“Bunları biz desək, onda deyəcəklər ki, yol polisi özü öz fəaliyyətini tərifləyir...”

Yol polisi 28 Dekabr 2019 18:45 Oxunub 1095
“Bunları biz desək, onda deyəcəklər ki, yol polisi özü öz fəaliyyətini tərifləyir...”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bizdə yol polisiylə bağlı baş verən belə hadisələr nəinki qardaş Türkiyədən, bütün ölkələrdən öndədir"

Xəbər verdiyimiz kimi qardaş Türkiyədə yol polisi əməkdaşları sürücüyə cərimə yazıblar və sonradan onun şəhid atası olduğunu biləndə yazdıqları cəriməni özləri ödəyərək şəhid atasından üzr istəyiblər. 

Bəs görəsən, bizim yol polisləri nə vaxtsa belə bir jest edibmi şəhid atasına və ya qardaşına? Edibsə, niyə bu günə kimi ictimailəşdirilməyib?

Avtosfer.az xəbər verir ki, Moderator.az-ın sualını cavablandıran Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bu kimi hallarla polis əməkdaşlarının həmişə rastlaşdığını deyib:

“İlk öncə sizləri Dünya azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə təbrik edirəm. Mənə elə gəlir ki, yol polisiylə bağlı belə hadisələr daha çox baş verir. Hesab edirəm ki, bizdə yol polisiylə bağlı baş verən belə hadisələr nəinki qardaş Türkiyədən, bütün ölkələrdən öndədir. Yəni Azərbaycan polisində olan o hümanistlik, diqqət və qayğı mənə elə gəlir ki, hər şeydən yüksəkdi. Bu gün Azərbaycan polisinin ictimaiyyətin rəğbətini qazanmaq və özünü sevdirmək, vətəntaş məmnunluğunun təmin edilməsi üçün etdikləri göz qabağındadır”.

V.Əsədov belə maraqlı hadisələrin mediada işıqlandırılmamasına da aydınlıq gətirib:

“Bu bizim mentalitetimizlə bağlıdır. Təsəvvür edin ki, dünən bir avtomobil yolda qaldığı üçün polis əməkdaşı sürücüyə kömək edərək avtomobili yolun hərəkət hissəsindən uzaqlaşdırıb. Bundan əvvəl yolun ortasında bir çuxur yaranıb və əməkdaşımız bel taparaq həmin yeri doldurub. Bunları biz desək, onda deyəcəklər ki, yol polisi özü öz fəaliyyətini tərifləyir. Əslində bunu sizlər və cəmiyyət yazmalıdır. Bu gün kimin nə problemi olursa, ilk olaraq polis yada düşür. Vətəndaşlarımızın məmnunluğu artıq yüksək səviyyədədir. Mən də bu gün Azərbaycan polisi olmaqdan qürur duyuram, sevinirəm ki, şərəfli bir peşə sahibiyəm və Azərbaycan kimi tanınmış bir dövlətin polis sıralarında xidmət edirəm”. 

Gültən Qədirli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh