Avtosfer.az | Reklam
Böyük faciələrə "xırda" səbəb: Telefon və siqaret sürücünün diqqətini yayındırır
Yazarlar 15 Noyabr 2019 13:05 204 dəfə oxunub
Böyük faciələrə "xırda" səbəb: Telefon və siqaret sürücünün diqqətini yayındırır
Ekspert: "Sürücü belə hadisələr nəticəsində özünü qırağa çəkib deyə bilməz ki, “mən nə edirəmsə, özümə edirəm"

Başı telefona qarışan sürücü ağır qəzaya səbəb olub. Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb. Hadisə aeroport şosesində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan taksi sürücüsü qəfil qarşıda gedən avtobusa arxadan çırpılıb. Ardınca idarəetməni itirərək sağ, daha sonra sol tərəfdəki dəmir arakəsmələrə dəyib və dayanıb. Hadisə nəticəsində taksi sürücüsü xəsarət alıb. Qəzaya sürücünün mobil telefona başı qarışması səbəb olub. Sürücülərin diqqətini yayındıran və dəhşətli qəzalara səbəb olan hadisələrin yaşanmaması üçün geniş təbliğatlar aparılsa da,  bədbəxt hadisələrin ardı-arası kəsilmir. Əksər yol qəzalarının arxasında sürücülərin diqqətsizliyi və məsuliyyətsizliyi dayanır. Hadisə ilə bağlı Sherg.az-a danışan Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, sürücülərin ani olaraq diqqət yayınması böyük qəzalara səbəb olur: “Yol hərəkətinin təhlükəsizliyinə aid “2019-2023-cü illər Dövlət Proqramı”prezident tərəfindən təsdiqlənib. Bu sənədin üzərində müəyyən işlər gedir. Orada böyük bir bölmə “sürücü və nəqliyyat vasitəsi” terminini əhatə edir. Necə etmək lazımdır ki, bizdə etibarlı və peşəkar, həmçinin mədəniyyətli sürücü formuluna gəlib çataq? Ümumiyyətlə, bütün dünya ölkələrində yol nəqliyyat hadisələri olur. Amma elə hadisələr olur ki, onlar obyektiv səbəbdən yox, subyektiv səbəbdən baş verir. Subyektiv səbəb, yəni hadisələrin 70-80 faizi sürücülərin təsiri ucbatından baş verir. Çünki onlar yol hərəkəti qaydalarını pozmasalar da, hadisədən qaça bilərlər. Maariflənmə işi aparılmalıdır, peşəkar sürücü modeli bizdə yüksək səviyyədə olmalıdır. Yol hadisələrinin əksəriyyətinə səbəb olan sürücülər peşəkarlıq nöqteyi nəzərdən zəif olanlardır. Çünki peşəkar və etibarlı sürücü bilir ki, diqqəti başqa səmtə yönəltmək olmaz. Sürücülərin iki cür diqqəti var. Biri odur ki, mənalı olaraq insan öz məqsədi üçün nəzərdə tutduğu diqqətdədir. Yəni, yol nişanları və müəyyən hadisələrə yönələn diqqətdir ki, insan həmişə iradəsindən asılı olaraq bu diqqət formasında hərəkət edir. Diqqətin də həcmi, intensivliyi var.  Bir də var ki, passiv diqqət. Passiv diqqət isə insanın fikrinin iradəsindən asılı olmayaraq həyəcanlanma və emosiyalara uyğun bir istiqamətə yönəlməsidir. Passiv diqqətdən biri də sükan arxasında telefonla oynamaqdır. Maşını idarə edərkən telefonla oynamaq, siqaret çəkmək və yaxud müəyyən bir formada sürücünün diqqətini kənar yerlərə yayındırmaq çox təhlükəlidir. Sürücünün diqqəti ani olaraq yayınır passiv diqqət əmələ gəlir, bir neçə saniyədə reaksiya zəifləyir və hadisə baş verir. Ona görə  çalışmaq lazımdır ki, sürücülərdə passiv diqqət olmasın. Bu məsələlərdə sürücü peşəkarlılığı, etibarlılığı və mədəniyyəti vacibdir. Sürücülər bunların uğrunda mübarizə aparmalıdır. Ona görə də sürücülərin hazırlığı, maariflənməsi hər zaman olmalıdır”.

Ekspert bildirib ki, baş verən hadisədə sürücü yalnız özünə yox başqasında da ziyan edib: “Sürücü belə hadisələr nəticəsində özünü qırağa çəkib deyə bilməz ki, “mən nə edirəmsə, özümə edirəm”. Bu, hər birimizə təsir edən amildir. Maariflənmə işi və müəyyən təbliğatların aparılması vacibdir. Sürücülərlə söhbətlər aparılmalıdır. İndi bizdə bəzi taksi sürücüləri başlı-başına buraxılıb. Bizim nəqliyyat şəbəkəsində müxtəlif sektorlara məxsus nəqliyyat vasitələri işləyir. Həmin sürücülərin hərəsinin bir xüsusiyyəti var. Taksi sürücüləri sahibkarlara məxsus sektordur və yaxud şəxsi istifadəsi olan sürücülər ən çox hadisələri törədənlərdir. Bu hadisələr elmi cəhətdən araşdırılmalıdır, maariflənmə aparılmalıdır, tez-tez təbliğatlar aparılmalıdır ki, sürücülər belə məsuliyyətsizlik ilə digərlərinə də ziyan etməsinlər. “2019-2023-cü illər Dövlət Proqramı”nda bu məsələlər əks olunub. Amma nə qədər öz üzərimizdə işləməsək və məsuliyyət hiss etməsək, belə hadisələr artacaq. Bütün halların arxasında sürücü məsuliyyəti dayanır. Hər birimiz mübarizə aparmalıyıq və ictimai fikir formalaşmalıdır ki, sürücülər məsuliyyətli olsunlar”.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh