DYP-dən xəbərdarlıq: “Bu, yolverilməzdir”

Yol polisi 20 Dekabr 2019 14:15 Oxunub 1398
DYP-dən xəbərdarlıq:  “Bu, yolverilməzdir”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyadalar yalnız səki üzərində dayanmalıdırlar

Aparılmış təhlillər göstərir ki, son dövrlərdə baş vermiş yol-nəqliyyat hadisələri içərisində piyadaların vurulması halları üstünlük təşkil edir. Piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrin qarşısının alınması üçün bir sıra tədbirlər görülsə də, bu kimi halların sayında azalma deyil, artım müşahidə edilir. Bəs bu halların qarşısının alınması üçün hansı addımlar atılmalıdır? Dövlət Yol Polisi hansı tədbirləri görür? Piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün nə etməliyik?

Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-ın bütün suallarını Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyevə cavablandırıb.

R.Quliyev mövcud məsələ ilə bağlı saytımıza verdiyi açıqlamasında maarifləndirmə tədbirlərinin mütəmadi olaraq aparılmasının önəmli olduğunu bildirib:

“Maarifləndirmə yolu ilə piyadaları və sürücüləri bədbəxt, xoşagəlməz hadisələrdən qorumaq yol polisinin əsas funksional vəzifələrindən biridir. Təbii ki, bu sahədə mövcud vəziyyət bizi qane edə bilməz. Odur ki, bir daha piyadalara üz tutub bir sıra vacib tövsiyələri onların diqqətlərinə çatdırmaq istəyirik”.

Polis polkovnik-leytenantı onu da qeyd edib ki, birmənalı olaraq piyadalar onlar üçün nəzərdə tutulan keçidlərdən istifadə etməlidirlər:

“İlk növbədə piyadalar yolu keçərkən diqqətli olmalı, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməli və yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsi ilə hərəkət etməməlidirlər. Günün qaranlıq vaxtı, eləcə də, məhdudiyyətli görünmə şəraitində üzərində işıqqaytarıcı elementlər olan əşyalardan istifadə etməli, əlvan geyimlərə üstünlük verilməlidir”.

Şöbə rəisi dayanacaqların yaxınlığında yolun hərəkət hissəsində dayanan piyadalarla bağlı məsələyə də aydınlıq gətirib:

“Digər aktual olan məsələ, piyadaların ictimai nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş dayanacaqda olarkən yolun hərəkət hissəsinə çıxmaqla avtomobillərin normal hərəkətinə maneə yaratmasıdır. Bu həm nəqliyyat vasitələrini idarə edən sürüclərə qarşı, həm də piyadaların öz həyatlarına qarşı riskdir. Bir daha bildiririk ki, bu cür dayanacaqlarda yolun hərəkət hissəsində dayanmaq yolverilməzdir və olduqca təhlükəlidir. Piyadalar yalnız səki üzərində dayanmalıdırlar”.

Sonda Rüfət Quliyev piyadaları qaydalara əməl etməyə çağırıb:

“Hörmətli piyadalar, yol hərəkəti zamanı diqqətli olmağı və bu prosesdə fərdi məsuliyyət hissini unutmamağı sizdən xahiş edirik. Qaydalara əməl edərək, həyata dəyər verək”.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh