Avtosfer.az | Reklam
Gürcüstanda 23 min dollara satılan bu maşın Azərbaycana 35 minə gəlir - Gömrükdə BİABIRÇILIQ
Avtoxəbər 19 Oktyabr 2019 01:43 2462 dəfə oxunub
Gürcüstanda 23 min dollara satılan bu maşın Azərbaycana 35 minə gəlir - Gömrükdə BİABIRÇILIQ
Elməddin Muradlı: "Avtomobillərin gömrük rüsumu aşağı salınmalıdır"

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 30 908 ədəd müxtəlif təyinatlı avtomobil idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 526 ədəd və yaxud 88,7 faiz (2 dəfəyə yaxın) çoxdur. Cebhe.info-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı gətirilən avtomobillərin əsasən “ikinci əl” və hibrid avtomobillər olduğunu deyib: “Xarici ölkədən Azərbaycana gətirilən avtomobillərin sayı artıb. Xüsusən “ikinci əl” avtomobillər gətirilir. Səbəb isə gömrük, ƏDV və aksiz vergilərinin artırılmasıdır. Məhz dövlət qurumlarının yarıtmaz siyasəti nəticəsində bu gün təzə avtomobil ala bilmirik. Orta təbəqədən olan adamların bəziləri yalnız Çin istehsalı olan avtomobillərin yenisini ala bilirlər. Maddi durumu aşağı olan insanlar isə xarici ölkələrdə qəzaya düşmüş, mənşəyi məlum olmayan işlənmiş maşınlar gətirirlər. Ona görə də gömrük rüsumlarına bir daha baxmaq lazımdır.

Bu yaxınlarda “Toyoto RAV-4”-ün təqdimatı keçirildi. Gürcüstanda 23 min dollara satılan bu maşının hibrid forması, Azərbaycana 35 min dollara gəlib çıxır. Ona görə də biz istifadə etmək üçün bu maşının işlənmiş formasının satışa çıxacağını gözləməli oluruq. Biz bunu Yaponiyadan daha ucuz gətirə bilərik. Amma bəzi adamlar öz maraqlarını qoruduqları üçün gömrük rüsumları hər il artır. Avtomobil məsələsində biz Gürcüstan bazarından asılıyıq. Bu gün elə vəziyyət yaranıb ki, 10 maşından biri gürcü nömrəsi ilə sürülür. Çünki gömrüyə verməyə pulu yoxdur və gedib Gürcüstandan alaraq gürcü vətəndaşının adına salır. Hər 3 aydan bir Gürcüstana gedərək qeydiyyat vaxtını təzələyirlər. Bu çox utanvericidir”.

Qeyd edək ki, son bir ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 261 ədəd və ya 3,4 dəfə artaraq 371 ədəd, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 13.145 ədəd və ya 1,9 dəfə artaraq 27.825 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 1.090 ədəd və ya 1,7 dəfə artaraq 2.597 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 30 ədəd və ya 1,35 dəfə artaraq 115 ədəd olub.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh