Yol hərəkətində insan hüquq və azadlıqları: həllini gözləyən problemlər

Yazarlar 9 Dekabr 2019 17:15 Oxunub 2703
Yol hərəkətində insan hüquq və azadlıqları: həllini gözləyən problemlər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol hərəkətində insan hüquq və azadlıqlarınının pozulması halları nədir? Bu necə tənzimlənməlidir?

Hüquqi, demokratik və vətəndaş cəmiyyətli dövlət quruculuğunda inamlı və qətiyyətli addımlarını atan müstəqil Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə qəbul etdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"ndan irəli gələn müddəalar 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyilə qəbul olunmuş, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın da başlıca qayəsini təşkil etdi.
Konstitusiyanın qəbul olunması siyasi sistemin müasirləşdirilməsi və demokratik institutların formalaşdırılması üçün zəmin yaratdı. Müxtəlif illərdə referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasına, vətəndaşların həyat səviyyəsinin təmin edilməsinə, demokratiyanın genişlənməsinə və inkişafına yönəlmişdir.
Yeni Konstitusiyamızın üçdəbir hissəsi insan hüquq və azadlıqlarına, onların təminatına həsr edilib.
Konstitusiyamızın 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququ vardır.
Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir. İstinasız olaraq hakimiyyətin bütün qollarına şamil edilən bu öhdəlik insan və vətəndaş hüquq və azadlıqlarına hörmət etmək, onları müdafiə etmək, dəstəkləmək, eləcə də həyata keçirmək vəzifələrini ehtiva edir.
Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil problemləri üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.


Yeni əsrin ilk illərindən Azərbaycan dövləti tərəfindən insan hüquqlarının qorunması, hüquq və azadlıqlarının təmin olunması sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Avropa Şurasına üzv qəbul olunduqdan sonra Azərbaycan "İnsan hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına" qoşuldu. Bu zaman o, öz üzərinə milli qanunvericiliyin beynəlxalq Avropa standartlarına uyğun təkmilləşdirilməsi öhdəliyini götürdü. Bu istiqamətdə atılan addımlardan ən mühümü Ombudsman təsisatının yaradılması idi. 2001-ci il dekabrın 28-də Milli Məclis tərəfindən "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu.
Məlum olduğu kimi, demokratik, hüquqi dövlətin, qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 27 dekabr 2011-ci il tarixdə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" qəbul olunub.

İnsan hüquq və azadlıqları bütün sahələrə aiddir. Bu təkcə siyasi, sosial müstəvidə deyil. Eyni zamanda cəmiyyətin digər sferalarını da özündə əks etdirir.

Hər birimiz bu və ya digər şəkildə yol hərəkəti iştirakçısıyıq. Deməli burada da hüquq və azadlıqlar mövcuddur. Çünki insan faktoru olan hər bir sahədə olduğu kimi yol hərəkətində də analoji hüquq və azadlıqlar var. Bəs görəsən yol hərəkətində insan hüquq və azadlıqlarınının pozulması halları nədir? Bu necə tənzimlənməlidir?

Hüquqşünas Ərşad Hüseynov hesab edir ki, istənilən hüquq qaydalarının pozulması ictimai maraqlara ziyan vurur. “Məsələn, piyada yolu müəyyən olunmamış yerdən keçir, amma yaxınlıqda avtomobil yoxdur. Yaxud sürücü yol tamamilə boş olduğu halda qırımızı işıqda keçir. Zahirən heç kimin hüquqları pozulmadı. Amma ümumilikdə ictimai qaydalar, sosial normalar pozulur. Bu özü potensial təhlükə mənbəyidir. Yəni konkret şəraitdə, konkret subyektin maraqlarına toxunmasa da ümumi ictimai maraqlara toxunur. Bu qaydaları pozmaqla istər piyada, istərsə də sürücü olsun digər insanların birbaşa olmasa da, dolayısı ilə hüquqlarını pozur. Düçünürəm ki, məsələyə bu cür yanaşılmalıdır.”

Ərşad Hüseynov hesab edir ki, istənilən halda qaydaları pozmaq olmaz. “Çünki həm konkret, həm də mücərrəd mənada qaydaları pozmaq ümumilikdə insan hüquq və azadlıqları prinsipləri ilə ziddiyət təşkil edir.”

Hüquqşünasın fikrincə, qayda pozulması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi prosesində müxtəlif hüquq pozuntuları var. “Bunun ən aşağı forması vaxtın itirilməsidir. Həmçinin maddi zərər edə bilər. Ən pis halda isə xəsarət alma və həyatı itirmədir ki, bu da real olaraq hüquq pozuntularıdır.”

Bir çox hallarda sürücülərın qaydaları kobud şəkildə pozması və məsuliyyətdən yayınma halları da baş verir. Belə ki, ərazidə yol polisi əməkdaşı, yaxud texniki vasitə yoxdursa sürücü sanki özünün qayda pozmaqda haqli hesab edir. Digərlərinə maneə, bəzi hallarda təhlükə yaradır ki, sonda da qəzalar baş verir. Bəs bu cür hallarda pozulmuş hüquqlar necə bərpa olunur? Qayda pozan sürücülər cəzasız qalırmı?

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirir ki, yol hərəkətində bir iştirakçının digərinin hüquqlarını pozmasının qarşısının alınması, həmçinin pozulmuş hüququn nəticəsində cəza mexanizminin icra olunması yol polisinin üzərinə düşür. “YPX əməkdaşları həm birbaşa ərazidə xidmət aparan zaman, həm də xüsusi texniki vasitələrin köməyi ilə qayda pozan sürücüləri aşkar edir. Amma polis bütün küçə və prospektlərdə eyni vaxtda ola bilməz. Həmçinin bütün şəhərdə xüsusi texniki vasitələr yoxdur. Bu zaman vətəndaşların sosial məsuliyyəti köməyə çatır. İstər mətbuat, istərsə də sosial şəbəkələr vasitəsilə vətəndaşlar tərəfindən çəkilmiş və paylaşılmış foto və video görüntülər yol polisi tərəfindən mütamadi olaraq izlənilir. Nəticədə qayda pozaraq digərlərinin hüquq və azadlıqlarını məhdudlaşdıran sürücülər aşkar edilərək cəzalandırılır.”

Vaqif Əsədov hesab edir ki, ilk növbədə sürücü özü məsuliyyətini dərk etməlidir. “Bəzən qayda pozan sürücülər özlərini haqlı hesab edirlər. "Yol boş idi, tələsirdim, xəstəm var" kimi bəhanələr gətirirlər. Təbii ki, insani amillər bir çox hallarda nəzərə alınır. Amma evdə xəstəsi olduğu üçün qayda pozaraq digər bir sürücünün qəza törətməsinə səbəb olaraq onu xəstəxanaya göndərən sürücünün bu bəhanəsi necə qəbul oluna bilər? Yaxud da yol təyin olunmamış yerdən keçən piyada sürücü tərəfindən vurulursa, xəsarət alırsa, özü ilə yanaşı həmin sürücünü də bəlaya salır. Ümumiyyətlə ilk növbədə məsuliyyətli olmaq və öz azadlığının digərlərinin hüquqlarının başladığı yerdə bitdiyini anlamaq lazımdır.”

Yol hərəkətində hüquq və azadlıqların pozulması təkcə piyada və sürücülərin qaydaları pozması deyil. Həmçinin dövlət qurumlarının da məsələyə adekvat yanaşmasından irəli gəlir. Əgər yaradılan şərait qaneedici deyilsə, o zaman baş verən bəzi qəza hadisələrinin məsuliyyəti də aidiyyəti dövlət qurumunun üzərinə düşür.

Odur ki, dövlət qurumları yol hərəkəti təhlükəsizliyi məsələsinə xüsusilə diqqətli yanaşmalıdırlar. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu məsələyə xüsusi diqqət ayrılır. Bu həm yol insfrastrukturunun yaxşılaşdırılması, həm də ictimai nəqliyyatın təkmilləşdirilməsi istiqamətindədir. 2018-ci ilin dekabrında Prezident İlham Əliyev tərəfindən təsdiq edilən Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı bu sahədə xeyli dəyişiklikləri nəzərdə tutur. Bütün bu addımlar isə insanların daha rahat yol hərəkəti iştirakçısı kimi fəaliyyətinə hesablanıb. Amma bu sahədə bir sıra problemlər də var ki, həllini tapmalıdır. Çünki məhz bu problemlər insanların hüquq və azadlıqlarını məhdudlaşdırır. Avtobus parkının yenilənməsi, dayanacaqların düzgün quraşdırılması, yol nişanlarının düzgün yerdə olması, həmçinin yol hərəkətinin təşkili kimi məsələlər var ki, bunların hamısı problemlər sırasındadır. Məsələn, dayanacaq elə yerdə quraşdırılıb ki, avtobusun hərəkət trayektoriyasına düşmür. Avtobus sürücüsü də məcbur olub dayanacaqdan kənarda saxlayır. Bu da sərnişinlərin yola çıxması, bəzi hallarda qəza hallarına səbəb olur. Yaxud yolun təmiri zamanı müvəqqəti yol nişanları quraşdırılır. Təmir bitdikdən sonra nişanlar götürülmür. Bu da sürücüləri çaşdırır. Bəzən isə təmir zamanı yola müvafiq nişanlar qoyulmadığı üçün maşınlar qəzaya düşür, insanlara maddi və mənəzi ziyan dəyir, ağır xəsarət alanlar olur. Bu kimi yüzlərlə sadalanası problemlər var ki, aidiyyəti dövlət qurumları bunu nəzarətdə saxlamalıdır. Amma məsələ yalnız sosial şəbəkələrdə, yaxud mətbuatda dərc ediləndən sonra qurumlar hərəkətə keçir. Həmçinin gərək hansısa qəza baş versin, xəsarət alan olsun, ondan sonra bu problem həll olunsun. Məsələn, dəmir yolu keçidlərində şlaqbaum məsələsi illərdir var idi. Amma qəza baş verdi, neçə nəfər həyatını itirdi, yaralandı sonra problemin həllinə başladılar.

Hər bir Azərbaycan vətəndaşının qanunla müəyyən edilmiş qaydada geniş hüquqları var. Onlardan biri insanların rahat və təhlükəsiz yoldan istifadə etməsidir. Amma yollarımızda bəzən xeyli problemlərin şahidi oluruq. Bəzi məhəllədaxili yollar var ki, orada yoldan danışmağa belə dəyməz. Yollarımızın hələ də tam işıqlandırılmaması də pozulan hüquqlardan biridir. Deməli, bəzi qurumlar insanların hüquqlarını kobud şəkildə pozur.

10 ilə yaxındır Yol hərəkəti haqqında qanunda qeyd olunur ki, nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanları DYP-nin interner resurslarında və Qeydiyyat-imtahan şöbələrinin girişində tablolarda satışa çıxarılmalı, insanlar da hansı nömrələri istəyirsə onlayn qaydada ödəniş edib onu ala bilməlidir. Amma DYP bu sistemi hələ də qura bilməyib.

Bakıda parklanma ilə bağlı sürücülər üçün normal şərait yaradılmadan onların kütləvi şəkildə cərimələnməsi düzgün yanaşma deyil. Bu məsələlərə dair verilən təkliflər ciddi təhlil edilməli və insanların rifahına uyğun addımlar atılmalıdır.

Yol hərəkətində hüquq və azadlıqların pozulmasında ən böyük məsələlərdən biri də piyadalarla bağlıdır. Təssüf ki, son illərdə piyadaların öülümü ilə nəticələnən yol qəzaları ümumi qəzaların 70 faizini təşkil edir. Bu isə çox bpyük bir rəqəmdir. Əsas problem isə istənilən halda sürücünün məsuliyyətə cəlb edilməsidir. Əgər piyada müəyyən olunmayan yerdən keçmirsə və sürücü onu vurursa burda sürücünün hansı halda günahı ola bilər? Təsəvvür edin ki, saatda 120 km sürətlə hərəkətdə olan avtomobilin qarşısına qəfildən piyada çıxır. Sürücünün isə iki yolu var. Ya piyadanı vurmalı, yaxud da özü qəza törətməlidir. Hər iki halda yenə sürücünün hüquqları pozulur. Təbii ki, burda piyada keçidlərinin azlığı da mühüm rol oynayır. Amma nəzərə alanda ki, Nobel prospektində yürüstü piyada keçidinin altından yolu keçirlər bu məsələ də əhəmiyyətini qismən itirir.

Sonda qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Dövlət Proqramının əsas məqsədi yol-nəqliyyat hadisələrinin, xüsusilə də ölümləvə sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının, habeləölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görməkdir.

Bunun üçün də Azərbaycan Respublikasında “təhlükəsiz yol hərəkəti sistemi”ni yaratmaq üçün yol hərəkətinin təhlükəsizliyi sahəsində idarəetmənin təkmilləşdirilməsi, yol hərəkətinin təhlükəsizliyi sahəsində müasir innovativ metodların tətbiq edilməsi, yol-nəqliyyat sisteminin təminatçılarının və yol hərəkəti iştirakçılarının hüquq və vəzifələrinin, onların məsuliyyət hədlərinin dəqiq müəyyən edilməsi, yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə, təbliğat və təşviqat işinin təkmilləşdirilməsi və yol hərəkəti və nəqliyyatdan istifadə mədəniyyətinin artırılması kimi tələblər qarşıya qoyulub. Bütün bunlar isə ilk növbədə insan hüquq və azadlıqlarının təmin olunmasına hesabıanmış zəruri addımlardır. Qalır bu prosesləri vicdanla yerinə yetirmək.

 

Qeyd: "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" 

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh