Bakıda parkinq biabırçılığı

Gündəm 6 May 2015 16:34 Oxunub 1316
Bakıda parkinq biabırçılığı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bütün Bakı sürücüləri əliçubuqlu şəxslərin geri qayıtmasını arzulayırlar

Bir müddət əvvəl Bakıda dünyanın bir çox ölkələrində olduğu kimi parkinq işini tənzimləyən parkomatların quraşdırılması çox müsbət qarşılandı.

Şəhər sakinləri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən quraşdırılan yeni parkomatların paytaxtda nəqliyyatın hərəkətinə maneçilik törədən qanunsuz parkinqlər problemini aradan qaldıracağını, yolların kənarlarında nizamsız avtomobil saxlanacaqlarını bir daha görməyəcəklərini, bir sözlə Bakının Avropa şəhərlərinə bir addım da yaxınlaşacağını düşünməyə başladılar...

Lakin bütün bu düşüncələr elə arzu və istək olaraq qaldı...

Parkomatların quraşdırılmasından elə bir neçə gün sonra insanlar bütün bunların əhalidən daha çox pul qopartmaq üçün bir oyun olduğunu dərk etmiş oldu. Belə ki, parkomatlar şəhərin müxtəlif yerlərində, məhz tələb olunduğu yerlərdə deyil, demək olar ki, hər küçənin başında, hətta avtomobil saxlamağın qadağan olunduğu yerlərdə də quraşdırılmağa başladı.

Bakıda əvvəl əliçubuqlu şəxslər tərəfindən tənzimlənən, idarə olunan parkinqlər müasir, bahalı avadanlıq vasitəsilə, paytaxt meriyasının müasir geyimli gənc işçiləri tərəfindən idarə olunan parkinqlərlə müqayisədə el dili ilə desək “toya getməli oldu”.

Yuxarıda da qeyd etdiyimiz kimi, parkomatların harada gəldi və necə gəldi quraşdırılması (çoxları sosial şəbəkədə yayılmış, çölün düzündə yerləşdirilmiş parkomatın fotoşəklini xatırlayarlar) yollarda sıxlıq yaratmaqla bərabər, piyadaların hərəkətinə də çətinlik törətdi.

Ölkənin müvafiq qurumları illərdir ki, avtobus dayancaqlarında qanunsuz parkinqə qarşı mübarizə aparsalar da, Bakı meriyasının bir göstərişi ilə həmin ərazilərdə parkomatlar quraşdırıldı və avtobus dayanacaqlarında taksilərin dayanması bu yolla qanuniləşdi. Hazırda bir çox avtobus dayanacaqlarının yaxınlığında quraşdırılmış bu aparatlar ictimai nəqliyyatın dayanması üçün çətinlik törədir, bəzi yerlərdə isə parkomatlar dar səkilərdə quraşdırılaraq, piyadaların da işini çətinləşdirib.

Digər tərəfdən, parkomatların quraşdırılmasının bir səbəbi paytaxtda illik dövriyyəsi böyük məbləğ təşkil edən parkinqlərdən gələn pulun vergiyə tənzimlənəsi, vergiyə cəlb olunması idi. Yəni, əvvəllər əhalinin paytaxt ərazisində parkinqlərdə xərclədikləri pulun kimə və nəyə sərf olunması bəlli deyildi və parkomatların quraşdırılmasının ilk səbəbi də bu idi.

Lakin bu sahədə də Avropa standartları ilə idarəetmə çox çəkmədi – qısa bir müddətdən sonra nəzarətçi funksiyasını yerinə yetirən parkomat işçiləri sürücülərə pulu aparata daxil etməməyi, onlara verməyi təklif etməyə başladılar... “Parkomatı neyləyirsən, 1 manat ver mənə, avtomobili ürəyin istəyən qədər saxla, bir şey olsa mənlikdi” deyən nəzarətçilər... Həmin pullar isə əlbəttə ki, dövlətin büdcəsinə yox, ayrı-ayrı şəxslərin cibinə gedir.

Başqa bir məsələ isə həmin parkomatlarda saxlanılan avtomobillərin yol polisi tərəfindən haqlı əsaslarla evakuasiya edilməsidir.

Haqlı əsaslarla ona görə ki, Bakı meriyasının səriştəsizliyi ucbatından şəhərin dayanmaq üçün qadağan olunmuş ərazilərində quraşdırılan bu parkinqlər nəqliyyatın hərəkətinə maneçilik törədir, DYP isə yaranmış vəziyyəti aradan qaldırmaq üçün həmin ərazidə saxlanılmış avtomobili təxliyyə etməyə məcbur olur. Bu isə öz növbəsində sürücünün, vətəndaşın haqlı narazılığına səbəb olur.

Bir sözlə, dövlət başçısı tərəfindən tətbiqinə göstəriş verilən, məqsədi paytaxt Bakıda nəqliyyatın hərəkətini daha da tənzimləmək, parkinq mədəniyyəti formalaşdırmaq olan parkomatlar sadəcə qazanc mənbəyinə çevrildi.

Bu gün həmin parkomatların fəaliyyəti paytaxtda nəqliyyatın hərəkətinin normallaşdırılmasına töhfə vermək yox, sadəcə qazanc əldə etməkdir. Dünyanın bir çox ölkələrində parkomatlardan istifadə zamanı kart sistemi tətbiq olunur... Lakin Azərbaycanda, Bakıda...

Ötən il mətbuata açıqlama verən Bakı şəhəri İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəisi Həsən Abdullayev 2015-ci ilin əvvəlindən parkomatların nəzarətçisiz işləyəcəyini bildirmişdi. Lakin bu istiqamətdə hələ də bir irəliləyiş yoxdur.

Bu gün bir çox yerlərdə parkomat nəzarətçiləri axşam saat 6-7-dək fəaliyyət göstərir, həmin vaxtdan sonra isə onların yerini yenidən əliçubuqlu şəxslər tutmağa başlayır.

Həsən Abdullayev elə onda söz vermişdi ki, sürücülər gələn ilin əvvəlindən etibarən müvəqqəti ödənişli dayanacaqlarda ödənişlərini nağd yolla yanaşı, plastik kartlar vasitəsilə də edə biləcəklər və bundan əlavə, SMS xəbərdarlıq sistemi də fəaliyyətə başlayacaq. Lakin bu istiqamətdə də hər hansı bir irəliləyiş görünmür.

İş o yerə çatıb ki, bu gün demək olar ki, bütün Bakı sürücüləri köhnə əliçubuqlu şəxslərin geri qayıtmasını arzulayırlar. Bütün bunlar isə Avropanın ən müasir şəhərlərindən biri olan Bakıda baş verir.

Bəs görəsən Bakı sakinləri hansı günahlarına görə bütün bunlara dözməlidirlər? Parkomatlar dövlət hesabına, vətəndaşların hesabına alınıbsa, niyə bu günədək onlara xidmət etmir? Əgər sıravi bir sürücü bu gün parkomata 50 qəpik daxil edirsə - razılaşın ki, az məbləğ deyil – niyə bu məbləğ qarşılığında onun rahatlığı təmin edilmir?

Nə üçün Bakı meriyası bakılı sürücülərə ölkə vətəndaşları, paytaxt sakinləri kimi yox, adi qazanc mənbəyi kimi baxır? Görəsən bu sualların cavabı nə vaxt olacaq?

ŞƏRH YAZ
Ad

E-mail

Şərh