Sığortadan pul ala bilmədikdə nə etməliyik? - VACİB MƏSLƏHƏTLƏR - VİDEO

Öyrənək 22 Oktyabr 2019 17:50 Oxunub 4685
Sığortadan pul ala bilmədikdə nə etməliyik? - VACİB MƏSLƏHƏTLƏR - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil sahibinin də təklifləri nəzərə alınmalıdır

Avtomobil qəzalarında ortaya çıxan ən aktual problemlərdən biri icbari sığorta məsələsidir. Hər il müəyyən məbləğdə pul ödədiyimiz sığorta şirkətləri bəzən heç bir əsası olmadan ödəniş etməkdən imtina edirlər. Bəzən də həmin proses o qədər uzanır ki, bütün vaxtımız sadəcə sənəd toplamaqla keçir. Elə sığorta şirkətləri də var ki, avtomobilin təmir olunması üçün lazım olan məbləğin cüzi bir hissəsini verərək məsuliyyətdən yayınırlar. Bəzən də sırf vətəndaşların qanunları az bilməsindən istifadə edilir. Bəs qəza zamanı sığorta məsələləri ilə bağlı hansı addımları atmalıyıq? Qəzaya düşən avtomobillər hadisə yerindən kənarlaşdırıldıqda bu ödənişin edilib-edilməməyinə təsir göstərirmi? Şirkətlər ödəniş etmədikdə və ya avtomobili lazım olan şəkildə təmir etmədikdə nə etməliyik? Bütün bu məsələləri sığorta eksperti İlkin İbrahimovla danışdıq.

Ekspert, Yeniavaz.com-a açıqlamasında bildirdi ki, avtomobillərin icbari sığortasında ən çox ortaya çıxan problem, şirkətlərlə avtomobil sahibləri arasında yaşanan qiymət problemidir: "Sığorta şirkətləri vətəndaşların şişirdilmiş qiymətlə müraciət etdiklərini qeyd edirlər. Vətəndaşlar isə avtomobilə dəyən zərəri qiymətləndirən zaman az məbləğdə özdənişlərin edilməsindən şikayət edirlər. İcbari sığortalar haqqında qanunda mübahisəli məqamlar var. Əvvəlcə onu qeyd edim ki, qanunda bildirilib ki, dəyən zərər sığortaçı şirkətin seçimi əsasında həyata keçirilir. Bu isə olduqca mübahisə doğuran mövzudur. Çünki, burada avtomobil sahibinin də təklifləri nəzərə alınmalıdır. Ona görə, qanun yenidən analiz edilib işlənməlidir".

İlkin İbrahimov bildirdi ki, sığorta şirkətlərindəki problemlərdən biri də rəsmi olmayan avtomobil servis nöqtələri vasitəsilə qiymət çıxarmalarıdır: "Bu da bəzi hallarda 30-40 faiz daha aşağı qiymətlə avtomobilə dəyən zərəri ödəmək cəhdlərini doğurur. Vətəndaşlar belə hallarla rastlaşdıqda məhkəməyə müraciət etməlidir. Mən təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bu tip məhkəmələrin əksəriyyətində vətəndaşların lehinə qərar çıxıb".

Sürücüləri narahat edən digər bir problem də qəza vaxtı avtomobillərin hadisə yerindən aparılıb-aparılmayacağı məsələsidir. Əksər hallarda qəza edən hər iki tərəf yolda tıxacın olmaması üçün avtomobillərini hadisə yerindən uzaqlaşdırırlar. Bu zaman isə sığorta şirkətləri ödəniş etməkdən imtina edirlər. Məsələ ilə bağlı sığorta eksperti dedi ki, icbari sığorta haqqında qanunda avtomobili qəza baş verən yerdən hərəkət etdirməmək kimi bir qanun yoxdur: "Sürücü əgər nəqliyyat hərəkətinin axınına mane olmursa avtomobilini saxlaya bilər. Ancaq, nəqliyyat hərəkətinə mane olursa avtomobili kənara çəkə bilər. Burada video və fotolar sübut vasitəsi kimi qəbul edilir. Qəza olan vaxt tərəflər hadisə yerinin ümumi görüntüsünü çəkə bilərlər. Bundan başqa da avtomobil sahibi qəza edən avtomobilini kənara çəkib sığorta şirkətinin əməkdaşını gözləyə bilər. Əgər sığorta şirkəti avtomobilin qəza yerindən uzaqlaşdırıldığı üçün ödəniş edilməyəcəyini bildirsə, belə halda DYP və ya DİN-nin sığorta şirkətinə verdiyi “forma 4” deyilən arayış təqdim edilməlidir. Həmin arayış qəzanın həqiqətən baş verdiyini təsdiqləyən sənəddir. Bu sənədlə sığorta şirkətindən deyilən bütün bəhanələrə  son qoyulur".

İlkin İbrahimov bildirdi ki,qanuna əsasən “forma 4” adlı sənəddə əgər hər şey qaydasındadırsa o zaman sığorta şirkətləri ödəniş etməkdən yayına bilməzlər. Hadisə yerindən yayınmaq isə, hadisə barədə polisə müraciət etmədən hadisə yerindən getməkdir. Hadisə zamanı vətəndaş sığorta şirkətini çağırır, ona bir ərizə verir və sığorta şirkəti “forma 4”lə bağlı DYP-yə sorğu göndərir. 10 gündən sonra vətəndaş DYP-yə yaxınlaşaraq sənədlərini götürməlidir.  Əgər dəyən zərər min manat məbləğinə qədərdirsə burada “forma 4” təqdim edilməyə bilər.

 

Fərid

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Nurhuseyn Xəlilov 22 Oktyabr 2019 18:00
Elə olmuyub axı