Coğrafiya İnstitutunun direktoru: Bakıda isti hava dalğalarının sayı xeyli artıb

Gündəm 20 Noyabr 2019 09:00 Oxunub 755
Coğrafiya İnstitutunun direktoru: Bakıda isti hava dalğalarının sayı xeyli artıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Müasir iqlim dəyişmələri dalğaların davamiyyətinin artmasına da səbəb olub”

Bakıda iqlim dəyişmələri fonunda isti hava dalğalarının sayı xeyli artıb, soyuq hava dalğalarının sayı isə bir qədər azalıb. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, 1961-1990-cı illərdə, yəni baza dövrünü əhatə edən 30 il ərzində Bakıda cəmi 2 isti hava dalğası qeydə alınıb və onların davamiyyəti 6 gündən çox olmayıb. Sonrakı 25 il ərzində isə 17 isti hava dalğası hadisəsi müşahidə edilib. Onlardan da 14-ü son 14 ildə baş verib.

R.Məmmədov əlavə edib ki, 1961-1990-cı illərlə müqayisədə 1991-2014-cü illərdə soyuq hava dalğalarının orta sayında nisbi azalma müəyyən edilib.

Akademikin bildirdiyinə görə, 1971-1990-cı illərdə soyuq hava dalğalarının sayı 58, son iki onillikdə isə 51 olub: “Müasir iqlim dəyişmələri dalğaların davamiyyətinin artmasına da səbəb olub”.

R.Məmmədov qeyd edib ki, baza dövründə Bakıda soyuq hava dalğalarının orta davamiyyəti 5,5 gün, maksimum 6 gün olduğu halda, 1991-2015-ci illərdə orta davamiyyət 7,3 gün, maksimum davamiyyət isə 2010-cu ildə 24 gün təşkil edib. Soyuq hava dalğalarının orta davamiyyəti baza dövründə 4,5 gün, ən uzun dalğanın davamiyyəti 31 gün (1972-ci il) təşkil etdiyi halda, son onilliklərdə orta davamiyyəti 4,4 gün, maksimal davamiyyət isə 21 gün (2012-ci il) olub: “İki dövrün müqayisəli təhlili göstərir ki, iqlim dəyişmələri fonunda isti hava dalğalarının davamiyyəti də xeyli artıb, soyuq hava dalğalarının orta davamiyyətdə azalması statistik əhəmiyyətli olmayıb. 1961-ci ildən 1978-ci ilədək isti hava dalğası qeydə alınmayıb. 1979-cu ildən 1997-ci ilədək cəmi 3 isti dalğa olub, son onilliklərdə isə Bakıda hər il isti hava dalğası müşahidə edilir. Ən güclü dalga 2010-cu ildə olub”.

Akademik bildirib ki, Bakıda isti hava dalğalarından fərqli olaraq, soyuq hava dalğalarının illər üzrə qeyri-bərabər paylanması müşahidə edilir: “İki dövr arasında aparılan təhlil göstərir ki, orta qiymətlərdə statistik əhəmiyyətli dəyişiklik yoxdur. 2008 və 2012-ci illərdə anomal soyuqlar müşahidə edilsə də, davamiyyəti və gücünə görə baza dövründəki 1969 və 1972-ci illərin qışı daha soyuq keçib”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh