BANM Polis Akademiyası ilə “İnformasiya təhlükəsizliyi” üzrə əməkdaşlığa başlayıb

Gündəm 7 Noyabr 2019 21:45 Oxunub 1757
BANM Polis Akademiyası ilə “İnformasiya təhlükəsizliyi” üzrə əməkdaşlığa başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Görüşdə hər iki təhsil müəssisəsinin nümayəndələri də iştirak ediblər

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyevlə görüşüb.

Görüşdə hər iki təhsil müəssisəsinin nümayəndələri də iştirak ediblər.

Görüşün məqsədi təhsil və elm sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, hər iki təhsil müəssisəsi, həmçinin onların elmi-pedaqoji kollektivləri arasında sıx əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılmasıdır.

Qonaqlar əvvəlcə BANM-in tədris binasında tələbələrin hərtərəfli təhsil alması üçün yaradılan şəraitlə, tədris otaqları, çoxfunksiyalı laboratoriyaları, muzey, server otaqları və idman zalları ilə yaxından tanış olublar.

E.Qasımov Ali Məktəbin yaranma tarixi, fəaliyyəti, əldə etdiyi uğurlar, tədris prosesi, yeniliklər barədə ətraflı məlumat verib. O bildirib ki, Bakı Ali Neft Məktəbində yüksəkixtisaslı ingilisdilli mühəndis kadrları hazırlanır.

Ali Məktəbdə beynəlxlaq tədris proqramlarına əsasən tədris aparıldığını qeyd edən rektor Böyük Britaniyanın Heriot-Vatt, ABŞ-ın Corc Vaşinqton Universiteti, İsveçrənin Cenevrə Biznes Məktəbi ilə sıx əməkdaşlıq edildiyini, tələbə və təcrübə mübadiləsi həyata keçirildiyini bildirib.

Bundan başqa, rektor BANM tələbələrinin nüfuzlu yerli və transmilli şirkətlərdə istehsalat təcrübəsi keçdiyini vurğulayaraq, məzunların hər birinin işlə təmin olunduğunu qeyd edib.

“Sizin rəhbərlik etdiyiniz Ali Məktəbdə də bu ildən “İnformasiya təhlükəsizliyi” ixtisasının tədrisinə başlanılıb. 2018-ci ildən etibarən Bakı Ali Neft Məktəbində də bu ixtisas üzrə qəbul həyata keçirilir. Qeyd edim ki, cari tədris ilində ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının ixtisas seçimi nəticəsində Bakı Ali Neft Məktəbinin 2 ixtisası - İnformasiya təhlükəsizliyi - 673,5 bal, Proseslərin avtomatlaşdırılması mühəndisliyi - 657,8 bal olmaqla, növbəti dəfə ölkə universitetləri arasında ən yüksək keçid balı olan ixtisasları olub”, deyə E.Qasımov əlavə edib.

O həmçinin, Azərbaycan Prezidentinin sərəncamına əsasən, bu il BANM-in yüksək bal toplayan 23 tələbəsinin Prezident təqaüdünə layiq görüldüyünü diqqətə çatdırıb.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyev Akademiyanın tarixi, fəaliyyəti, strukturu və xidmətləri haqqında ətraflı məlumat verib. BANM ilə Polis Akademiyası arasında əlaqələrin zəruriliyindən danışan rəis Azərbaycan vətəndaşına və dövlətinə xidmət edən mütəxəssislərin informasiya təhlükəsizliyi sahəsində biliklərinin artırılmasının vacib olduğunu deyib.

N.Əliyev bildirib ki, Polis Akademiyasında “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə əyani təhsilə kursantların qəbulu həyata keçirilir.

“Azərbaycanda informasiya təhlükəsizliyinin təmin olunmasının qanunvericilik bazasının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm qanunlar, normativ aktlar qəbul edilib və sərəncamlar imzalanıb. Bununla belə, hesab edirəm ki, informasiya təhlükəsizliyi və kibercinayətkarlıqla mübarizə sahəsində nəzəri biliklərin artırılması üçün bu sahədə mütəxəssislər hazırlayan ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi zəruridir”.

Sonda təcrübə mübadiləsi, məqsədyönlü işçi əməkdaşlıq proqramları ilə nəzərdə tutulan elmi-pedaqoji qrupların və tələbələrin mübadiləsi, tədris fənnlərinin proqramları, iş planları və təlim-tədris texnologiyaları, qarşılıqlı maraq kəsb edən digər məsələlər üzrə əlaqələrin intensivləşdirilməsi qərara alınıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh