“Tramvay və trolleybuslar sıxlığın qarşısını ala bilər” – Ekspert

Yazarlar 21 Oktyabr 2019 16:29 Oxunub 1601
“Tramvay və trolleybuslar sıxlığın qarşısını ala bilər” – Ekspert
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı şəhərində ictimai nəqliyyat dedikdə yalnız avtobuslar, taksilər, metro nəzərdə tutulmamalıdır

“Bakıda ictimai nəqliyyatda tramvay və elektriklə çalışan avtobusların istifadəyə verilməsi ilə bağlı müzakirələr gedir”.Bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. O bildirib ki, bu növ nəqliyyat vasitələrinin olması paytaxt yollarında sıxlığı azalda bilər: “Bu gün şəhərimizdə metro və müntəzəm marşrut xətt avtobuslardan başqa, ictimai nəqliyyat növləri yoxdur. Son vaxtlar dəmir yolu xətlərinin bərpası istiqamətində mühüm addımlar atılmaqdadır. Lakin əlavə ictimai nəqliyyat növlərinin yaradılması müasir dövrümüzün əsas çağırışlarındandır. Çünki indiki halda sərnişin axınının ancaq avtobus və metro hesabına qarşılanması ciddi çətinliklər yaradır. Bu gün avtobuslarda səfər sayı gündəlik iki milyon iki yüz min nəfərdir. Bu, çox ciddi rəqəmdir. Buna görə də, dövlət, avtobus şəbəkəsinin müasirləşməsi, göstərilən xidmətin səviyyəsinin artırılmasına çalışır. Bu gün əsasən, avtobus parkının müasirləşdirilməsi istiqamətində işlər aparılır. Amma tramvay və elektriklə çalışan avtobuslarla bağlı da müzakirələr gedir. Bu nəqliyyat növlərinin olması bir çox cəhətdən vacibdir. Ən əsası da, sıxlıqların azaldılması baxımından”.

Mövzu ilə bağlı Azadinform-a nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı danışıb. Onun sözlərinə görə, hazırda tramvay məsələsi aktual bir mövzudur: “Elektrik mühərrikli avtobusların gətirilməsi bir az uzun prosesdir. Amma tramvaylar vaxtı ilə Azərbaycanda olub, təcrübə var. Bunu davam etdirmək elə də çətin iş deyil. Amma bu infrastrukturu qurmaq, yaratmaq vaxt aparacaq. Bununla bağlı Prezidentin imzaladığı Dövlət Proqramında xüsusi olaraq qeyd olunub. Yəni “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda qeyd olunur ki, ekoloji cəhətdən təmiz ictimai nəqliyyat vasitələrinin gətirilməsi, stimullaşdırılması, bu infrastrukturun yaradılması aktual məsələdir. Amma kimlər, necə, nə zaman həyata keçirəcək, bu məlum deyil. Digər dövlət qurumları tərəfindən də bu sistemin yaradılması üçün istək var”.

“Tramvayların, trolleybusların ictimai nəqliyyat növü olaraq yaradılması, tez bir zamanda infrastrukturun qurulması Bakı şəhərində sıxlığın qarşısını ala bilər”, - deyən ekspert bildirib ki, bu nəqliyyat axınının seyrəlməsinə gətirib çıxara bilər: “Çünki insanlar ictimai nəqliyyatdan istifadə etdikcə, bunun üçün geniş imkanlar olduqca şəxsi nəqliyyat vasitələrindən istifadə edən insanların sayı azalacaq. Bu gün insanlar niyə şəxsi nəqliyyat vasitələrindən çox istifadə edirlər? Çünki onlar işə vaxtında çatıb-çatmamağa əmin deyillər. Beləliklə də yollarda sıxlıq yaranır, problemlər yaşanır. Bu baxımdan düşünürəm ki, bu gün ictimai nəqliyyat növlərinin tez bir zamanda tətbiqi vacibdir. Bu, həm də ətraf mühitin qorunması baxımından da önəmlidir. Bakı şəhərində ictimai nəqliyyat dedikdə yalnız avtobuslar, taksilər, metro nəzərdə tutulmamalıdır. Metro xətlərini yalnız yeraltı deyil, yerüstü də etmək olar. Yəni, dünyada belə bir standart yoxdur ki, metro yalnız yeraltı olmalıdır. Yerüstü stansiyalar da yaradıla bilər. Bu baxımdan düşünürəm bu istiqamətdə çox ciddi layihələr ortaya qoyulmalı, həyata keçirilməlidir”.

E. Muradlı əlavə edib ki, elektrik mühərrikli avtobuslar dünyanın bir çox ölkələrində istifadə olunur: “Amma qiyməti çox bahadır. Azərbaycanda avtobus infrastrukturu yeni-yeni qurulmağa başlayıb. Uzun illərdir köhnə avtobuslardan əziyyət çəkirik. Dövlət tərəfindən qayda qoyulub ki, yeni avtobuslar gətirilsin. Yeni avtobuslar hələ ki “dizel”lə işləyir. 2022-ci ildən başlayaraq qazla işləyən avtobuslara da olacaq. Amma elektrik mühərrikli avtobusların gətirilməsi arzu olunan olsa da, qiyməti çox bahadır. Bir çox ölkələr öz daxili istehsal hesabına bunu həyata keçirir. Hələlik “dizel”lə işləyən normal avtobuslarımız olsa, əhali yollarda qalmasa, bununla kifayətlənə bilərik. Amma gələcək illərdə əlbəttə ki, digər nəqliyyat növlərindən istifadə etmək olar. Düşünürəm ki, tramvay, trolleybus kimi nəqliyyat vasitələri yarandıqdan sonra avtobuslara tələbat çox olmayacaq. Tələbat çox olmadıqda əlbəttə ki, elektrikli mühərrikli avtobus almaq, onu uzun müddət istismar etmək daha faydalı olar”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh