Azərbaycanla Rusiya arasında Samur körpüsünün açılışı olub - FOTO

Yeniliklər 24 Dekabr 2019 14:00 Oxunub 1164
Azərbaycanla Rusiya arasında Samur körpüsünün açılışı olub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Layihəyə uyğun olaraq iki il ərzində inşası başa çatdırılaraq istifadəyə verilib

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası sərhədindən keçən Samur çayının üzərində tikilən yeni avtomobil körpüsü istifadəyə verilib. Avtosfer.az-ın məlumatına görə, körpünün açılış mərasimində Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Quba, Qusar və Xaçmaz rayonlarının icra hakimiyyətlərinin rəhbərləri, Rusiya İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və başqaları iştirak edirlər. Açılış mərasimində Azərbaycan və Rusiya arasındakı uzunmüddətli dostluq və əməkdaşlıq münasibətlərindən danışılıb, həyata keçirilən infrastruktur layihələrinin bu əlaqələrin daha da genişləndirilməsi baxımından mühüm rolu qeyd edilib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2013-cü ildə Azərbaycana rəsmi səfəri zamanı digər sənədlərlə yanaşı, Samur çayı üzərində yeni körpünün tikintisi üzrə hökumətlərarası saziş imzalanıb. İnşaat işlərinin xərclərinin 50 faizi Azərbaycan, 50 faizi isə Rusiya hökuməti tərəfindən ödənilib. Müasir standartlara cavab verən yeni körpü 1957-ci ildə inşa olunmuş köhnə tikilini əvəzləyir. Körpünün uzunluğu 325,3 metr, eni 17,3 metrdir. Körpü üç zolaqdan ibarətdir. Samur çayı üzərindən körpünün açılması nəqliyyat vasitələrinin sərhəd keçidlərindən tez buraxılmasını təmin edəcək ki, bu da iki ölkə arasında daşımaların həcminin artmasına xidmət göstərəcək. Bununla da sahibkarlarımızın Rusiyaya yük daşınmasına sərf etdikləri vaxt kifayət qədər azalacaq. Bu isə həm xərclərin azalmasına, həm də ölkələr arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq. Bundan başqa, çayın hər iki tərəfində qohumluq əlaqələri olan insanlar yaşadığından körpü həm də böyük sosial əhəmiyyətə malikdir.

Xatırladaq ki, Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü il sentyabrın 13-də imzalanıb. Körpünün tikintisinə 2017-ci il oktyabrın 18-də başlanılıb və layihəyə uyğun olaraq iki il ərzində inşası başa çatdırılaraq istifadəyə verilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh