Avtosfer.az | Reklam
Xoyskinin qardaşı nəvəsi Prezident İlham Əliyevə təşəkkür edib
Gündəm 8 Noyabr 2019 17:30 188 dəfə oxunub
Xoyskinin qardaşı nəvəsi Prezident İlham Əliyevə təşəkkür edib
Hər dəfə babamgilə gedəndə pianonun yanında oturub saatlarla bayrağımızı izləyirdim

"Azərbaycanın ilk bayrağını görənlərdən biri olduğum üçün çox xoşbəxtəm". 

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri, daxili işlər, hərbiyə, ədliyyə və xarici işlər naziri olmuş Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi Leyla xan Xoyski-Keykurun bildirib.

O, 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib: "Mənim evim kiçik Azərbaycandır. Ona görə də Azərbaycandan gələn hər kəsə qapımı açıb qucaqlayıram. Mən Azərbaycan bayrağını hər bir azərbaycanlıdan, bəlkə də, daha çox sevirəm. Deməli, Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fətəli xan Xoyski babam Adil xan Ziyadxanı fars dilini mükəmməl bildiyi üçün İrana səfir təyin etmişdi. Adil xan Ziyadxan Azərbaycanın üçrəngli bayrağını dizayn edən Əli bəy Hüseyinzadə ilə tez-tez görüşüb məsləhətləşirmiş. Həmin vaxt babam digər hökumət üzvləri ilə birlikdə dizayn edib hazırladıqları ilk beş üçrəngli Azərbaycan bayrağından birini özü ilə İrana aparmışdı. Uşaq da olsam, bugünkü kimi yadımdadır. Bir gün anamla babamı ziyarətə getmişdik. Babamgildə divarda üçrəngli, kənarları qızılı pullarla işlənmiş parça gördüm. Rəngləri o qədər gözəl idi ki... Xalalarım bayrağın ətrafına qızıl pullar tikmişdilər, kəpənək formasında ortadan büzmüşdülər, par-par parıldayırdı. Çox xoşuma gəldi. Evin ən gözəl yerində asılmışdı. Xalalarımdan nə olduğunu soruşanda bunun bizim bayrağımız olduğunu dedilər. İlk dəfə bayrağımızı onda gördüm. Hər dəfə babamgilə gedəndə pianonun yanında oturub saatlarla bayrağımızı izləyirdim". 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh