Sumqayıtın “importnu” avtobusları: sürücüləri və rəhbəri də xaricdən gətirək?

Gündəm 22 Oktyabr 2019 19:02 Oxunub 731
Sumqayıtın “importnu” avtobusları: sürücüləri və rəhbəri də xaricdən gətirək?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şikayət var

Sumqayıtda son zamanlar  görülən işlər təqdirəlayiqdir.  Amma bu işlərin sırasında hələ də öz həllini tapmayan problemlər mövcuddur. Bu mənada ictimai nəqliyyatda olan çatışmazlıqları qeyd etmək yerinə düşər. Düzdür, son illər şəhərin nəqliyyat infrastrukturu əhəmiyyətli dərəcədə yenilənib. Belə ki, istismar müddətini keçmiş nəqliyyat vasitələri yeni, müasir tipli avtobuslarla əvəzlənib.  

Lakin maraqlısı odur ki, dəyişən ancaq avtobuslardır, mövcud olan problemlər yenə də öz həllini tapmamış qalır. Axı sumqayıtlılar uzun illər istismarda olan sınıq-salxaq avtobusların yeniləriylə əvəz olunduğu gün çox sevinmişdi. Çünki, onlar sürücülərin  və idarəetmə sisteminin də  yenilənəcəyini xəyal edirdi. Amma nə fayda?!

Bu sırada sərnişinlərlə normal rəftarı bacarmayan, kobud şəkildə danışaraq istədiyi yerdə saxlayıb sərnişin götürən, telefonla danışan, siqareti-siqaretə calayan, nəqliyyat vasitəsini pis idarə edən sürücülər niyə inkişaf edə bilmir görəsən? Hətta bəzən sərnişinlər axşam saatlarında uzunmüddətli marşrut  gözləməli olurlar. 

Yeri gəlmişkən, məlumat üçün bildirək ki, 2015-ci ilin dekabr ayının 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradılıb. 2 oktyabr 2016-cı il tarixində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar qəbul edib. "Sumqayıt Nəqliyyat” MMC Sumqayıt nəqliyyatına nəzarət mexanizmini həyata keçirir. Yaradıldığı tarixdən bu qurumun gözlə görünən işi yalnız köhnə avtobusların yeniləri ilə əvəz edilməsi olub. Dəyişən heç nə olmayıbsa,  artıq günahı nəqliyyata rəhbərlik edənin səriştəsizliyində axtarmaq lazım gəlir. Bu quruma isə Xannı Rüstəmov rəhbərlik edir. Onun fəaliyyəti isə ancaq görüntü xatirinə reydlər keçirmək və bunu ictimaiyyətə ciddi bir tədbir kimi təqdim etməkdir. Mediadan isə ümumiyyətlə qaçır, telefon zənglərinə cavab vermir.

Son zamanlar Sumqayıt şəhərində sərnişindaşımada yol hərəkəti qaydalarının pozulması, faciəvi qəzalar, sürücülərin sərnişinlərlə kobud rəftarı, əlilliyi olan vətəndaşlara qarşı hörmətsizlik, o cümlədən nəqliyyat vasitələrinin dislokasiya ilə nəzərdə tutulmuş dayanacaqlardan kənarda saxlanması halları pik həddə çatıb.

Qeyd olunan şikayətlərə isə  Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov  isə hər dəfə özünə uyğun cavablar verərək bir növ canını qurtarmış olur. Ən gözəl halda isə  idarə rəisi belə halların heç vaxt olmadığını bildirir.

Əlil vətəndaşla kobud rəftar edən sürücünün şikayətinə Tofiq Saydımovun cavabı birmənalı şəkildə olmuşdu. "Əgər hansısa sürücüdən, yaxud nəqliyyat vasitəsindən şikayətiniz varsa, həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrə nişanını və qayda pozarkən şəklini çəkib bizə göstərin. Biz də lazimi tədbirləri görək və həmin sürücünü cəzalandıraq.” Çox rahat və dəqiq cavabdır. Bundan asan nə var ki,  piyada zolağının üstündə, həmdə işıqforun yaşıl işığında 7 nömrə üstünüzə gəlirsə, şəklini çəkin. Maraqlıdır, həmin anda insan öz canının hayında olarkən şəkil çəkmək, yaxud da nömrəsini qeyd etmək necə yada düşə bilər axı?! Və yaxud Sumqayıt Dəmiryol Vağzalına hərəkət edən ictimai nəqliyyat problemi barəsində ondan soruşarkən, xüsusən nə üçün cəmi 2 marşrut xəttinin şəhərin əsas strateji nöqtəsi sayılan dəmiryol vağzalından keçdiyini soruşduqda, T.Saydumov belə cavab vermişdi: "Bizim əhali hər şeyin rahatına öyrəşib. Vağzaldan azca aralıda dayanacaq var ki, həmin ərazidən bütün şəhəri əhatə edən marşrutlar keçir. Çox az məsafədə yolu piyada qət etməklə rahat vağzala çatmaq olar, həm də bədənləri açılar”. Dünyanın qabaqcıl ölkələri hələ illər öncə həqiqətən nəqliyyatın intellektual idarəetmə sisteminə keçərkən, Estoniyanın paytaxıtında, Lüksemburq ölkəsində ictimai nəqliyyat pulsuz olanda, BƏƏ-də Abu-Dabi və Dubay şəhərləri arasında 159 km məsafəni vaakumda hərəkət edən qatarla cəmi 12 dəqiqəyə qət etdikdə, bizim nəqliyyat rəsmisi də insanları idmana səsləyir, deyir piyada gedin, bədəniniz açılsın. Düşüncəsinə bir söz demirik, ümidvarıq saf niyyətlə deyir.

Xədicə Səxavətqızı

Xeberle.com

ŞƏRH YAZ
Ad

E-mail

Şərh