adi yükdaşıma qaydalarını pozmaya görə heç bir nəqliyyat vasitəsi heç kəs tərəfindən təqib oluna bilməz. 

Ümumiyyətlə, həmin kadrlarda görülən vəhşiliyə hüquq mühafizə orqanları tərəfindən hüquqi qiymət verilməlidir. Kadrlarda həm qanunsuz təqib, həm də bunun gedişində yol hərəkəti qaydalarının təqib olunan və təqib edən nəqliyyat vasitəsi sürücülərinin dəfələrlə kobud şəkildə pozduğu aydın görünür. Hətta bir neçə dəfə aşkar və olduqca təhlükəli qəza şəraiti yaradılır. Bütün bunlar öz hüquqi qiymətini almalıdır.

 

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh