Avtomobil qaçıran şəxs sərhəddə saxlanıldı - FOTO

Gündəm 21 Oktyabr 2019 11:05 Oxunub 692
Avtomobil qaçıran şəxs sərhəddə saxlanıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi açılıb

Quba rayonunda avtomobil qaçıran keçmiş məhkum sərhəddə saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Avtosfer.az-a bildirilib ki, oktyabrın 16-da Quba rayonu, Püstəqasım kənd sakini Niyazi Abdullayev Quba Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək ona məxsus “VAZ-21011” markalı avtomobilin axşam saatlarında qaçırıldığı barədə məlumat verib.

Müraciətlə əlaqədar dərhal RPŞ-də araşdırmalara başlanılıb və nəqliyyat vasitəsi Sumqayıt şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 20 ilə yaxın müddətə həbs olunmuş 38 yaşlı Elnur Nöhbalayev tərəfindən qanunsuz olaraq ələ keçirildiyi müəyyən edilib. Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində E.Nöhbalayev Qazax rayonu ərazisində dövlət sərhədini keçmək istəyən zaman saxlanılaraq Quba RPŞ-yə gətirilib.

Dindirilmə zamanı cinayətkar şəxs törətdiyi əməlini etiraf edərək ələ keçirdiyi nəqliyyat vasitəsini Siyəzən rayonu ərazisində gizlətdiyini bildirib. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və nəqliyyat vasitəsi tapılaraq sahibinə təhvil verilib.

Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxsin başqa analoji cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh