Avtomobilini ilk dəfə özü texniki baxışdan keçirən xanım sürücünün ETİRAFLARI

Yazarlar 4 Noyabr 2019 12:52 Oxunub 2527
Avtomobilini ilk dəfə özü texniki baxışdan keçirən xanım sürücünün ETİRAFLARI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu proseslərin hamısı cəmi 15-20 dəqiqəyə baş verdi, 20 manat 40 qəpik dövlət rüsumu ödədim

Mətbuatda, sosial şəbəkələrdə, gündəlik həyatımızda adətən problemlər, neqativ hallar barədə danışılır, müzakirələr aparılır. Bunun yaxşı tərəfi onların aradan qaldırılması, həll edilməsidir. Lakin həyat bütünlüklə neqativlərdən, problemlərdən ibarət ola bilməz. Mütləq yaxşı, ürəkaçan, təqdirəlayiq məqamlar da var. Düşünürəm ki, bunları da demək, təbliğ etmək lazımdır. 
Ötən gün mən yaxşı mənada təəcübləndim və yanıldığıma sevindim. Hər il olduğu kimi telefonuma idarə etdiyim avtomobilin texniki baxış müddətinin bitməsi barədə SMS gəldi. Əvvəllər bu xidməti sığorta şirkəti vasitəsilə həyata keçirirdim. Yəni, sığorta agenti maşınımı texniki baxışdan keçirirdi. Adəti üzrə bu dəfə də sığorta şirkətinə zəng etdim, lakin onlar artıq bu xidməti yerinə yetirmədiklərini bildirdilər. Digər sığorta şirkətlərinə zəng etdim və eyni cavabı eşitdim. Avtosfer.az saytı ilə əlaqə saxladım. Oradan da bildirdilər ki, artıq texniki baxışı müstəqil formada və müəyyən olunmuş məkana getməklə həyata keçirmək lazımdır və bunun başqa yolu yoxdur. Ünvan Maştağa qəsəbəsi.
Müstəqil formada texniki baxışdan keçmək məni qayğılandırdı. Etiraf edim ki, ağlıma yalnız bürokratik əngəllər, süründürməçilik, xeyli vaxt itkisi, yorğunluq, əsəbdən başqa bir şey gəlmədi. Amma bunu etməliydim.
Şənbə günü günorta saatlarında avtomobili texniki baxışa aparmaq qərarına gəldim. Zabrat dairəsindən sağa dönürsən, Maştağa körpüsünə çıxırsan, ilk işıqfordan sola dönürsən və texniki baxış məntəsindəsən. Ünvanı çox asanlıqla tapdım. Əvvəlcə avtomobildə lazım olan avadanlıqları yoxladılar, tibb çantası, üçbucaq və s. Cəmi 2-3 dəqiqə çəkdi. Sonra növbə ilə quraşdırılmış avadanlıqlara yaxınlaşaraq avtomobilin texniki sazlığı yoxlandı. Hər biri də 3-4 dəqiqə vaxt apardı. Qeydiyyat otağına gəldim, sənədlərimə baxıldı, rüsumu ödəməyə göndərildim. Rüsumu ödədikdən 30 saniyə sonra telefonuma avromobilimin texniki baxışdan keçməsi barədə SMS gəldi. Arayışda isə 2021-ci ilədək bu qanunun qüvvədə olduğu göstərilib.
Bu proseslərin hamısı cəmi 15-20 dəqiqəyə baş verdi. 20 manat 40 qəpik dövlət rüsumu ödəməklə avtomobilim 2 illik texniki baxışdan keçdi. Ödənişi karta etmək istədim. Amma nəğd ödəniş olduğunu bildirdilər. Bunu da önəmli hesab etmədim. İnanıram ki, kartla ödəniş sistemi bu qurumda da olacaq. 
Etiraf edim ki, heç gözləmədiyim mənzərə ilə rastlaşdım. Bəlkə mən xanım sürücü olduğuma görə hörmətlə yanaşdıqlarını düşündüm. Ona görə də ətrafımda müşahidə apardım. Digər insanlara da eyni münasibəti gördüm. Bəlkə bir çox sürücülər üçün bu proses adi hal ola bilər. Amma mən ilk dəfə müstəqil formada avtomobili texniki baxışdan keçirdiyim və bu cür ürəkaçan proseslə rastlaşdığım üçün bölüşməyi özümə borc bildim. 
Bu arada, mütləq qeyd edim ki, texniki baxış məntəqəsinin Maştağada olması yaxşı haldır. Şəhərdəki sıxlığı nəzərə alsaq bir də çox sayda maşının şəhərdə yerləşən məkana gəlməsi ürəkaçan mənzərə yaratmazdı. 
Sevindirici haldır ki, heç bir bürokratik əngəl, süründürməçilik, vaxt itkisi olmadan hər hası bir xidmətdən yararlana bilirik. İnsanlara bu cür şərait yaradan, yaratmaq istəyən, buna nail olan hər kəsə təşəkkür edirəm. Bu cür yaxşı halların digər qurum və fəaliyyət sahələrində də olmasını arzu edirik. 

 

Ümidə Qəhrəman

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh